15/12/2018 16:08
728 x 90

ABŞ-Azərbaycan hərbi əməkdaşlığında yeni mərhələ - ölkəmizin təcavüz qurbanı kimi tanınmasına daha bir sübut...

“Ölkəmizlə hərbi-texniki əməkdaşlıqla bağlı danışıqlar aparılması Vaşinqtonun artıq Azərbaycana verdiyi önəmin göstəricisidir”

img

Məhəmməd Əsədullazadə: “Bir vaxtlar Azərbaycana silah satışı embarqosu qoyan ABŞ indi ölkəmizə silah satmağı nəzərdən keçirir”

 

Azərbaycanın müdafiə naziri Zakir Həsənovun ABŞ müdafiə nazirinin müavininin müşaviri Laura Kuperlə görüşündə bir sıra məsələlər müzakirə olunub. Belə ki, iki ölkə arasında hərbi əlaqələrin inkişaf perspektivləri, o cümlədən təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlıq, hərbi təhsil və tibb hazırlığı məsələləri nəzərdən keçirilib.

Müdafiə naziri Zakir Həsənov bildirib ki, hər iki ölkə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır. ABŞ-ın qabaqcıl hərbi təhsil müəssisələrində təhsil alan Azərbaycan zabitlərinin sayının artırılması qərara alınıb.

Xanım Kuper də, öz növbəsində, ABŞ hökumətinin Azərbaycanla təhlükəsizlik və hərbi sahələrdə əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsində maraqlı olduğunu vurğulayıb. Görüşdə, həmçinin, Azərbaycanın NATO missiyasında iştirakı, Əfqanıstanda sülhyaratma əməliyyatları, Dağlıq Qarabağ münaqişəsi, Cənubi Qafqazda təhlükələr də diqqət mərkəzində olub.

O da məlumdur ki, ABŞ fövqəldövlət olduğuna görə dünyanın, demək olar ki, bütün regionlarında öz mövcudluğunu hiss etdirir. Xüsusilə də ABŞ-ın postsovet məkanında ciddi maraqları var. Hərbi sahədəki əməkdaşlığa gəlincə, bu, ABŞ üçün xüsusilə önəmlidir. Nəzərə almaq lazımdır ki, ABŞ silah bazarında ön yerdə gedir. Onunla digər silah satan ölkələr – Fransa, Çin və Rusiya arasında böyük bir fərq var. Odur ki, ABŞ bu sahədə öz planlarını genişləndirmək, yeni bazarlar tapmaq niyyətindədir. Azərbaycan da alıcılıq qabiliyyəti olan ölkələr sırasındadır.

Bütün bu deyilənlərin fonunda, iki ölkə arasında bir sıra sahələrdə hərbi əməkdaşlığı ekspertlər necə dəyərləndirirlər?

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Birləşmiş Ştatlarla Azərbaycan arasında hərbi sahədə əməkdaşlığın genişlənməsi müsbət haldır. O bunu belə əsaslandırdı: “ABŞ-Azərbaycan əlaqələrinin hər keçən gün istiləşməsini görürük. Cənubi Qafqazda ABŞ-ın maraqlarının getdikcə artdığını nəzərə alsaq, Azərbaycan regionun açar ölkəsi olduğu üçün Vaşinqton ölkəmizlə strateji tərəfdaşlığı müxtəlif sahələrdə inkişaf etdirməkdə maraqlıdır. Regionda yeni şərtlər formalaşır, təhlükəsizlik risqləri artır. Azərbaycan da regionda müəyyən probelmlərlə üz-üzədir. Çünki Ermənistanın işğalıçılıq siyasəti davam edir. Müharibə təhlükəsi sovuşmayıb. ABŞ-ın Azərbaycanın şimal və cənub qonşuları ilə artan konfliktləri ölkəmizin Vaşinqton üçün əhəmiyyətini daha da artır. Qeyd edim ki, ABŞ çalışır ki, regiondan Rusiyanı uzaqlaşdıraraq, Cənubi Qafqazı nəzarətə götürsün. Azərbaycan da Qafqazın açarıdır. Hazırda Vaşinqtonun Qarabağla bağlı mövqeyini açıq bildirməsi, işğal olumuş ərazilərin qaytarılmasını vurğulaması, ölkəmizlə hərbi-texniki əməkdaşlıqla bağlı danışıqlar aparması ABŞ-ın artıq Azərbaycana verdiyi önəmin göstəricisidir. Biz bundan sonra ABŞ silahlarının Azərbaycan Ordusunda istifadəsinin şahidi olacağıq. Göründüyü kimi, Cənubi Qafqazda strateji olaraq Azərbaycanın mövqeyinin güclənməsində Vaşinqton maraqlı görünür. Bir vaxtlar Azərbaycana silah satışı embarqosu qoyan ABŞ indi ölkəmizə silah satmağı nəzərdən keçirir. Hesab edirəm ki, bir müddət sonra Azərbaycan ABŞ üçün daha da etibarlı tərəfdaş olacaq. Bu tərəfdaşlıq və əməkdaşlığın genişlənməsi Qarabağ münaqişəsinin həllində həlledici olacaq”.

Vidadi ORDAHALLI

Son xəbərlər