15/12/2018 16:11
728 x 90

Fransada xalqa qarşı hökumət zorakılığı hər hansı Şərq-islam ölkəsində baş versəydi...

“Bir daha bəlli olur ki, bəzi beynəlxalq insan haqları təşkilatları hansısa ölkəyə pressinq etmək üçün demokratiya, insan haqlarını əllərində əsas tuturlar”

img

Vüqar Qədirov: “Bu yanaşmadan görünür ki, həmin təşkilatlar öz profillərinə uyğun fəaliyyət göstərmir, daha çox sifariş icra edirlər”

 

Fransada "sarı jiletlilər"in etirazları səbəbindən indiyədək dörd nəfər ölüb. Bu barədə Fransanın Baş naziri Eduard Filipp bildirib: "Hərəkatın başlamasından bəri dörd vətəndaşımız ölüb. Çox sayda vətəndaş, o cümlədən hüquq-mühafizə orqanlarımızın əməkdaşları yaralanıblar".

Qeyd edək ki, Fransada noyabrın 17-dən bəri avtomobil yanacağı qiymətlərinin artımına qarşı kütləvi etirazlar keçirilir, hərəkat iştirakçıları sarı jiletlər geyiniblər. Son günlər Parisdə baş verən etiraz aksiyalarına hökumətin sərt müdaxiləsi Fransanın imicinə təsirsiz ötüşməyib. Fransada etirazçılara qarşı bu şəkildə şiddətin tətbiq olunması bütün dünyanın təəccübünə səbəb olub. Düzdür, bir çox ölkələrdə belə aksiyaların qarşısının alınması üçün gücdən istifadə olunur. Ancaq bunu da tətbiq edərkən çalışılır ki, etirazçılara zərər dəyməsin. Fransada isə buna əhəmiyyət verilmir və məhəl qoyulmur. Faktiki olaraq etiraz edən şəxslərə qarşı divan tutulur, onlarla ən sərt formada rəftar edilir. Ancaq nədənsə Avropa Birliyinin aparıcı dövlətlərindən olan Fransada baş verən bu vəhşiliyə bəynəlxalq təşkilatların reaksiyası zəifdir. Beynəlxalq qurumların bu susqunluğunu nə ilə izah edə bilərik?

Ekspert Vüqar Qədirov qəzetimizə bildirdi ki, Fransada yaşananlar əsl dəhşətdir: “Bir neçə gündür biz orada yaşananları yaxından izləyirik. Həmin hadisələr bütün dünya mediasının diqqət mərkəzindədir. Yerli əhali yanacaq qiymətlərinin qaldırılmasına etiraz edir. Məhz polisin onlarla çox sərt qaydada davranması həmin etirazların miqyasını bir qədər də genişləndirmiş oldu. Hər hansı bir ölkədə etirazın olması normaldır. Yəni belə hallar istənilən dövlətdə baş verə bilər. Təbii ki, polis də asayişi bərpa etməlidir. Ancaq biz fərqli bir mənzərənin şahidi oluruq. Fransada faktiki olaraq dövlət öz vətəndaşını qətl edir. Bu, hansısa Afrika ölkəsində yaşansaydı, bəlkə də belə təəccübə səbəb olmazdı. Fransa özünü demokratiyanın beşiyi sayır. Hətta başqa ölkələrdə baş verən konfliktlərlə bağlı orbitrlik də edir. Rəsmi Paris daha çox etiraz aksiyalarının dağıdılması ilə bağlı ölkələrə tövsiyələr verir. Bir çox beynəlxalq təşkilatın mənzil-qərargahları məhz Fransada yerləşdiyi səbəbindən, çox vaxt onların adı ilə ölkələrdəki vəziyyətlə bağlı bəyanatlar verilir. Nədənsə biz Fransadakı polis zorakılığı, vətəndaşlara divan tutulması ilə bağlı həmin təşkilatların reaksiyasını görmürük. Bu fakt bizim indiyə qədər səsləndirdiyimiz fikirləri əyani şəkildə təsdiqləmiş olur. Bir daha bəlli olur ki, bəzi beynəlxalq insan haqları təşkilatları hansısa ölkəyə pressinq etmək üçün demokratiya, insan haqlarını əllərində əsas tuturlar. Belə deyilsə, onda qoy Fransadakı hadisələrə lazımi reaksiyanı versinlər. Görüsünüz ki, yoxdur belə reakasiya. Demək ki, həmin təşkilatlar ikili standartla çalışırlar. Onların baxış bucağına görə, Fransa polisi etirazçıya divan tuta bilər, ancaq başqa xırda ölkələrinki yox. Bu yanaşmadan görünür ki, həmin təşkilatlar öz profillərinə uyğun fəaliyyət göstərmir, daha çox sifariş icra edirlər”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər