15/12/2018 16:08
728 x 90

ABŞ təyyarədaşıyanı Fars körfəzində, İran sualtı qayıqları çoxaldır, Hörmüz boğazına nəzarəti kim ələ keçirəcək...

Gözlənilən ABŞ-İran savaşı başlanır

img

Son günlərin ən çox diqqət çəkən olaylarından biri də ABŞ və İran arasında gərginləşən münasibətlər fonunda tərəflərin bir-birinə yönəlik hərbi hədələrinin artmasıdır. Bu məqam, xüsusən İranın ən yüksək səviyyədə Hörmüz boğazı ilə bağlı hədələrindən sonra daha da aktuallaşıb. İran prezidenti Həsən Ruhani bildirib ki, ölkəsi ABŞ tərəfindən neft ixrac etmək imkanından məhrum edilərsə, Tehran Fars körfəzindən xammalın çatdırılması yolu olan Hörmüz boğazını bağlayacaq: “Bir gün Birləşmiş Ştatlar İranın neft ixracını bloklamaq qərarına gəlsə, Fars körfəzindən neft daşınmayacaq”.

Xatırladaq ki, Həsən Ruhani eyni təhdidlərlə ABŞ prezidenti Donald Trampın Birləşmiş Ştatların İran və dünyanın altı qüdrətli dövləti arasında 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxdığını elan etməsindən sonrakı dövrdə də çıxış edib.  Mötədil siyasətçi hesab edilən Ruhaninin kəskin mesajı ölkə daxilindəki sərt xətt tərəfdarı rəqiblər tərəfindən razılıqla qarşılanıb. Qeyd edək ki, Oman körfəzi ilə Fars körfəzi arasında yerləşən Hörmüz strateji əhəmiyyətli boğazdır. Bu boğaz neft ixrac edilən Fars körfəzindən açıq okeana yeganə dəniz çıxışıdır və dünyanın strateji cəhətdən ən mühüm nöqtələrindəndir. Dünya üzrə ixrac edilən neftin 20 faizi Hörmüz boğazı vasitəsilə daşınır. Boğaz, həmçinin, körfəz ölkələrində hasil olunan neft və qazın ABŞ, Yaponiya və Avropa ölkələrinə çatdırılması üçün yeganə marşrut yoludur. ABŞ isə İranın boğazı bağlamasına yol verməyəcəyini açıq bəyan edir.

ABŞ-ın İranla bağlı siyasət üzrə xüsusi nümayəndəsi Brayan Huk Ruhaninin təhdidlərinə əhəmiyyət verməyərək, Tehranın Hörmüz boğazına nəzarət etmədiyini bildirib: “Boğaz beynəlxalq su yoludur. Birləşmiş Ştatlar naviqasiya azadlığını və beynəlxalq sularda azad ticarəti təmin etmək məqsədilə tərəfdaşlarımızla birgə işi davam etdirəcək”. Amma görünən həm də budur ki, ABŞ işini ehtiyatlı tutmağa çalışır.  Belə ki, Pentaqonun strateqləri Fars körfəzinə hərbi donanma göndərib. Artıq “Con C. Stennes” adlı nəhəng təyyarədaşıyan gəmi başda olmaqla, ABŞ-ın hərbi donanması Fars körfəzinə daxil olub. Bütün bunlar isə tərəflərin addımlarının hərbi münaqişə həddinə gətirib çıxaracağı ehtimalını artırır. Bu fonda İranın Fars körfəzi sularına 2 yeni hərbi gəmi və 1 sualtı qayıq çıxarması da təsadüfi deyil.

Son məlumiatlara görə, ABŞ Hörmüz boğazı, eləcə də İranın yeni raket sınağı keçirməsini BMT Təhlükəsizlik Şurasına da  çıxarmaq qərarına gəlib.

ABŞ mətbuatının məlumatına görə, hazırda ABŞ BMT Təhlükəsizlik Şurasının üzvləri ilə danışıqlar aparır və məsələnin qapalı iclasda müzakirəyə çıxarılmasını istəyir. Hələlik BMT Təhlükəsizlik Şurasının toplantısının nə vaxt keçiriləcəyi bəlli deyil. Görünür, ABŞ qurumun digər üzvləri ilə razılıq əldə etməyə çalışır və məhz bundan sonra toplantının vaxtı müəyyən ediləcək. Beləliklə, ABŞ BMT Təhlükəsizlik Şurasında istədiyi qərarın çıxmasına nail ola bilsə, Fars körfəzinə daxil olan hərbi gəmiləri ilə manevrlər edib Hörmüz boğazının bağlanmasının qarşısını almağa çalışacaq ki, bu da İran tərəfindən birmənalı qarşılanmayacaq. Ekspertlərin fikrincə, belə vəziyyətdə hərbi qarşıdurma ola bilər. Hərbi əməliyyatların ilk mərhələdə, böyük həcmdə olmasa da, lokal xarakter daşıması mümkündür. Hələlik isə ABŞ-ın hərbi gəmiləri körfəzdə yer almaqdadır. Vaşinqtonun bu addımı İranı qorxutmaq üçün atdığını deyənlər də var. Lakin illərdir ki, ABŞ-ın İranla qarşıdurması davam edir, bundan da gərgin məqamlar yaranıb və İranın qorxduğu heç vaxt müşahidə edilməyib. Elə bu fonda savaş ehtimalı da getdikcə yüksəlir.

Beynəlxalq Böhran Qrupunun eksperti Naysan Rafati isə iki ölkə arasındakı gərginliyin dərinləşməsinin regiona təsirsiz ötüşməyəcəyini vurğulayır: “Görünən budur ki, Vaşinqton və Tehran bir-birini birbaşa hərbi müstəviyə çəkməyə çalışır. Regionda ABŞ-İran ədavətinin qızışdırdığı saysız qaynar nöqtələr var, Fars körfəzindən tutmuş Aralıq dənizi regionuna qədər. Bəzi ən pis ssenarilərin qarşısı alınıb, məsələn, Suriya rejiminin ölkənin cənub-qərbinə nəzarəti ələ alması İsrail-İran qarşıdurmasına çevrilmədi. Amma gələn aylar ərzində narahatlıq doğuran mənbələr az deyi. Birinci ssenari tərəflərin tədrici eskalasiyaya getməsidir.

Ancaq ikinci halda yerli oyunçuların hərəkətləri onları dəstəkləyənləri qəsdən, yaxud bilməyərəkdən toqquşmaya sürükləyə bilər. Axı, Birləşmiş Ştatların regiondakı müttəfiqləri İrana qarşı öz kampaniyalarını aparır. Səudiyyə Ərəbistanı Yəməndə husi yaraqlılarla savaşır. İsrailsə Tehranın Suriyada möhkəmlənməsi səylərinə qarşı çıxır. İranın dəstəklədiyi qüvvələrlə ABŞ müttəfiqləri arasında gələcək ədavət heç bir tərəfin istəmədiyi eskalasiyaya yol aça bilər. Ola bilsin, Vaşinqton ümid edir ki, təzyiq kampaniyası İslam Respublikasında çat yaradacaq. Amma risq ondadır ki, onların qarşıdurması regiondakı çatı daha da dərinləşdirə bilər”.

Digər tərəfdən nəzərə almaq lazımdır ki, İsrail də İran məsələsinin birdəfəlik həlli üçün Vaşinqton və Tehran arasında məsələnin hərbi həlli istiqamətində fəal iş aparır. Gözlənir ki, ABŞ və İran arasında mümkün qarşıdurma zamanı İsrail birinciyə hərtərəfli dəstək verəcək. Hələlik isə əsas qarşıdurmanın Fars körfəzində cərəyan etməsi aydın müşahidə olunur.

Tahir TAĞIYEV

Son xəbərlər