19/11/2018 18:26
728 x 90

Erməni lobbisi Los-Ancelesin tarixində daha bir saxtakar “Qarabağ səhifəsi” yazdı...

Əli Orucov: “Los-Anceles Şəhər Şurasının məlum kağız parçası Birləşmiş Ştatların xarici siyasətinə yön verə bilməz”

img

“Ancaq istənilən halda bu pislənilməli və buna bütün səviyyələrdə etiraz edilməlidir”

 

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles Şəhər Şurası, Dağlıq Qarabağdaki erməni separatizminin 30 illiyi münasibətilə qətnamə qəbul edib. Bu barədə erməni mətbuatı məlumat yayıb.

Ermənistan mətbuatının yazdığına görə, qətnamədə guya 30 il əvvəl Dağlıq Qarabağda etnik ermənilərə zülm edildiyi qeyd olunub. Bu səbəbdən onlar öz hüquqlarını qorumaq uğrunda mitinqlərə çıxıblar. Qətnamənin məzmunu bütövlükdə Dağlıq Qarabağdaki separatizmin dəstəklənməsini özündə ehtiva edir və tamamilə beynəlxalq hüquq normalarına ziddir.

Məsələn, sözügedən bədnam qətnamədə deyilir: “1991-ci il dekabrın 10-da keçirilmiş referendumda müstəqilliyini elan edən “arsax respublikası” əhalinin əksəriyyətinin razılığını alıb. Şəhər Şurasının 10 sentyabr 2013-cü il tarixli rəsmi qərarı ilə Los Anceles “arsaxın müstəqilliyini” tanıyaraq ABŞ və dünya ictimayətini də bu addımı atmağa çağırıb”.

Göründüyü kimi, tamamilə absurd məzmuna malik olan sözügedən “qətnamədə” açıq-aşkar separatizmə dəstək, başqa dövlətin ərazi bütövlüyünə hörmətsizlik öz əksini tapıb. Sirr deyil ki, erməni lobbisinin ABŞ-da əsas güclü olduğu yer Kaliforniya ştatıdır. Sözügedən ştatda çoxsaylı erməni yaşayır. Zaman-zaman sözügedən ştatda və Los-Anceles şəhərində Dağlıq Qarabağdakı erməni separatçılarını dəstək xarakterli tədbirləri olub. Halbuki, belə hallar Birləşmiş Ştatların xarici siyasət kursuna ziddir. Çünki ştatlara bununla bağlı səlahiyyət verilməyib. Ancaq təəssüflər olsun ki, erməni lobbisinin bu həyasızlığına dur deyən yoxdur.

Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucov Kaliforniya ştatının Los-Anceles Şəhər Şurasının məlum qətnaməsini kəskin tənqid etdi: “Hesab edirəm ki, qətnamə kağız parçasından başqa bir şey deyil. Ermənilər bütün fitnəkarlıqlardan, riyakarlıqlardan istifadə edərək öz çirkin niyyətlərini həyata keçirirlər. Bu dünəndə belə olub, indi də belədir və bundan sonra da belə olacaq. Çünki bu onların xəbis xislətindən irəli gələn bir reallıqdır. Onlar Azərbaycanın ərazilərini işğal etməklə yanaşı, indi də qondarma separatçı qurumun beynəlxalq aləmdə tanıdılması məqsədi ilə bu kimi çirkin məqsədləri həyata keçirirlər. Məlum addımın da arxasında bu niyyət gizlənir. Aydın məsələdir ki, Los-Anceles Şəhər Şurasının məlum kağız parçası Birləşmiş Ştatların xarici siyasətinə yön verə bilməz. Ancaq istənilən halda bu pislənilməli və buna bütün səviyyələrdə etiraz edilməlidir. Yaxşı olardı ki, Los-Anceles Şəhər Şurası Xocalıda ermənilərin silahsız azərbaycanlılara qarşı törətdikləri soyqırım barədə qətnamə qəbul etsin. Hansı ki, Xocalı soyqırımı XX əsrdə insanlığa qarşı işlənən ən böyük cinayətlərdən biridir. Nədənsə bu barədə danışmırlar. Hesab edirəm ki, istər rəsmi, istərsə də qeyri-rəsmi səviyyədə sözügedən “qətnaməyə” etiraz bildirilməlidir. Erməni lobbisinin öz çirkin niyyətlərinə ABŞ ştatlarını alət etməsinə son qoyulmalıdır. Artıq neçənci dəfədir ki, erməni lobbisi Kaliforniya ştatında bu və buna bənzər siyasi hoqqaları gündəmə gətirir. O üzdən Azərbaycanın diaspor təşkilatları buna son dərəcə diqqətli yanaşmalı və lazımi tədbirlər ğörməlidir”.

Vidadi ORDAHALLI

Son xəbərlər