19/11/2018 18:24
728 x 90

Ermənistanın dövlət kimi mövcudluğu tam şəkildə Azərbaycandan asılı vəziyyətə düşür...

img

Ermənistanda son hakimiyyət dəyişiklyindən sonra yaranan vəziyyətin təhlili bu ölkədə sosial-iqtisadi müstəvidə vəziyyətin daha da ağırlaşdığını üzə çıxarır. Görünən budur ki, erməni cəmiyyəti inqilab yolu ilə hakimiyyət dəyişikliyinə getsə də, reallıqda sosial rifah halında hansısa dəyişiklik qeydə alınmayıb. Ekspertlər isə bildirir ki, Ermənistanın iqtisadi inkişafı Azərbaycanla münasibətlər normallaşmadan, işğal siyasətinə son qoyulmadan mümkün deyil.

Real vəziyyətdə isə həyata keçirdiyi işğal siyasəti bu gün Ermənistanın regional təcridinin daha da dərinləşməsi ilə müşayiət edilməkdədir. Burada hakimiyyətdə kimin olmasından asılı olmayaraq, ölkənin düşdüyü təcrid vəziyyətindən xilas olmaq istiqamətində edilən cəhdlər birmənalı şəkildə iflasa uğrayır. Ötən zaman göstərir ki, Ermənistanın işğal siyasətinə son qoymaması və Azərbaycanın ərazi bütövlüyünü tanımaması halında onun iflası qaçılmazdır. Çünki Ermənistanın təcriddən xilas olması yalnız Azərbaycandan asılıdır. Rəsmi Bakı isə ən yüksək səviyyədə bəyan edir ki, Ermənistan öz işğalçılıq siyasətindən əl çəkməsə, bundan sonra da təcrid siyasəti davam edəcək və Azərbaycan əvvəlki kimi  Ermənistanın iqtisadi çöküşünə öz töhfəsini verəcək. Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında çıxışı zamanı bu xüsusda çox maraqlı fikirlər səsləndirib. O vurğulayıb ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki kriminal rejimin səhvlərini təkrarlamamalıdır, işğal edilmiş torpaqlardan öz işğalçı qüvvələrini tezliklə danışıqlar yolu ilə çıxarmalıdır və imkan verməlidir ki, Azərbaycan vətəndaşları öz doğma, tarixi, əzəli torpağına qayıtsın: “Bunu nə qədər tez anlasalar, o qədər də onlar üçün yaxşı olar, bölgə üçün yaxşı olar. Bir daha demək istəyirəm ki, biz bu vəziyyətlə barışmaq fikrində deyilik, beynəlxalq hüququn normaları bizim mövqeyimizi tam dəstəkləyir, tarixi ədalət bizim tərəfimizdədir”.

Digər tərəfdən nəzərə alaq ki, ABŞ-ın İrana qarşı məlum sanksiyaları da Ermənistan üçün yeni ciddi problemlər yaradır. Təhlükəsizlik sahəsi üzrə ekspert Marina Mkrtçyan bildirir ki, ABŞ-ın İrana qarşı tətbiq edəcəyi yeni sanksiyalar Ermənistana iqtisadi cəhətdən gözlənildiyindən də böyük zərbə vura bilər. Ekspertin sözlərinə görə, Ermənistan İranla kifayət qədər səmərəli ticarət həyata keçirir, Ermənistanda bir çox İran şirkətləri var: “Bu vəziyyətin ABŞ-ın İrana qarşı sanksiyaları fonunda necə görünəcəyini demək kifayət qədər çətin məsələdir. Sanksiyalar Ermənistana hiss olunacaq qədər zərbə vura bilər”. Erməni siyasi şərhçi Sarkis Artsruni bildirir ki, Ermənistan İranla münasibətlərdən daha əvvəlki kimi dividend əldə edə bilməyəcək: “İran kampaniyası bu gün Ağ Evin öncəliklərindən biridir. ABŞ prezidentinin müşaviri Con Bolton İrəvanda bəyan edib ki, onların administrasiyası Barak Obamanın komandasına bənzəmir. Bu təsadüfi deyil. Beləliklə o bildirir ki, respublikaçılar hakimiyyəti İran məsələsində güzəştə getməyə hazır deyil, başqa sözlə, başqalarının vəzifəsi buna əsasən oriyentasiya olmaqdır. Və bu şəraitdə  Ermənistan İranla əlaqələrinə son qoymalı olacaq. Bu isə təcrid vəziyyətində olan ölkə üçün böyük itkilər deməkdir. Ermənistanı yeni böyük problemlər gözləyir“.

 

İran məsələləri üzrə erməni eksperti Karen Veranyan da vurğulayır ki, ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsi İranla əməkdaşlıq edən bir çox dövlətlərə mənfi təsir edəcək, lakin bu məsələdə ən çox ziyan çəkən region ölkəsi Ermənistan olacaq. Onun sözlərinə görə, Vaşinqtonun sanksiyaları Ermənistan iqtisadiyyatına təsirsiz ötüşməyəcək, xüsusən də İranla sərhəddə yenicə açılan “Mehri” azad iqtisadi zonanın fəaliyyətini iflic edəcək. Çünki bu layihə daha çox İranla Ermənistan arasındakı ticarət dövriyyəsinin artırılması məqsədilə ortaya atılıb. Bu isə Ermənistanın həmin layihə vasitəsilə Avrasiya İqtisadi Birliyi və Çindən investisiyalar cəlb etmək arzusunu da puç edir:
“ABŞ-ın İrana qarşı sanksiyaları regionda və Ermənistanda təhlükəsizlik və sabitliyi poza, qonşu İranla Ermənistan arasındakı ticarət dövriyyəsini kəskin şəkildə azalda bilər. Çünki sanksiyalar təkcə İranın dövlət şirkətlərinə yox, hətta İranın öz ərazisindən kənarda fəaliyyət göstərən özəl şirkətlərinə, o cümlədən onlarla əməkdaşlıq edənlərə də tətbiq olunacaq. Bu baxımdan “Mehri” azad iqtisadi zonasında İran şirkətlərilə birgə iş görmək istəyənləri də təhlükə gözləyir. Bütün bu kimi faktorlar potensial investorları Ermənistana sərmayə yatırmaqdan çəkindirəcək. Onlar öz bizneslərini risqə atmaq istəməyəcəklər. Nəticədə Ermənistan ciddi iqtisadi problemlərlə üzləşəcək”. Bütün bunlar həm də dekabrda keçriləcək növbədənkənar parlament seçkilərində hakimiyyəti tam şəkildə öz əlində cəmləşdirməyə hazırlaşan Nikol Paşinyan üçün xəbərdarlıq sayılır.

Hesab edilir ki, hakimiyyəti tam əlinə keçirdikdən sonra Paşinyan erməni cəmiyyətində ona qarşı mümkün narazılıqları neytrallşadırmaq üçün mütləq iqtisadi müstəvidə vəziyyəti yaxşılaşdırmaq yönündə addımlar atmalıdır. Yuxarıda qeyd olunduğu kimi isə, Ermənistanın iqtisadi vəziyyətinin düzəlməsi birmənalı şəkildə Azərbaycandan asılıdır. Bunu Paşinyan da yaxşı başa düşür. Bu mənada onun gələn ilin yanvarından Azərbaycanla münasibtələri normalaşdırmaq üçün müəyyən addımlar atması istisna olunmur. Bunu rusiyalı politoloq Mixail Nejmakov da xüsusi olaraq vurğulayır. Öncə parlament seçkilərindən sonra Ermənistanda yaranacaq vəziyyət barədə danışan ekspert bildirir: “Parlament seçkilərindən sonra Ermənistanda daxili siyasi gərginlik üçün kifayət qədər ciddi səbəblər yaranacaq. Bu, Dağlıq Qarabağ münaqişəsinin həll prosesi üçün yaxşı fon deyil. Hazırkı Ermənistan rəhbərindən fərqli olaraq, keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyan seçki kampaniyalarında Qarabağ mövzusuna daha geniş yer veriblər: Digər yandan, münaqişənin həlli üçün Bakıya xoş mesajlar vermək ümumi işin xeyrinə ola bilər. Müasir dövrdə münaqişə tərəfi ilə təmasları azaltmaq beynəlxalq ictimaiyyətin də xoşuna gələn strategiya deyil. Qarabağ müzakirələrinin gələn ilin yanvarından aktivləşməsi gözləniləndir. Seçki kampaniyası dönəmində bu görüşə hazırlıq məsələsi də ön planda olmalıdır. Çünki beynəlxalq vasitəçilər, bir qayda olaraq, dekabr-yanvar aylarında daha aktiv olurlar”.

Nejmakov ABŞ prezidentinin müşaviri Con Boltonun İrəvana səfərinə də toxunub: “Boltonun İrəvanda olarkən Paşinyanın atdığı addımlara verdiyi sərt reaksiya da göstərdi ki, o, Boltondan ciddi təkliflər alıb. Lakin Paşinyan bu səfərlə bağlı yayılmış böyük iddiaların qarşısını almağa çalışdı. Çünki seçkilər ərəfəsində Boltonun adından yayılan bu iddialar onun xeyrinə deyil. Əlbəttə, Qarabağ məsələsi istisna olmaqla, Paşinyan Boltondan özü ilə bağlı hansısa təklif alsaydı, reaksiyalar bu qədər sərt olmayacaqdı”. Buna rəğmən, ekspert seçkilərdən sonra Paşinyanın müəyyən addımlar atmasının tamamilə gözlənilən olduğunu vurğulayır. Çünki Ermənistanda iqtisadi inkişaf yalnız Qarabağ münaqişəsinin çözümü halında mümkündür.

 Nejmakov hesab edir ki, yaranmış qarışıq situasiyadan istifadə edən İrəvan Rusiyadan uzaqlaşmağa cəhd edir: “Amma Paşinyanın manevr etmək, xarici siyasətdə ciddi dəyişikliklərə başlamaq imkanları yoxdur. Digər tərəfdən, Rusiyadan uzaqlaşmaqla Ermənistan iqtisadi müstəvidə daha sərt zərbələr alacaq. Bu zərbələrdən yayınmağın yeganə yolu Azərbaycan, Türkiyə ilə münasibətlərin normalaşdırılmasıdır. Amma bunun üçün Qarabağ konfliktinin həlli şərtdir”. Elə erməni politoloq Armen Ayvazyan da bildirir ki, hazırkı vəziyyətdə Ermənistan-Rusiya hərbi-siyasi ittifaqı ciddi böhran içindədir. İndi İrəvan və Moskva bir-birinə etibar etmir. Onun sözlərinə görə, mövcud situasiyada Azərbaycan bölgədə Rusiyanın etibar etdiyi yeganə strateji tərəfdaşıdır: “Moskvada kimsə Qarabağ ətrafındakı ərazilərin bir hissəsinin Azərbaycana verilməsinə razı olsa, bu, Ermənistan üçün intihar sayılacaq. Nəzərə almaq lazımdır ki, Ermənistanda anti-Rusiya ab-havası hökm sürür. Qərbyönümlü QHT-lər və media qurumları Rusiya əleyhinə gedən etirazları daha da qızışdırır. Buna görə də, Rusiyanın Azərbaycanı hərbi cəhətdən daha da gücləndirməsi ilə bağlı Ermənistan cəmiyyətinin ciddi narahatlığı var. Bu da təsadüfi deyil. Məsələn, 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ermənistanla döyüşlərdə, Rusiya ilə yanaşı, Türkiyə, İsrail və Ukrayna silahlarından da istifadə etdi. Ermənistan hökumətinə gəlincə, İrəvan Qərb və Rusiya arasında balans siyasəti yürütməyə çalışır. Lakin bu, Ermənistan kimi manevr imkanları dar olan bir ölkə üçün qadağan olunmuş oyundur. Başqa sözlə, Qərb-Rusiya münasibətlərinin qırılma həddində olduğu bir vaxtda belə bir cəhd Ermənistan üçün fəlakətə yol aça bilər. Elə bir dönəmdən keçirik ki, Ermənistanın təhlükəsizliyinin təminatı yoxdur. Buna görə də, Qərblə yox, Rusiya ilə strateji əlaqələri gücləndirmək lazımdır”.

Armen Ayvazyan hesab edir ki, mövcud vəziyyətdə Ermənistan digər ölkələrə yox, Rusiyaya etibar etməlidir: “Rusiyanın Ermənistanın yeganə strateji müttəfiqi olduğunu nəzərdən qaçırmaq olmaz. Çünki indi İrəvanın ümid etdiyi ABŞ Ermənistanın yox, ərəb ölkələri, Misir və İordaniyanın silahlandırılmasında maraqlıdır. ABŞ bu addımı atarkən İsraili nəzərə alır. Digər yandan, Ermənistanla müqayisədə, ABŞ və İsrailin özü də Azərbaycanın güclənməsində maraqlıdır”. Ekspert bu vəziyyətdə Qarabağ məsələsində İrəvanın müqavimət imkanlarının sürətlə tükəndiyini də vurğulayır. Onun sözlərinə görə, yaxın tezlikdə konfliktin çözümü istiqamətində addımlar atılmasa, Qarabağ münaqişəsi yenidən alovlanacaq və bu da Ermənistan üçün böyük fəlakət deməkdir. Bütün bunlar bir daha təsdiq edir ki, hazırkı vəziyyətdə Ermənistanın xilasının və bir dövlət kimi mövcudluğunun yolu Qarabağ münaqişəsinin həllindən keçir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Son xəbərlər