19/11/2018 18:23
728 x 90

Erməni təbliğatı Boltonun bir cümləsindən tutub, İran məsələsində ABŞ-a “dost” kimi sırınmaq cəhdi…

“Bu kontekstdə Azərbaycan təbii ki, bölgənin ən strateji ölkəsidir və Boltonun regiona ilk səfərini bizim ölkəyə etməsi də təsadüfi deyil”

img

Elşən Mustafayev: “Bolton tərəfindən mesajın verilməsi də Ermənistan üçün o anlama gəlir ki...”

 

Məlum olduğu kimi, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Qafqaz regionuna səfərinin yekunu olaraq maraqlı açıqlama ilə çıxış etdi.

Onun xüsusilə də belə bir açıqlama verdiyi diqqətçəkəndir: “Biz İrana maksimum sərt təzyiqlər etmək istəsək də, eyni zamanda, İranla yaxın ərazidə yerləşən dostlarımız və tərəfdaşlarımıza ziyan vurmaq istəmirik. Biz bəzi dövlətlərin İrandan neft almağı davam etdirmələrini anlayışla qarşılayırıq. Biz onların İrandan neft tədarükünü dərhal sıfır səviyyəsinə endirə bilmərik”.

Maraqlıdır ki, Ermənistan mətbuatı və siyasi dairələri Boltonun bu açıqlamasını özlərinə sərf edən tərzdə yozmaqla, ABŞ-ın dostu sırasına özlərini zorla soxuşdurmaq istəyirlər. Erməni KİV-ləri iddia edirlər ki, Bolton İranla yaxın ərazidə yerləşən tərəfdaş və dostlar deyəndə məhz onları nəzərdə tutub. Ermənilərin bu kontekstdə özlərini dost kimi ABŞ-a sırımaq cəhdlərii necə xarakterizə etmək olar?

Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Boltonun regiona etdiyi səfər ABŞ Prezidenti Donald Trampın bu ilin mayında İrana qarşı ikimərhələli sanksiyanın tətbiq ediləcəyini bəyan etməsi və ondan doğa biləcək nəticələrlə bağlı idi: “Ağ ev bu ilin avqustunda sanksiyaların birinci mərhələsini tətbiq etdi. Rəsmi Vaşinqton noyabrın 4-də İrana qarşı sanksiyaların ikinci mərhələsinin tətbiqinə başladı. Bu sanksiya İranın energetika sahəsini əhatə edir. Fikir versək görərik ki, Boltonun səfəri məhz sanksiyalarla bağlı ikinci mərhələnin tətbiq dönəminə təsadüf edib. Ona görə də verilən bütün açıqlama və bəyanatlar bilavasitə ABŞ-ın geosiyasi maraqları və təhlükəsizliyi baxımından dəyərləndirilməlidir. Digər tərəfdən, Cənubi Qafqaz bölgəsinə Boltonun səfərini düşünəndə, ilk növbədə, İrana tətbiq olunan sanksiyalara diqqət yetirmək lazımdır. Yəni burada əsas məqsəd İranla həmsərhəd olan Azərbaycan və Ermənistanın İranla ticarət və iqtisadi əməkdaşlığının qarşısına qoyulan əngəldən ibarətdir. Onu da qeyd edim ki, Tramp administrasiyasında qərar qəbul edilib ki, təkcə qlobal və regional səviyyədə deyil, həm də İranla həmsərhəd olan ölkələr belə neft, qaz və digər sahələrdə bu ölkə ilə əməkdaşlıq edəcəklərsə, bu dövlətlər və onların şirkətləri bilavasitə sanksiyaya məruz qalacaq. Bu kontekstdə Azərbaycan təbii ki, bölgənin ən strateji ölkəsidir və Boltonun regiona ilk səfərini bizim ölkəyə etməsi də təsadüfi deyil”.

Təbii ki, Boltonun Ermənistana etdiyi səfərdə də İranla bağlı məsələ müzakirə mövzusu olub: “ABŞ bu istiqamətdə Ermənistanla tərəfdaş, dost kimi deyil, tam güvənmədiyi bir ölkə kimi davranıb. Onlar bilirlər ki, Ermənistan İranla həmsərhəd ölkədir və İrəvan üçün İran nəfəslik rolunu oynayır. ABŞ düşünür ki, sanksiyalara rəğmən, Ermənistan yenə də İranla iqtisadi və ticari əməkdaşlığı davam etdirəcək. Dolayısı ilə Bolton tərəfindən mesajın verilməsi də Ermənistan üçün o anlama gəlir ki, İrana sanksiyalar tətbiq olunacağı halda onunla iqtisadi əməkdaşlığı davam etdirəcəksinizsə, o zaman Ermənistana qlobal səviyyədə təzyiqlər artacaq.  ABŞ bilir ki, Ermənistan Rusiyanın hərbi bazalarının yerləşdiyi ölkədir. Onun İranla sərhədlərini özləri deyil, rus hərbçilər qoruyur və ölkə İranla dostluğa ABŞ-dan daha çox zərurət duyur.  Ermənistan bu baxımdan dünyanın süper gücünü aldada bilməz. ABŞ üçün bu məsələdə Azərbaycanın mövqeyi daha önəmlidir. Təbii ki, İranla həmsərhəd olan tərəfdaş və dost deyəndə onların Ermənistanı nəzərdə tutması heç bir parametrə uyğun gəlmir. Boltonun bu xüsusda Azərbaycanı nəzərdə tutduğu şübhəsizdir. Ermənistan bu məsələdə indidən özünü sığortalamaq istəyir. Bilirlər ki, İranla münasibətləri tam dondurmaqla onlar məhvə məhkum ola bilərlər”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər