19/11/2018 18:27
728 x 90

Qondarma “DQR” “hökuməti” iki azərbaycanlı girova ağır qətl böhtanı atmaqdan əl çəkmir

“Separatçı qurum təmsilçisinin Şahbaz və Dilqəm barədə səsləndirdiyi fikirlər tamamilə iftiradır”

img

Əkbər Qoşalı: “İstər bu sərsəmləmələr olsun, istər sabah-birisigün başqa bir mövzuda, başqa bir Gədəyanın dedikləri olsun, bu separatçılar öz cəzalarını alacaqlar”

 

Məlum olduğu kimi, son günlər əsir və girov düşənlərin mübadiləsi məsələsi gündəmdədir. Hər zaman olduğu kimi, bu dəfə də sözügedən məsələdə Ermənistan tərəfi həqiqətə uyğun olmayan fikirlər səsləndirməklə ictimai rəyi, beynəlxalq ictimaiyyəti aldatmağa çalışır.

Neçə ildir işğalçı tərəf azərbaycanlı əsir və girovları Azərbaycana təhvil verməkdən yayınır. Daha doğrusu, onlarda əsir və girovların olduğunu gizlədirlər. Bu azmış kimi, utanmadan bəyan edirlər ki, Azərbaycan əsirlərin qaytarılması ilə bağlı onlara rəsmi müraciət etməyib.

Bu arada qondarma “DQR”in təmsilçisi David Babayan erməni mətbuatına açıqlamasında bildirib ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılmasından söhbət gedə bilməz. O utanmadan bildirib ki, adıçəkilən şəxslərin Azərbaycana qaytarılması tələbi insanlıq çərçivəsinə uyğun gəlmir: “Bu, terroristlərin mübadiləsi üçün cəhddir. Bu insanlar qanunsuz yollarla “Artsaxa” girib, casusluq ediblər, terror aktları törədiblər, gəncləri öldürüblər. Bu şəxslər mühakimə olundu”.

Babayan həyasızcasına bildirib ki, Bakının hədəfləri aydındır – Dilqəm Əsgərov və Şahbaz Quliyevi qaytarmağa nail olmaq, daha sonra Ramil Səfərov kimi qəhrəmanlaşdırmaq.

Göründüyü kimi, sözügedən açıqlama ilə Babayan erməni xislətinə xas olan bütün çirkinliyi göstərib. Hamıya məlumdur ki, Dilqəm Əsgərovla Şahbaz Quliyev öz doğulduqları kəndi ziyarət etmək üçün ora getmişdilər. Çünki uzun illərdir Kəlbəcər rayonu işğal altındadır. Onların başqa məqsədi yox idi. Ancaq işğalçı tərəf öz murdar əməllərini maskalamaq üçün onları terrorçuluqda, adam öldürməkdə ittiham edir. Özü də qondarma ittihamlarla.

Məsələyə münasibət bildirən Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu idarə heyətinin üzvü Əkbər Qoşalı Babayanın səsləndirdiyi fikirlərin tamamilə iftira olduğunu bildirdi: “Bilirsiniz, məncə, bu ən azı iki fikri sabitləşdirir. Birincisi, onlar bizim hüquq-mühafizə orqanlarının istintaq edib, cəza kəsdiyi ermənilərin taleyini öz sarsaq iddia və təkəbbürlərinə qurban verirlər; ikincisi, beynəlxalq qayda-qanunlara, ən adi insan haqlarına sayğısızlığın onlar üçün təsadüfi hal olmadığını və savaşdan başqa alternativə yol qoymadıqlarını göstərir. Hər iki halda, Ermənistanın havadarları da, demokrat libasına bürünmüş Paşinyanı öyənlər də, bir sözlə, hər kəs bir daha aydın şəkildə görməlidir ki, Ermənistanı, Qarabağdakı əliqanlı qondarma rejimi hərb dilindən savayı bir dillə başa salmaq çətindən çətindir. Biz qondarma bir rejimin sözçüsünün növbəti sərsəmləmələri barədə sualı şərh ediriksə, deməliyik ki, əslində, cavab bu sualın özündədir. Niyə? Çünki “söz”ü şərh olunması tələb edilən adamın özünün kimliyi, habelə kimi, nəyi və ya haranı təmsil etməsi özlüyündə aydındır: terrorçuluq, separatçılıq, təxribatçılıq və soyqırım aktları ilə ortalığa çıxan bir qondarma rejimin sözçüsündən danışırıq və beləsindən nə gözləmək olar? El sözü ilə desək, onlar yalnız quyruqları qapı arasında qalınca, dəfin o biri üzünə vuracaq, yaxud valı dəyişəcəklər. İstər bu sərsəmləmələr olsun, istər sabah-birisigün başqa bir mövuzda, başqa bir Gədəyanın dedikləri olsun, bu separatçılar öz cəzalarını alacaqlar. Əli günahsız insanların qanına batmışlar nə vaxta qədər, göy üzündən şığıyan Azərbaycan şahinlərindən vahiməyə düşməyəcək, Azərbaycan Silahlı Qüvvələrinin hərbi texnikasının tırtıllarını öz kürəklərində hiss etməyəcək, bax, o vaxtadək elə belə də danışacaqlar.

Dilqəm Əsgərov, Şahbaz Quliyev neynəmişdi? Onlar hansı qanuni sərhədi pozmuşdular? Adamın öz doğmalarının qəbrini ziyarət etməsi hansı beynəlxalq normativ aktla yasaqlanıb? Üstəlik, başqa bir vətəndaşımızı - Həsən Həsənovu qətl etmələrinə, daha neçə cinayətlərini unudaraq, qanunsuz girov saxladıqları vətəndaşlarımızı terrorçu adlandırmalarına biz necə qəbullana bilərik? Ona görə də separatçı qurum təmsilçisinin Şahbaz və Dilqəm barədə səsləndirdiyi fikirlər tamamilə iftiradır. Nə qədər ki, Ermənistan torpaqlarımızı işğal altında saxlayır, belə yalanlar səngimək bilməyəcək. Ona görə də məqam yetişən kimi işğalçılara tutarlı zərbə endirməliyik”.

Vidadi ORDAHALLI

Son xəbərlər