15/12/2018 16:09
728 x 90

Paşinyanın opponentlərinə seçkiöncəsi görünməz təzyiqlər – “sizlərə on faiz səs verilsə”…

“Açıqlanan məlumatlardan görünür ki, Paşinyan alternativlərinə təzyiqi ən açıq formada, yəni polis zorakılığı ilə edir”

img

Yeganə Hacıyeva:  “Çox maraqlıdır ki, seçkini müşahidə edən beynəlxalq qurumlar bu biabırçı mənzərəyə seyrçı qalmaqla reaksiya verirlər”

 

Erməni KİV-ləri Paşinyanın seçkiqabağı qanun pozuntularını ifşa etməkdə davam edirlər. Ermənistanın sabiq prezident Serj Sarkisyanın sədrlik etdiyi “Respublika” partiyasının üzvü Arpine Ovannisyan bəyan edib ki, Nikol Paşinyanın göstərişi əsasında ölkənin güc strukturları 9 dekabrda keçiriləcək növbədənkənar parlament seçkilərində qələbə şansı yüksək olan rəqib partiyalara qarşı təhdid metoduna keçiblər.

O, “Facebook” səhifəsində bildirib ki, Paşinyanın tərəfdarları tərəfindən özünə və ailə üzvlərinin həyatına qarşı hədələr olmasına və bununla bağlı şikayət etməsinə baxmayaraq, nədənsə polis müvəqqəti hökumətə müxalif olanların ünvanına təhdidlərlə bağlı cinayət işi açmır: “Nəhayət ki, mən polisin niyə belə etdiyini anladım. Çünki onların başı özlərinin ən yüksək səviyyədə hədələr etməsinə qarışıb. Bizə siqnallar daxil olur ki, “Respublika” partiyasının əməkdaşlarını, seçki qərargahının işçilərini və onların yaxınlarını təhdid edirlər ki, respublikaçılar konkret seçki məntəqələrində 10 faizdən çox səs toplasalar, onda ciddi problemləri olacaq. Hətta bəzilərini məcbur edirlər ki, səsvermə gününədək ölkəni müvəqqəti tərk etsinlər. Yeri gəlmişkən, dediklərimi asanlıqla sübut etmək olar. Bütün silahdaşlarımızı qorxmamağa, birləşərək seçkilərdə iştiraka səsləyirəm. Bununla onlar bu hakimiyyətin bizi üzləşdirdikləri təhdidlərdən agah olduqlarını göstərəcəklər”.

Arpine Ovannisyan onu da deyib ki, polis qüvvələri ona təzyiqlər edərək guya korrupsiya və cinayətkarlıqla mübarizə adı altında aparılan istintaq çərçivəsində konkret adlar çəkməsini tələb edirlər: “Ermənistan polisini bu cür qanunsuz fəaliyyətlərə son qoymağa çağırıram. Gözləməyin ki, mən kimlərinsə adını çəkəcəyəm. Çünki siz özünüz onları məndən də yaxşı tanıyırsınız. Elə buna görədir ki, indi Ermənistanda cinayətlərin üstünün açılma səviyyəsi 30 faizədək düşüb”.

Erməni politoloq, jurnalist David Stepanyan isə qeyd edib ki, parlament seçkiləri ərəfəsində Ermənistan polisi seçici siyahılarına ciddi dəyişikliklər edib. Nəticədə 2017-ci illə müqayisədə Ermənistanda seçicilərin sayı 13,5 min nəfər ixtisar olunub. Bu isə olduqca böyük rəqəmdir. Polisin müdaxiləsindən sonra hazırda Ermənistanda seçicilərin ümumi sayı 2 milyon 574 min 916 nəfərə enib.

Erməni KİV-ləri yazırlar ki, polisin ixtisara saldığı seçicilər daha çox əvvəllər respublikaçıların daimi qələbə çaldıqları dairələrdə qeydə alınıblar. Qeyd olunur ki, hakimiyyətə gəldikdən sonra parlament seçkilərində mütləq qələbəni təmin etmək üçün respublikaçılarla mübarizədə əhəmiyyətli üstünlüyə nail olmağın çətinliyini anlayan Paşinyan deputatların majoritar yox, proporsional qaydada seçilməsi üçün Ermənistanın Seçki Məcəlləsində dəyişiklik cəhdləri fiaskoya uğradıqdan sonra “seçkilərin şəffaflığı” adı altında indi də polisin “xidmətindən” yararlanır.

Göründüyü kimi, Ermənistanda Paşinyanın göstərişi ilə seçkilərə inzibati resurslarla müdaxilələr haqda konkret faktlar ortaya qoyulur. Bütün bunlar Ermənistandakı seçkilərin total saxtakarlıqla keçəcəyini indidən söyləmək üçün əsas sayıla bilərmi?

Politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, Ermənistanda keçiriləcək növbədənkənar seçkilərin taleyi indidən bəllidir: “Artıq Paşinyan hakimiyyəti tam ələ keçirib, bir qalır onun rəsmiləşdirilməsi. Hələ bu seçkilərin təyinatına kimi biz nələrin şahidi olduq. Paşinyan sanki bir diktator kimi davranırdı. Növbədənkənar seçkilərin baş tutması üçün əlindən gələn bütün saxtakarlıqları etdi. Parlament gülməli bir vəziyyətə düşmüşdü. İrəvan meriyasına keçirilən seçkilərin təkrarı olacaq. Paşinyan və tərəfdarları böyük üstünlüklə qalib gələcəklər. Bütün addımlar buna hesablanıb. Ermənistanın buraxılan parlamentdə ən çox səsə malik olan partiyası  məğlubiyyətlə indidən razılaşıb. Çünki bilirlər ki, ölkədə demokratik seçkilərin keçirilməsi üçün heç bir şərait yoxdur. Venesiya Komissiyasının seçkilərin demokratik olması üçün təqdim etdiyi tövsiyələri Paşinyan tamamilə kənara atdı. Ermənistanda seçkiqabağı mühitin acınacaqlı olmasını sübut edən ən bariz nümunə elə “Respublika” partiyasının timsalında yaşanır. Onlar seçkiqabağı təbliğat dövründə seçicilərlə görüşdən imtina ediblər. Aydındır ki, əsas mübarizə Paşinyanla “Respublika” partiyası arasında gedəcək. Bu səbəbdən də bütün təzyiqlər onlara edilir. Artıq açıqlanan məlumatlardan görünür ki, Paşinyan alternativlərinə təzyiqi ən açıq formada, yəni polis zorakılığı ilə edir. Çox maraqlıdır ki, seçkini müşahidə edən beynəlxalq qurumlar bu biabırçı mənzərəyə seyrçı qalmaqla reaksiya verirlər. Onlar Ermənistandakı seçkiqabağı antidemokratik mühitlə bağlı hər hansı bir açıqlama vermirlər”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər