15/12/2018 16:11
728 x 90

Ermənistanın keçmiş və indiki rəhbərlərinin “əsgər övladlar” mövzusunda polemikası biabırçı şəkil alır...

“Ermənistanda klanlararası müharibənin seçkidən sonra yeni mərhələyə keçməsi qaçılmaz olacaq”

img

Məhəmməd Əsədullazadə: “Köçəryan münbit şərait gözləyir ki, Paşinyana zərbə vursun”

 

Ermənistanda seçkiöncəsi gərginliklər hər keçən gün artmaqdadır. Belə ki, baş nazir əvəzi Nikol Paşinyan İrəvandakı mitinqdə çıxışı zamanı keçmiş prezident Robert Köçəryanın oğlanlarının hərbi xidmət keçməsi ilə bağlı iddialara sərt reaksiya verib. Paşinyan deyib ki, ucuz spekulyasiyaları müşahidə edir:

“Deyirlər ki, Köçəryanın oğulları hərbi xidmətdə olublar. Mən R.Köçəryanın oğullarının xidmət yerindən rəsmi arayış istədim. Rəsmi bəyan edirəm ki, Köçəryanın bir oğlu İrəvanda xidmət keçib. Ancaq bir gecə də əsgər yataqxanasında qalmayıb. O, Müdafiə Nazirliyinin administrativ hissəsində xidmət edib. Digər oğlu sürücü kimi qeyd olunub, dövlət avtomobilini idarə edib, dövlətin hesabına hara istəyibsə, gedib”.

R.Köçəryan isə oğlu Levon Köçəryan barədə N.Paşinyanın dediklərini təkzib edib. O, Paşinyanı yalan danışmaqda ittiham edib: “Bu gün mənim barəmdə növbəti yalanı eşitdim. Təəccüblənmədim, çünki hamıya məlum olan gündəlik qəzetin (Paşinyanın “Aykakan Jamanak” qəzeti) illərdir belə fəaliyyəti davam edir. Bunun nümunələri çoxdur”. O, oğlunun hərbi xidmətdə çəkilən fotolarını sosial şəbəkədə da paylaşıb.

Baş verənlər onu göstərir ki, Ermənistanda siyasi qüvvələr arasında münasibətlər qeyri-səmimi və qeyri-sağlamdır. Hakimiyyət uğrunda mübarizə də məhz bu kimi cılız ambisiyalar üzərində qurulub. Ortada ideoloji konseptual əsaslara söykənən mübarizə taktikası yoxdur. Tərəflər sağlam rəqabət şəraitində mübarizə aparmaq mədəniyyətindən qat-qat uzaqdırlar. Bu həm də Ermənistan siyasi arenasının kasadlığından irəli gəlir. Tərəflər bir-birini müxtəlif ucuz arqumentlərlə ittiham edirlər.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, siyasi qüvvələr arasında bu cür qeyri-sağlam mübarizə Ermənistana xas olan haldır: “Bu, klanlararası mübarizənin göstəricisidir. Ermənistanda  klanlararası müharibənin seçkidən sonra yeni mərhələyə keçməsi qaçılmaz olacaq. Baş nazir əvəzi N.Paşinyanın Qarabağ klanına açıq savaşa başlaması hüquqi çərçivədə növbəti ildə daha da kəskinləşəcək. Çünki Qarabağ klanı Ermənistanın düşdüyü bu ağır girdabda ittiham olunur. Ən əsası bu, Qarabağ ermənilərinə qarşı böyük qəzəb və nifrətin nəticəsidir. Fikir versək görərik ki, Paşinyanın hakimiyyətinin ilk günlərindən başlayaraq əsas hədəfi R.Köçəryan və Sarkisyan tandemi oldu. Çünki Paşinyan yaxşı görür ki, Köçəryan yatağan ilan libasına bürünüb. Münbit şərait gözləyir ki, Paşinyana zərbə vursun. Məhz Paşinyanın Köçəryanın oğluna qarşı iddiaları onu cəmiyyətin gözündən salmaq, siyasi nokaut etməkdir. Hesab edirəm ki, Paşinyan müharibə cinayətkarlarını nokauta uğradıb, onları Ermənistan siyasi səhnəsindən silməyə başlayır. Qeyd edim ki, Ermənistanda bu mübarizənin davamı bir neçə il çəkəcək. Nəticədə ölkə iqtisadiyyatına zərbə vurulacaq və Qarabağ ermənilərində Ermənistana qarşı nifrət formalaşacaq. Köçəryan-Sarkisyan tandemi seçkilərdən sonra Paşinyanın açıq hücumuna məruz qalacaq. Amma Qarabağ klanı geri çəkilmək niyyətində deyil. Mümkündür ki, Rusiya seçkidən sonra Qarabağ klanına açıq dəstək versin. Çünki onların məğlubiyyəti Rusiyanın siyasi dayaqlarını laxladacaq. Biz yeni ildən başlayaraq Ermənistanda siyasi müharibənin şahidi olacağıq”.

Vidadi ORDAHALLI 

Son xəbərlər