19/11/2018 18:26
728 x 90

Tramp İrana qarşı “sıfır neft ixracı” planından niyə çəkildi... hələlik bir aylığa...

“İran neftinin həm Asiya, həm də Avropa bazarlarına tədarükünü təmin etməklə, ABŞ neftin qiymətini öz bildiyi istiqamətə yönəldəcək”

img

Elşən Əliyev: “ABŞ Fars körfəzində şübhəli neft əməliyyatlarının və "qara bazar”ın yaranmasının qarşısını almış oldu”

 

ABŞ Prezidenti Donald Tramp İranın neft ticarətini hədəf alan yeni sanksiyaları tədricən işə salacaqlarını açıqlayıb. Bunun səbəbini isə dünyada neftin qiymətinin yüksəlməsini istəmədikləri ilə izah edib. Ağ Evdə açıqlama verən Tramp sanksiyalarla İranın neft ixracatı mövzusunu bir-birindən ayrı dəyərləndirdiklərini deyib.

İrana qarşı çox sərt mövqe tutduqlarını ifadə edən ABŞ Prezidenti deyib: “Lakin neft mövzusunda bir az ehtiyatla hərəkət edəcəyik, çünki dünyada neftin bahalaşmasını istəmirəm...

Bunun İranla bir əlaqəsi yoxdur, İranın neft ixracatını dərhal sıfıra endirə bilərəm, ancaq o zaman bu, bazarlarda şok effekti yaradar. Neftin bahalaşmasını istəmirəm".

Xatırladaq ki, ABŞ Prezidenti İranın razılaşmaya əməl etmədiyini səbəb gətirərək may ayında nüvə razılaşmasından geri çəkilib. O, İranın hələ də nüvə silahları istehsal etdiyini və sanksiyaların aradan qaldırılmasının onlara Yaxın Şərqdə sabitliyi pozan fəaliyyətlərini həyata keçirmək üçün pul qazandırdığını bildirib.

İran ABŞ, İngiltərə, Çin, Fransa, Rusiya və Almaniya ilə 2015-ci ildə əldə olunan razılaşmadan sonra nüvə proqramının nüvə silahları istehsal etməyə yönəldiyini inkar edib. Sazişə əməl olunub-olunmadığına nəzarət edən ABŞ-ın Atom Enerjisi Agentliyi bir neçə hesabatında İranın sazişə əməl etdiyini təsdiqləyib.

Razılığı imzalayan bütün digər tərəflər sazişin İranın nüvə silahları istehsal etməməsini təmin etməyin ən yaxşı yolu olduğunu bildiriblər. İran rəsmiləri isə, ABŞ istisna olmaqla, digər tərəflər razılığa əməl etdiyi təqdirdə sazişdən geri çəkilməyəcəklərinə söz veriblər.

Göründüyü kimi, Tramp İrana qarşı tətbiq edilən sanksiyaların tədricən işə salacağını bildirib və bunu neftin qiymətinin kəskin qalxa biləcəyi ilə izah edib. ABŞ Prezidentinin seçdiyi taktika neftin qiymətinin qalxmasından ehtiyatlanması ilə izah oluna bilər, yoxsa burada başqa amillər də var?

İqtisadçı Elşən Əliyevin sözlərinə görə, ABŞ-ın bu taktikanı seçməsində başlıca amil neftin qiymətini istədikləri kimi manipulyasiya etməklə bağlıdır: “Burada daha çox neft qiymətlərini  ABŞ-ın öz istədiyi məcraya yönəltmək cəhdləri görünür. ABŞ rəsmiləri etiraf etdilər ki, neft bazarlarında şok yaşanmaması naminə dünyanın 8 potensial neft idxal edən dövlətinə 6 ay müddətində İran neftinin tədarükünə icazə verilib. Bu dövlətlər də 6 ay ərzində idxal həcmlərini tədricən azaldacaqlarına dair söz veriblər. ABŞ-ın İran neftinin idxalına icazə verdiyi 8 ölkənin yerləşdiyi coğrafi bölgəyə nəzər salsaq görərik ki, amerikalılar hədəfi düz seçiblər. İran neftinin həm Asiya, həm də Avropa bazarlarına tədarükünü təmin etməklə, ABŞ neftin qiymətini öz bildiyi istiqamətə yönəldəcək. İkinci sanksiya paketinin qüvvəyə minməsindən əvvəl bazar iştirakçıları tam əmin idilər ki, ikinci paketin işə düşməsindən sonra Avropa uzun müddət İran neftini görməyəcək. Lakin ABŞ İtaliya və Yunanıstanı seçməklə, Avropanın enerji bazarlarında Rusiya və Səudiyyə Ərəbistanının imkanlarını məhdudlaşdırmış oldu”.

Ekspertin sözlərinə görə, həm Rusiya, həm də Səudiyyə Ərəbistanı öz ixrac neftlərini Avropa bazarlarında etalon markaya çevirmək iddiasındadırlar: “Digər tərəfdən, Rusiyanın neft ixracına məhdudiyyətlərin qoyulması məsələsi də gündəmə gəlib. Bu baxımdan, İran neftinin dünya bazarlarında dövriyyəsinin saxlanması doğru addım idi. Analoji fikri Asiya bazarları üçün də söyləmək olar. Bildiyiniz kimi, Asiya bazarlarında neftin 4 potensial tədarükçüsü Çin, Hindistan, Yaponiya, Cənubi Koreyadır. Bu 4 ölkə Asiya bazarlarında neftin qiymətinin formalaşmasında müstəsna mövqeyə malikdirlər. 
İran neftinin yuxarıda adı çəkilən ölkələrə tədarükünə məhdudiyyətin qoyulmaması Asiya bazarlarında Rusiya və Səudiyyə Ərəbistanının diktə siyasətini heçə endirməklə bərabər, Fars körfəzində şübhəli neft əməliyyatlarının və "qara bazar”ın yaranmasının qarşısını almış oldu”.  

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər