19/11/2018 18:28
728 x 90

Avropada Azərbaycan qazının müstəsna əhəmiyyətini artıran daha bir fakt – 100 Avropa deputatı Merkelə müraciət etdi...

img

Rusiyadan Avropaya yeni qaz kəmərlərinin çəkilişi ətrafında mübahisələr artdıqca Azərbaycan mavi yanacağına Qərb dünyasında diqqət daha da yüksəlir. Bu barədə danışmazdan öncə qeyd edək ki, Avropa Parlamentinin 100 deputatı Almaniya kansleri Angela Merkelə müraciət edərək, ondan “Şimal axını-2” kəmərinin tikintisini dayandırmağı xahiş edib. Merkelə müraciət edən deputatlar arasında sağ mərkəzçilər, sosialistlər, liberal demokratlar yer alıb.

Məktubda deputatlar Almaniyanın bu qaz kəmərilə bağlı mövqeyinin Avropanın maraqlarına zidd olduğunu bildirib. Onlar Rusiyanın bununla Avropaya təsir üçün əlavə rıçaqlar əldə etdiyini vurğulayıblar. Polşa prezidenti Anjey Duda isə bildirir ki, “Şimal axını-2” Ukrayna və Slovakiya üçün təhdiddir: “Zamanında addımlar atmasaydı, qaz kəməri Polşa üçün də enerji təhdidinə çevrilərdi. Bizim Ukrayna və Slovakiya ilə mövqeyimiz bu məsələdə eynidir”.

ABŞ isə, əvvəlki kimi, bu layihədə iştirak edənlərə qarşı sanksiyaların tətbiqini istisna etmir. Öz növbəsində, Rusiyanın İqtisadiyyat naziri Aleksandr Novak vurğulayır ki, ABŞ hətta layihə iştirakçılarına sanksiya tətbiq etsə belə, “Şimal axını-2” reallaşacaq: “Biz hesab edirik ki, sanksiyalar olmayacaq. Lakin bu baş versə, layihə yenə baş tutacaq. Orada yerləşdirmə çoxdan başlayıb. Müəyyən edilən parametrlərə və plana görə, işlər 2019-cu ilin sonuna yekunlaşmalıdır”. Rusiya qazı ətrafında mübahisələrin davam etdiyi bir vaxtda Azərbaycanın qazı üzrə işlər plan üzrə gedir.

Digər tərəfdən, Avropa ölkələri özləri Azərbaycan qazının mümkün qədər tez qitəyə çatmasında maraqlıdır. Məsələn, Bolqarıstanın energetika naziri Temenujka Petkova bu xüsusda bildirir: "2020-ci ildən etibarən ildə 1 milyard kubmetr Azərbaycan qazının tədarükü Bolqarıstanın energetika sahəsində prioritetlərini həyata keçirməsi üçün böyük önəm kəsb edir". Petkova bununla bağlı indi həyata keçirilən və 2020-ci ildə istifadəyə veriləcək Yunanıstanla interkonnektorun vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan qazı Bolqarıstan istehlakının, təxminən, 30%-ni əhatə edəcək və bu, ölkənin enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə artıracaq. Nazir qeyd edib ki, SOCAR-ın Bolqarıstanın qazlaşdırılmasında mümkün iştirakı Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsinin elementidir. İtaliya Beynəlxalq İşlər İnstitutunun energetika, iqlim və resurslar üzrə proqramının rəhbəri Nikolo Sartori Azərbaycan qazının onun ölkəsi üçün də böyük əhəmiyyətə malik olduğunu vurğulayır: "Transadriatik" boru kəməri (TAP) layihəsi İtaliyanın yeni qaz mənbələrinə çıxışını təmin edəcək". Ekspertin sözlərinə görə, layihə ölkəyə qaz təchizatının şaxələndirilməsinə yardım edəcək, eləcə də bazarda likvidlik yaradır: "Vurğulamaq lazımdır ki, TAP-ın İtaliyaya gətirəcəyi 10 milyard kubmetr qaz ildə, təxminən, 70 milyard kubmetr qaz istehlak edən ölkənin diversifikasiya strategiyasına əhəmiyyətli töhfədir". İtaliyanın baş naziri Cüzeppe Kontenin qaz boru kəmərinin tikintisinə razılıq verməsi barədə danışan ekspert qeyd edib ki, bu, imzalanmış beynəlxalq müqavilələr və son bir neçə ildə qəbul edilmiş investisiya qərarlarının reallaşacağı və həyata keçiriləcəyi deməkdir. Onun sözlərinə görə, bu, eyni zamanda, TAP layihisənin iştirakçı ölkələrinə bir çox üstünlüklər verəcək: "Layihə Azərbaycandan tutmuş Yunanıstana qədər bütün iştirakçı ölkələrə əhəmiyyətli gəlir gətirəcək, eləcə də TAP vasitəsilə qazın ilk partiyasını alacağı gözlənilən Albaniyaya qaz tədarükünü təmin edəcək".

İtaliyanın Beynəlxalq Siyasi Tədqiqatlar İnstitutunun elmi işçisi Karlo Frappi TAP-ın İtaliya üçün, ümumilikdə isə "Cənub Qaz Dəhlizi" layihəsinin Avropa İttifaqı üçün böyük əhəmiyyəti daşıdığını bildirir. O, Xəzər dənizi ilə Adriatik dənizi arasında enerji dəhlizinin yaranmasının 15 il öncə başlanmış yolun kulminasiya nöqtəsi olduğunu, TAP layihəsinin iqtisadi baxımdan vacibliyi ilə yanaşı, siyasi cəhətdən də əhəmiyyətli olduğunu qeyd edib. Ekspert bildirib ki, bu yol Avropanın enerji təhlükəsizliyini təkcə daxili tənzimləyici tədbirlər vasitəsilə deyil, həm də tədarükçülərin və təchizat zəncirlərinin şaxələndirilməsi ilə xarici geosiyasi faktorla qoruyan yoldur. Onun sözlərinə görə, TAP İtaliyanın birbaşa əldə edəcəyi üstünlüklər baxımından çox vacibdir: “İtaliya təchizat marşrutlarını şaxələndirməklə enerji təhlükəsizliyini artıracaq, əlavə qaz həcmləri alacaq, həmçinin qazpaylayıcı şəbəkəsi vasitəsilə üçüncü ölkələrə nəql həyata keçirə biləcək. TAP İtaliyanın qazpaylayıcı mərkəz olmaq yolunda mövqeyini gücləndirmək baxımından da strateji əhəmiyyətə malik layihədir”. İtaliya hökumətinin layihənin tikintisinə icazə verilməsi ilə bağlı son qərarı da şərh edən ekspert bildirib ki, bu, ölkəyə etibarın, qonşularla münasibətin səviyyəsini göstərir, götürülən öhdəliklərə əməl edilməsi beynəlxalq əlaqələrin əsaslarından biridir.

Onu da qeyd edək ki, bir çox Avropa ölkələri üçün də Azərbaycan qazının mühüm əhəmiyyət kəsb etməsi fonunda ABŞ-ın İrana qarşı yeni sanksiyaları da “Cənub Qaz Dəhlizi” layihəsinə şamil olunmayıb. ABŞ Maliyyə Nazirliyinin bu xüsusda yaydığı sənəddə bildirilir ki, ABŞ “Cənub Qaz Dəhlizi” layihəsini qüvvəyə minən antiiran sanksiyalarından istisnalar siyahısına daxil edib. Bərpa olunan antiiran sanksiyaları Azərbaycandan Türkiyəyə və Avropaya təbii qazın nəqli üçün boru kəmərinin tikintisi və istifadəsi, eləcə də təbii qaz yataqlarının işlənməsi ilə bağlı layihələri həyata keçirən şəxslərə şamil olunmur. Xatırladaq ki, İran Milli Neft Şirkəti (“NIOC”) “Şahdəniz” layihəsində 10 faizlik paya sahibdir.

Nahid SALAYEV

Son xəbərlər