19/11/2018 16:09
728 x 90

ABŞ-ın İran sanksiyalarının Ermənistana təsirləri başladı...

“Mehri” azad iqtisadi zonasının sıxıntıları...

img

Məlum olduğu kimi, noyabrın 5-dən ABŞ-ın İrana qarşı embarqolarının növbəti, ikinci və daha sərt dalğası başladı. ABŞ prezidenti Donald Tramp bəyan edib ki, bu təqvimdən sonra İranla əməkdaşlıq edən dövlət və şirkətlər ABŞ-la işləyə bilməyəcək. Bu fonda ABŞ Maliyyə Nazirliyi noyabrın 5-də İranın 700-dən çox fiziki və hüquqi şəxsinə sanksiya tətbiq edib.

Bunların sırasında daha əvvəl İranla "altılıq" ölkələri arasında imzalanmış Müştərək Əhatəli Plana uyğun olaraq siyahıdan çıxarılmış bir neçə yüz ad, üstəgəl 300-dən artıq yeni ad var. Sanksiyaların tətbiqi fonunda aktual müzakirə obyektinə çevrilən məsələlərdən biri də bunun qonşu ölkələrə necə təsir edəcəyidir.

Artıq məlumdur ki, Vaşinqtonun Tehrana qarşı yeni sanksiyaları Azərbaycana hansısa ciddi təsir  göstərməyəcək. Bakı Tehranla “Şimal-Cənub“ nəqliyyat dəhlizinin inşasını davam etdirir. İran şirkətinin yer aldığı “Cənub Qaz Dəhlizi“ də bu sanksiyalardan yan keçir. ABŞ sanksiyalarına baxmayaraq, İranla əməkdaşlıq digər sahələr üzrə də uğurla davam edir. Amma İrana qonşu ölkələrdən olan Ermənistan artıq indidən böyük əndişə yaşayır. Məsələ burasındadır ki,

Ermənistan iqtisadiyyatı, Rusiya ilə bərabər, İran iqtisadiyyatından da çox asılıdır. Hazırda ABŞ hər iki ölkə ilə, demək olar ki, sanksiyalar dili ilə danışır və bu, Ermənistana getdikcə daha  çox təsir edir. Baş verənlərlə bağlı Ermənistanın “1in.am” saytı yazır: “ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar Ermənistan üçün böyük zərbədir. İrana yönəlik yeni ABŞ sanksiyalarının tətbiq edilməsindən sonra Avropa Birliyi (AB) şirkətləri eyni zamanda həm ABŞ, həm də İran bazarlarında işləyə bilməyəcək. Yeri gəlmişkən, bu dilemma yalnız AB şirkətlərinə deyil, çox ölkə, o cümlədən İranın qonşuları, xüsusilə Ermənistan üçün ciddi problemlər yarada bilər.

Ermənistan bütün mümkün gözlənilməz risqləri nəzərə alaraq, regionda yaranan gərginliyə çox ciddi şəkildə hazır olmalıdır. Çünki İranla ABŞ arasındakı münasibətlər zaman keçdikcə daha da gərginləşir, bu da xüsusilə optimizm üçün əsas yaratmır.

Tehranda və İranın digər şəhərlərində kütləvi nümayişlər keçirilir, iştirakçılar “Amerikaya ölüm!” şüarları səsləndirir. İran prezidenti isə çox sərt bir çıxış edib. Həsən Ruhani iqtisadçılarla görüşdə bəyan edib ki, Tehran ABŞ-ın yenidən bərpa etdiyi, islam dövləti üçün həyati vacib əhəmiyyət kəsb edən enerji və bank  sektorlarına qarşı sanksiyaları pozacaq və öz neftini satacaq.

ABŞ Ermənistanın vacib tərəfdaşı, İransa dost qonşu ölkədir. Təbii, İrəvan maksimum çalışır ki, geopolitik inkişaf  Ermənistan–ABŞ və Ermənistan–İran münasibətlərinə təsir etməsin. Hər halda, indiyədək bütün Ermənistan hakimiyyətlərinin siyasəti belə olub və Nikol Paşinyan hökumətinin proqramında da bu məntiq ortaya çıxır. Ermənistan–İran münasibətləri birinci üçün həyati vacib əhəmiyyət kəsb edir və indiyədək bu xüsusiyyət Vaşinqtonda düzgün qiymətləndirilib. Digər tərəfdənsə, Tramp administrasiyasının siyasəti bir qədər gözlənilməzdir.

Bundan əlavə, İran kampaniyası bu gün Ağ Evin öncəliklərindən biridir. ABŞ prezidentinin müşaviri Con Bolton İrəvanda bəyan edib ki, onların administrasiyası Barak Obamanın komandasına bənzəmir. Bu təsadüfi deyil. Beləliklə, o bildirir ki, respublikaçılar hakimiyyəti İran məsələsində güzəştə getməyə hazır deyil, başqa sözlə, başqalarının vəzifəsi buna əsasən oriyentasiya olmaqdır. Və bu şərait tələb edir ki, Ermənistan gözlənilməz qərarlara da hazır olsun. Çünki İrəvan Ermənistan–İran münasibətlərinin inkişafına hər hansı bir formada təsir etmək imkanına malik deyil, gərginliyin artması isə Ermənistanı çox ciddi dilemma qarşısında qoya bilər. Bundan əlavə, regional gərginlik Ermənistan–Rusiya münasibətlərinin xarakterini də əhəmiyyətli dərəcədə dəyişə bilər. Ekspert Ruben Sarksiyan isə qeyd deir ki, İrana qarşı qoyulan sanksiyalar Ermənistan iqtisadiyyatına da çox ciddi zərbə vurur: “İrana qarşı beynəlxalq sanksiyalar bizim iqtisadiyyatımıza çox güclü şəkildə ziyan vurmaqdadır. Bu sanksiyalar praktik olaraq bizim İranla işbirliyimizi sıfır həddinə salır. Ermənistan artıq beynəlxalq tranzit daşınmalarını həyata keçirə bilmir. Bu, Ermənistan üçün çox böyük və ciddi problemlər yaradır”.  Onun sözlərinə görə, sanksiyalar İranla Ermənistan arasında təsərrüfat subyektləri arasında əlaqələri yubandırır: “Bu isə bizim iqtisadiyyta neqativ təsirini göstərir”.

Bununla yanaşı, digər erməni ekspert Karen Veranyan məsələnin başqa bir tərəfinə diqqət çəkir: “Sanksiyalardan sonra Ermənistana sərmayə yatırmaq istəyən iş adamları tərəddüd qarşısında qalacaq, onlar öz bizneslərini risq altına qoymaqdan çəkinəcəklər.  Bu vəziyyətdə Ermənistan iqtisadi cəhətdən daha çox zərər çəkə bilər. Sanksiyalar təkcə İran şirkətlərinə deyil, həm də İran ərazisində fəaliyyət göstərən bütün qurumlara şamil ediləcək. 
Erməni ekspertin təxminlərinə görə, bütün bunlar bu yaxınlarda Sünikdə açılan “Mehri” azad iqtisadi zonasına da təsirsiz ötüşməyəcək. İran və Ermənistan şirkətlərinin təmsil olunacağı bu azad iqtisadi zona ölkələr arasında ticarət dövriyyəsinin inkişafının təmin edilməsi baxımından yaxşı bir platforma olcaqdı. Onun fəaliyyəti Avrasiya İqtisadi Birliyi bazarına və İpək Yolu layihəsinin həyata keçirilməsi çərçivəsində Çinə də böyük fayda verə bilərdi. Lakin məlum sanksiyalar İran şirkətləri ilə birgə iş aparmağa çalışacaq şirkətlərə, o cümlədən “Mehri” azad iqtisadi zonasına da məhdudiyyətlər gətirəcək. Ona görə də, bütün bunlar “Mehri”  azad iqtisadi zonasında öz nümayəndəliyini açmaq istəyən bir çox iş adamlarını tərəddüd qarşısında qoyacaq. Qısası, onlar öz bizneslərini risq altına qoymaqdan çəkinəcəklər”. Başqa bir erməni politoloq Suren Sarkisyan isə Tramp administrasiyasının əsasən mühafizəkarlardan təşkil olunduğunu, onların isə xarici siyasətdə olduqca açıq mövqe sərgilədiklərini vurğulayır: “ABŞ-ın dostları da var, düşmənləri də. Yəni demokratlar heç olmasa az da olsa bəzi ölkələrdəki situasiyalara anlayış göstərirdisə, indiki administrasiya Ermənistanı keçmişdəkilər qədər anlamaya bilər. İndi atmosfer tamamilə fərqlidir, sanksiya paketi isə olduqca ciddidir, belə olan vəziyyətdə, heç şübhəsiz ki, ABŞ Ermənistan üçün hər hansı istisnalıq göstərən deyil. Ermənistana qarşı sanksiya tətbiq etmək zərurəti yaransa belə, rəsmi İrəvanın İranla  malik olduğu əməkdaşlığı necə anlatmasından asılı olmayaraq, bu baş verəcək. Yalnız Vaşinqtondakı erməni lobbisi situasiyanı nisbətən tarazlaşdıra bilər. Lakin erməni lobbisi hazırda, obyektiv olaraq, bu cür məsələlərlə məşğul olmaq halında deyil. Onların hazırda Ağ Evə heç bir təsiri qalmayıb. Senatda isə mövqeləri olduqca zəifdir. Erməni lobbisi əsasən Senatın beynəlxalq məsələlər üzrə komitəsindəki işlərə köklənib. Lakin bu gün həmin komitə ciddi siyasi qərarların qəbul olunmasına heç bir təsir göstərə bilmir. Daha doğrusu, ABŞ-ın Ermənistandakı mürəkkəb situasiyanı amerikalılara anladacaq həvəsi və halı yoxdur. Vəziyyət heç də Ermənistanın xeyrinə görünmür”.

Tahir TAĞIYEV

Son xəbərlər