19/11/2018 16:14
728 x 90

Paşinyan hakimiyyətinin girov və əsirləri dəyişməkdən yayınması Ermənistan cəmiyyətini parçalayıb

Akif Nağı: “Onlarda haqlı sual yaranır: necə olur Azərbaycan öz vətəndaşlarını dəyişmək üçün bu qədər səylər edir, ancaq Ermənistan hətta edilən təkliflərdən belə yayınır?”

img

“Ermənistan hakimiyyətinin öz vətəndaşları ilə bağlı ortaya qoyduğu laqeydlik həmin cəmiyyətdəki narazılığı daha da artıracaq”

 

Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistan tərəfindən əsir və girov götürülmüş azərbaycanlıların Azərbaycana qaytarılması məsələsi erməni tərəfinin yaratdığı süni maneələr nəticəsində problemə çevrilib. Beynəlxalq konvensiyaları kobud şəkildə pozan Ermənistan hətta əsir və girovlara işgəncə verməkdən belə çəkinməyib. Hazırda Ermənistan üç günahsız azərbaycanlı girovu əlində saxlamaqdadır – bunlar Şahbaz Quliyev, Dilqəm Əsgərov və Elnur Hüseynzadədir.

Azərbaycan əsir və girov götürülmüş, eləcə də itkin düşmüş vətəndaşlarının geri qaytarılması istiqamətində mütəmadi işlər həyata keçirir. Bu məsələdə Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəçilik missiyası həyata keçirir, eləcə də Dağlıq Qarabağ münaqişəsi bölgəsində itkin düşmüş şəxslərin axtarışı, əsir-girovların azad edilməsi üzrə Beynəlxalq İşçi qrupu (BİQ) fəaliyyət göstərir. Lakin indiyədək azərbaycanlı girovların geri qaytarılmasına nail olunmayıb.

Hətta bu günlərdə Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri bəyan etdi ki, Ermənistan hakimiyyəti Azərbaycanın Qarabağ münaqişəsi tərəflərinin əlində olan və Beynəlxalq Qırmızı Xaç Komitəsində qeydiyyatdan keçmiş hərbi əsirlərin və girovların "hamının hamıya” prinsipi üzrə dəyişdirilməsi barədə təklifinə cavab vermir.  

Onu da qeyd edək ki, oktyabr ayında Ermənistana və işğal olunmuş Dağlıq Qarabağa səfər edən BİQ həmsədrləri Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu ilə telefon əlaqəsi saxlayaraq, bu ilin noyabr ayının sonunda Gürcüstanın Tbilisi şəhərində hər iki ölkənin Dövlət komissiyalarının görüşünün keçirilməsini planlaşdırdıqlarını və müzakirəyə çıxarılacaq mövzuları razılaşdırmaq istədiklərini bildiriblər.

Ermənistan mediasında gedən məlumatlarımn məzmunundan aydın olur ki,  Ermənistan rəhbərliyinin girovların "hamının hamıya” prinsipi ilə dəyişdirilməsindən imtina etməsi həmin ölkənin cəmiyyətində ciddi narazılıq doğurub. Ermənistan cəmiyyətinin həssas təbəqəsi və xüsusilə də girovluqda saxlanılan ermənilərin qohumları Ermənistan hakimiyyətində sərt şəkildə “hamının hamıya” prinsipi əsasında girovların dəyişdirilməsini tələb edir.  Ermənistan cəmiyyətinin hakimiyyət qarşısında qoyduğu bu tələbi  nəyin əlaməti saymaq olar?

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı qəzetimizə açıqlamasında bildirdi ki, erməni cəmiyyətinin verdiyi reaksiya doğrudur: “Burdan hansı nəticəni çıxarırıq. Bir daha sübut olunur ki, Ermənistan üçün öz vətəndaşlarının taleyi önəmli deyil.  Belə olmasaydı, onlar “hamının hamıya” prinsipi ilə razılaşardılar.  Məhz bu səbəbdən də Ermənistan cəmiyyəti, girovların doğmaları buna etiraz edir. Onlarda haqlı sual yaranır: necə olur Azərbaycan öz vətəndaşlarını dəyişmək üçün bu qədər səylər edir, ancaq Ermənistan hətta edilən təkliflərdən belə yayınır? Birinci belə bir məlumat verdilər ki, güya onların Azərbaycanın təklifi barədə məlumatları olmayıb. Sonra yayınmaq üçün dedilər ki, güya onlarda hərbi əsir yoxdur. Onlar Dilqəm Əsgərovla Şahbaz Quliyevi öz aləmlərində diversant sayırlar və deyillər ki, onları Ermənistan saxlamayıb. Yəni məsələni Dağlıq Qarabağdakı qondarma qurumun üzərinə atırlar. Təbidir ki, Azərbaycan həmin separatçılarla bu istiqamətdə heç bir  danışıq aparan deyil. Azərbaycan tərəfinin addımı çox humanistdir. Çünki bütün mühribələrdə belə hallar olur.  Bir daha görünür ki, Ermənistan üçün insan taleyinin heç bir önəmi yoxdur. Onlar maksimum çalışırlar ki, Dilqəm və Şahbazdan başqa məqsədlər üçün istifadə etsinlər. Belə olmasaydı, Azərbaycanın təklifi ilə razılaşardılar. Hesab edirəm ki,  Ermənistan cəmiyyəti ilə yanaşı Minsk qrupu həmsədrləri də məsələyə müdaxilə etməlidir. Onlar Azərbaycanın bu humanist addımından Ermənistanın müxtəlif bəhanələrlə niyə yayındığına dair  hesabat tələb etməlidirlər. Bu məsələ ilə bağlı Ermənistandakı əsgər anaları da ölkə rəhbərliyinə müraciət edib, hətta bir neçə dəfə etiraz aksiyası da keçiriblər. Görünən budur ki,  Ermənistan hakimiyyətinin öz vətəndaşları ilə bağlı ortaya qoyduğu laqeydlik həmin cəmiyyətdəki narazılığı daha da artıracaq”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər