19/11/2018 16:11
728 x 90

AB-nin “substantiv Qarabağ ümidi” – bəyanat xatirinə bəyanat, ya ciddi əsaslar...

“Xüsusi nümayəndə növbəti ildən yeni substantiv danışıqların başlanmasına ümid edir”

img

Məhəmməd Əsədullazadə: “Bütün hallarda, beynəlxalq qurumlar sözügedən məsələdə işğalçı tərəfə təzyiq göstərməlidirlər”

 

Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə predmet danışıqlarının (yəni substantiv) tez bir zamanda keçiriləcəyinə ümid edir. Xəbər verildiyi kimi, bunu mətbuata açıqlamasında Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi,  Bakıda səfərdə olan Toyvo Klaar deyib.

Təşkilat rəsmisinin sözlərinə görə, Aİ gərginliyin azalmasını, Azərbaycan və Ermənistan rəhbərliyinin münaqişənin nizamlanmasına konstruktiv yanaşmalarını alqışlayır: “Aİ ümid edir ki, bu, münaqişənin qarşılıqlı kompromislər əsasında dinc nizamlanması məqsədilə mümkün qədər tez bir zamanda konkret və predmet danışıqlarla müşayiət olunacaq. Bununla əlaqədar Aİ ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərini dəstəkləyir”.

Bundan başqa, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin mətbuat xidmətinin rəhbəri Anri Dükenn bildirib ki, Azərbaycana ikigünlük səfəri çərçivəsində T.Klaar dövlət başçısı İlham Əliyevlə görüşüb, eləcə də xarici işlər naziri, müdafiə naziri və Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri ilə görüşlər planlaşdırılır.

O da məlumdur ki, zaman-zaman müxtəlif beynəlxalq təşkilatların təmsilçiləri Dağlıq Qarabağ danışıqları ilə bağlı fikirlər səsləndirib, tərəfləri danışıqlar yolu ilə problemin həllinə səsləyiblər. Danılmaz həqiqətdir ki, danışıqların real nəticə verməsində ən çox maraqlı olan tərəf Azərbaycandır. Çünki Azərbaycan əraziləri işğal olunub və yüz minlərlə insan öz yurdlarından didərgin salınıb. Ancaq 25 ildir aparılan danışıqlar öz səmərəsini vermir. Ən başlıca problem isə ondan ibarətdir ki, beynəlxalq qurumlar işğalçı tərəfə təzyiq göstərmir. İşğalçı ilə işğala məruz qalan tərəfə fərq qoymur. Bununla bağlı təsir mexanizmlərini işə salmırlar. Hərbi əməliyyatların yenidən başlamasını isə, ümumiyyətlə, qəbul etmək istəmirlər. Nəticədə işğalçı tərəf yenə də öz bildiyini edir və danışıqlar uzanır. Bütün bu deyilənlərin fonunda, maraqlıdır, Klaar “Aİ münaqişəsinin nizamlanması üzrə predmet danışıqlarının tez bir zamanda keçiriləcəyinə ümid edir “ deyərkən nəyə söykənir? Ümumiyyətlə, bunu deyərkən nəyəsə əsaslanır, yoxsa formal xarakterli açıqlamadır?

Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə kontekstdən yanaşdı: “Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndələri daim bu kimi açıqlama verirlər. Yaxşı olardı ki, onlar ilk növbədə Ermənistana təzyiqlər edib, bu mesajı birbaşa İrəvana ünvanlasınlar. Hesab edirəm ki, bu daha münasib olar. Yoxsa, ümumi fikirlər səsləndirməklə konkret nəyəsə nail olmaq çətindir. Bu açıqlamalar növbətçi açıqlamadır və hesab edirəm ki, Ermənistan tərəfi bundan nəticə götürməlidir. Qeyd edim ki, hazırda Ermənistanla Azərbaycan arasında şifahi Düşənbə razılaşması var. Bu razılaşma Ermənistanda seçkilərdən sonra yeni danışıqların davam etdirilməsini nəzərdə tutur. Xüsusi nümayəndə, hər halda, növbəti ildən yeni substantiv danışıqların başlanmasına ümid edir. Hesab edirəm ki, Avropa İttifaqı Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra qonşuluğunda olan region üçün hər an təhlükə vəd edən Qarabağ münaqişəsinin həllini gözləyir. Bütün hallarda, beynəlxalq qurumlar sözügedən məsələdə işğalçı tərəfə təzyiq göstərməlidirlər. Yalnız o halda ciddi nəticələrə nail olmaq olar”.

Vidadi ORDAHALLI 

Son xəbərlər