15/12/2018 16:09
728 x 90

Ruhani ABŞ-la qarşıdurma kontekstində güvəndiyi region ölkələri sırasında Ermənistanın adını çəkmədi...

“İran Prezidenti üçün bu məsələdə qonşuluq amili ilə yanaşı, sədaqət faktoru da əsas götürülüb”

img

Elşən Mustafayev: “Ancaq görürsünüz ki, hətta İranla uzun illər müharibə etmiş İraqın da adı həmin siyahıya salınıb, amma Ermənistanın yox”

 

İran Prezidenti Həsən Ruhani Simnan vilayətinin əhalisi qarşısında çıxış edən zaman bildirib ki, Amerika Birləşmiş Ştatları bir gün İranın neft ixracının qarşısını almaq istəyərsə, Fars körfəzindən neftin ixrac olunmayacağını bilməlidir.

Onun sözlərinə görə, İran neft satır və satacaq. Neft ixracının qarşısını almaq mümkün deyil: "ABŞ istəyir ki, İranın dünya ilə əlaqələrini zəiflətsin. İranın hazırda qərbdə İraq və Türkiyə ilə, şimalda Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan, şərqdə Əfqanıstan və Pakistan, cənubda Oman, Qətər və Küveytlə səmimi əlaqələri var. Birləşmiş Ştatlar uzun əsrlər bir-birinin yanında olmuş region ölkələrini ayıra bilməz".

İran Prezidenti deyib ki, ölkəsi heç bir xalqın düşməni deyil və olmayacaq. Ruhaninin bu açıqlamasında olduqca vacib sayılan bir məqam var. Göründüyü kimi, o, müxtəlif istiqamətlərdə ölkəsi ilə qonşu olan dövətlərin adını çəkərək onlara güvəndiyini deyir. Maraqlıdır ki, İran Prezidenti bu xüsusda nədənsə onunla həmsərhəd olan Ermənistanın adını çəkmir. Baxmayaraq ki, Ermənistan daim İranla yaxın əlaqələrə malik olan dost ölkə kimi özünü təqdim edir. İranın belə vacib məsələ ilə bağlı qonşuların sırasında Ermənistanın adını çəkməməsi ona güvənməməklə bağlı ola bilərmi?

Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ruhaninin bu yanaşması təsadüfən meydana çıxmayıb: “ABŞ-la münasibətlər çox gərgindir. İranın sanksiyalara necə dözüm göstərəcəyi sual altındadır. İran özünü çox arxayın aparır. Bu da ABŞ-ı ciddi narahat edir. Hiss olunur ki, münasibətlərdəki gərginlik tərəflər arasında psixoloji müharibəyə yol açıb. Ruhanidən əvvəl ABŞ-ın yüksək rəsmisi olan Pompeo buna bənzər bir açıqlama vermişdi. O bildirmişdi ki, İranın ətrafında olan ölkələrin çoxu ABŞ-ın yaxın müttəfiqidir. Amma Pompeo konkret ad çəkməmişdi. Həmin vaxt erməni mətbuatı və siyasiləri sevincək halda özlərini ora aid etdilər. Açıq mətnlə yazdılar ki, ABŞ rəsmisi məhz onları nəzərdə tutub. Bu baxımdan da Ruhaninin son açıqlamasını ABŞ rəsmisinin bəyanatına cavab kimi dəyərləndirmək olar. Amma Ruhani ondan fərqli olaraq, konkret adlar çəkir. Həmin adlara diqqət edəndə məlum olur ki, heç bir parametr üzrə təsnifatlanmaya yol verilməyib. Yəni sırf İranla həmsərhəd olan ölkələrin adları qeyd olunub. Təbii ki, İran Prezidenti üçün bu məsələdə qonşuluq amili ilə yanaşı, sədaqət faktoru da əsas götürülüb. Ancaq görürsünüz ki, hətta İranla uzun illər müharibə etmiş İraqın da adı həmin siyahıya salınıb, amma Ermənistanın yox. Buna texniki xəta da demək olmaz. Bir nəticə çıxarmaq olar ki, İran Ermənistandakı yeni hakimiyyətin sədaqətinə güvənmir. Hətta İranla Ermənistan arasında yaxın ticarət əlaqələrinin olmasına baxmayaraq, bu güvən artıq sarsılıb”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər