15/12/2018 16:11
728 x 90

Ermənistan KTMT baş katibliyi məsələsində qəti məğlub oldu – məğlubiyyəti pərdələmək üçün “Putindən təklif” faktoru...

“Ermənistan təmsilçisinin baş katiblikdən uzaqlaşdırılması birbaşa Kremlin siyasətidir”

img

Məhəmməd Əsədullazadə: “Putin hazırda Ermənistana güzəşt etməyib, yalnız təşkilatın imicini qorumağa çalışdı”

 

Məlum olduğu kimi, Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinin seçiləcəyi 6 dekabrdakı Sankt-Peterburq sammitini təxirə salıb. Bu barədə Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyan jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, Rusiya Prezidentilə telefon əlaqəsi zamanı Putin sammitin təxirə salınmasını təklif edib: “Sonuncu telefon söhbətimizdə Rusiya Prezidenti yaranmış vəziyyətlə əlaqədar 6 dekabrda KTMT-nin sammitini keçirməməyimizi, işçi qaydada məsələnin (baş katibin hansı ölkədən olması) həllinin müzakirəsini və yalnız bundan sonra hazır qərarlarla sammitə getməyimizi təklif etdi. Mən də razılaşdım, çünki düşünürəm ki, bu məsələni işçi prosedurlarla həll etmək daha düzgündür. Biz konsensusa gəlməmişik və bu səbəbdən Astana sammitini təkrarlamağın mənası yoxdur. Bu qeyri-konstruktivdir. Putinlə razılaşmamız da budur: konsensusa gələnədək işçi müzakirələri davam etdirəcəyik”.

Xatırladaq ki, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi postu ətrafında yaratdığı problemə görə təşkilatın daxilində təklənib. Paşinyan bu postu tutan Yuri Xaçaturovu vaxtından əvvəl geri çağırmasına baxmayaraq, baş katib vəzifəsinə yenidən erməni namizədin seçilməsində israrlıdır. Lakin 8 noyabrda KTMT-nin Astanada keçirilən Kollektiv Təhlükəsizlik Şurasının geniş tərkibli iclasından sonra mətbuata açıqlama verən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bildirib ki, yeni baş katib Belarus nümayəndəsi olacaq. Bununla da KTMT liderləri Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın hazırladığı ssenarinin üstündən birdəfəlik xətt çəkiblər.

Daha sonra isə Belarus Prezidenti Aleksandr Luşakenko Azərbaycan səfiri ilə KTMT daxilində baş verənləri, xüsusən də baş katib postuna namizəd məsələsini müzakirə edib. Baş verənlər qarşısında aciz qalan Paşinyan Nazarbayev və Lukaşenkodan Putinə şikayət etdiyini deyib.

Onu da qeyd edək ki, KTMT-yə yeni sədr seçilənə qədər təşkilata müvəqqəti olaraq Rusiya nümayəndəsi rəhbərlik edir. Görünən odur ki, Paşinyan öz nümayəndəsini bundan sonra da KTMT-yə sədr gətirə bilməz. Çünki bu məsələdə onun uğursuzluqla üzləşməsi ortadadır.

O üzdən, bunu ekspertlər necə şərh edirlər?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə prizmadan yanaşdı: “Rusiya "NATO-su” adlandırılan Kollektiv Təhlükəsizlik  Müqaviləsi Təşkilatının Astana sammitində Ermənistan nümayəndə heyətinin baş katibliyə gətirilməməsi təbii ki, Ermənistana siyasi zərbədir. Erməni baş katib Yuri Xaçaturova qarşı ölkəsində cinayət işinin açılması təşkilata yeni hakimiyyət tərəfindən vurulan zərbədir. Əsas məqsəd Rusiyanın nüfuzunu laxlatmaqdır. Belarus və Qazaxıstanın sərt reaksiyası burada Ermənistanı pat vəziyyətə salıb. Gözlənilirdi ki, Belarus dekabrın 6-da keçiriləcək icasda öz nümayəndəsini baş katibliyə gətirəcək. Qeyd edim ki, Belarusla Rusiya arasında soyuq münasibətlər və Paşinyanın Putinə zəng edərək xahiş etməsi baş katiblik məsələsinin gələn ilə qədər təxirə salınmasına səbəb oldu. Putin Ermənistana baş katib vəzifəsinə yeni namizədlə bağlı imkan veməsə də, yeni baş katib seçilməsini gələn ilə saxladı. Hesab edirəm ki, Putin bununla KTMT-nin daxilində ciddi fikir ayrılıqlarına və intriqalara son qoymaq istəyir. Amma Ermənistan təmsilçisinin baş katiblikdən uzaqlaşdırılması birbaşa Kremlin siyasətidir. Hesab edirəm ki, gələn il Belarus nümayəndəsi baş katibliyə gətiriləcək və Ermənistanla təşkilat arasında konflikt davam edəcək. Qeyd edim ki, Putin hazırda Ermənistana güzəşt etməyib, yalnız təşkilatın imicini qorumağa çalışdı”.

Vidadi ORDAHALLI 

Son xəbərlər