19/11/2018 18:28
728 x 90

Azərbaycanı Rusiyanın “hibrid müharibəsi” ilə əlaqələndirmək – ABŞ-dan gələn mülahizəyə ciddi etiraz var

“Çünki ölkəmizin kifayət qədər müstəqil və güvənli informasiya təhlükəsizliyi sistemi mövcuddur”

img

Nəzakət Məmmədova: “Bu baxımdan da bizim vasitəmizlə dezinformasiyaların ötürülməsi inandırıcı deyil”

 

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent bildirib ki, Amerikanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların məqsədi Moskvanı beynəlxalq hüququn normalarına geri dönməyə məcbur etməkdir.

Bu günlərdə Cənubi Qafqaz regionunda səfərdə olan Corc Kentlə Rusiya, Ukrayna, Macarıstan, Latviya, Polşa, Serbiya və Türkiyədən olan bir qrup jurnalist Kiyevdən “Skype” üzərindən söhbətləşiblər. Jurnalistlərin amerikalı diplomatla bu söhbətini ATƏT “Dezinformasiyaya qarşı mübarizə” proqramı çərçivəsində təşkil edib.

Diplomat dezinformasiya mövzusuna özünün giriş nitqində toxunub. “Mən Ukrayna, Belarus, Gürcüstan, Moldova, Ermənistan və Azərbaycanla işləyirəm. Həmin ölkələrin hamısı bu və ya başqa formada Rusiyanın region ölkələrinə yanaşmasının nəticəsi olaraq meydana çıxan çağırışlarla üzləşiblər”.

Dövlət Departamentinin rəsmisi dəqiqləşdirib ki, söhbət o cümlədən beynəlxalq hüququn normalarının pozulmasından, dezinformasiyadan istifadə edilməsindən və “bəzilərinin hibrid müharibə adlandırdığı metodların” işə salınmasından gedir: “Hər ölkədə situasiya fərqlidir və onların hər biri bu çağırışlara fərqli reaksiya verir”.

Corc Kent qeyd edib ki, ona və bir çoxlarına Donbassdakı münaqişə 2008-ci ilin avqustunda Gürcüstanda baş verənləri xatırladır: “Hesab edirəm ki, bu, Rusiyanın taktikasıdır-ölkələrdə situasiyanı debalanslaşdırmaq və onlara öz gələcəklərini müəyyən etməyə imkan verməmək”.

Lakin diplomata görə, Amerikanın yanaşması bunun əksidir: “Bizim mövqeyimiz ondan ibarətdir ki, ölkələrin öz gələcəklərini seçmək hüququ olmalıdır. Biz bu ölkələrin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Biz dövlətlərin çiçəkləndiyi və öz yolunu seçdiyi, o cümlədən Rusiya ilə yaxşı münasibətlə qurduğu, habelə Avropa İttifaqı ilə iqtisadi yaxınlaşmaya malik olduğu, ABŞ-la regional stabillik və iqtisadiyyat məsələlərində tərəfdaşlıq yaratdığı region görmək istəyirik”.

Göründüyü kimi, ABŞ rəsmisi bir sıra ölkələrin “hibrid müharibə” deyilən vəziyyətlə üzləşdiyini və “küləyin” Rusiya tərəfdən əsdiyini xatırladır. Onun bu xüsusda Azərbaycanın da adını çəkməsi düşündürücüdür. Ölkəmiz belə hallarla üzləşibmi?

Politoloq Nəzakət Məmmədova “Bakı-Xəbər”ə bildirdi ki, Rusiya böyük dövlət olaraq, bir sıra regionları - Mərkəzi və Şərqi Avropanı, Balkanları, Cənubi Qafqazı, hətta Yaxın Şərqdə, Afrikada bir sıra ölkələri özünün "həyati maraq zonası", " nüfuz dairəsi zonası" kimi görür: “Azərbaycan da təəssüf ki, bu regiona daxil olan ölkələr sırasındadır. Əslində, hər bir imperiya tarixən mövcud olduğu regionu heç zaman tərk etmir, həmin ölkələrlə bu və ya digər formada əlaqələrini saxlayır. Məsələn, İngiltərə imperiyası da vaxtilə müstəmləkəsi olan əraziləri “Commonwealth” adı altında bir çətir altına yığıb, onlarla iqtisadi-siyasi, mədəni əməkdaşlığını davam etdirir. Lakin Rusiya bunu daha icbari yollarla edir. Tərk etdiyi müstəmləkələrdə münaqişə ocağı saxlayıb orada öz daimi iştirakını saxlamaq metodu bir çox imperiyaya xasdır. Məsələn, klassik imperiya nümunəsi olaraq İngiltərə də Hindistanla Pakistan arasında Kəşmir, Kiprdə yunanlarla türklər arasında münaqişə qoyub çıxıb. Bir çox imperiyalar, o cümlədən Rusiya qədim Roma imperiyasından qalma "parçala və hökm sür!" siyasəti həyata keçirib, işğal etdikləri xalqları, əraziləri həmin prinsiplə idarə ediblər. Biz bunu Qarabağ, Abxaziya, Cənubi Osetiya, Dnestryanı bölgə, Donetsk və Luqansk separatçı bölgələrin timsalında görürük. Lakin Azərbaycan mümkün qədər müstəqilliyini qorumağa, Rusiyanın təsir dairəsinə düşməməyə çalışır. Azərbaycan ərazisində Rusiyanın hərbi bazası yoxdur, Azərbaycan balanslaşdırılmış siyasət yeridir, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi Birliyi kimi Rusiyayönümlü təşkilatlara üzv deyil. Rusiya bu gün Azərbaycana yalnız Qarabağ məsələsi baxımından təzyiq göstərməyə çalışır. Onun Azərbaycanda daha çox mədəni təsir vasitələri ilə qalmaq imkanlarına əsasən rusdilli məktəblər daxildir. Rus millətindən olan əhaliyə qarşı diskriminasiya yoxdur, lakin təbii artımın az olması, rus gənclərin köçüb getməsi burada Ukraynanın şərqində, Qazaxıstanda olduğu qədər rus əhalinin olmasına imkan verməyib. Rusiya Azərbaycana müxtəlif yollarla təzyiq göstərə bilər, bu, danılmazdır. O, Böyük Səkkizlər klubunun üzvü, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri, nüvə dövlətidir. Rusiya dünyada fövqəldövlət statusuna iddia edən ölkədir. Onun bizə və digər postsovet ölkələrinə təsir və təzyiq imkanları danılmazdır. Miqrantlardan tutmuş, Qarabag məsələsinədək bir çox təsir vasitələri var. Lakin Azərbaycan dövlət başçısının Rusiya Prezidenti ilə yaxşı münasibətləri, Prezidentin düzgün xarici siyasət strategiyası həyata keçirməsi bu təzyiqləri minimuma endirib və iki ölkə arasında geniş, çoxşaxəli əməkdaşlıq əlaqələri mövcuddur. “Hibrid müharibələr”ə  təhrik məsələsində isə, düşünürəm ki, Azərbaycanın kifayət qədər yaxşı mühafizə olunan sistemləri mövcuddur. İnanmıram ki, hansısa ölkə bu yolla Azərbaycana təzyiq edə bilsin. Çünki ölkəmizin kifayət qədər müstəqil və güvənli informasiya təhlükəsizliyi sistemi mövcuddur. Bu baxımdan da bizim vasitəmizlə dezinformasiyaların ötürülməsi də inandırıcı deyil”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər