19/11/2018 18:26
728 x 90

Beynəlxalq Bankdan oğurlanmış pulların Azərbaycana qaytarılması və Londondakı həbslər...

“Azərbaycan Beynəlxalq Bankı mülkiyyəti millətə aid olan bir səhmdar bank olduğu üçün, Azərbaycan dövləti zərərçəkmiş qismində tanınmalıdır”

img

Fərhad Mehdiyev: “Hacıyevanın orada olan mülkləri müsadirə olunaraq açıq hərracda satılmalı və əldə olunan vəsait Azərbaycan dövlətinə qaytarılmalıdır”

 

Dünyanın nüfuzlu KİV-ləri Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londonda həbs edildiyi haqda məlumat yayıblar. Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri C.Hacıyevin ölkədən çıxardığı “çirkli pullar”la Londonda lüks həyat sürən həyat yoldaşı Z.Hacıyeva uzun müddətdir dünya KİV-lərinin diqqət mərkəzindədir.

Verilən məlumatlarda, həmçinin, bildirilir ki, Azərbaycan tərəfi onun ölkəyə ekstradisiyasında maraqlıdır. Çünki Z.Hacıyeva burada bir sıra maliyyə cinayətlərinin törədilməsində şübhəli bilinir. Hələlik onun ekstradisiyası ilə bağlı məsələ açıq qalır. 55 yaşlı Z.Hacıyeva Londonun mərkəzində 15 milyon funt sterlinq dəyərində evdə yaşayır. O, Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində həbs olunub. Bu sərəncama əsasən, Hacıyeva var-dövlətinin hansı mənbədən əldə etdiyini açıqlamalıdır.

Qeyd edək ki, UWO Britaniyada potensial “çirkli pullar”a malik şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur.

Westminster Magistr Məhkəməsində məlum olub ki, Z.Hacıyeva keçən həftə London polisi tərəfindən həbs olunub. Onun həbsi Azərbaycanda hakimiyyətin Z.Hacıyevanın Bakıya ekstradisiyası barədə xahişi ilə bağlıdır. O, iki mənimsəmə ittihamı ilə üz-üzədir və ötən həftənin çərşənbə axşamı polisə təslim olduqdan sonra təcridxanada saxlanır.

Maraqlıdır, Londonda həbs edilən Z.Hacıyevanın həyat yoldaşı ilə birlikdə oğurlayaraq xaricə çıxardığı külli miqdarda vəsaitin Azərbaycana qaytarılması hansı yollarla mümkün ola bilər?

Beynəlxalq hüquq üzrə ekspert Fərhad Mehdiyevin sözlərinə görə, həmin pullar Azərbaycana qaytarıla bilər: “Məhkəmə qərarı olduğu üçün Z.Hacıyevanın Azərbaycana ekstradisiyası hələlik mümkün deyil. Ancaq Hacıyevanın əmlakı müsadirə olunsa, bu, yeni fakt kimi qiymətləndirilə və onun Azərbaycana ekstradisiya məsələsinə yenidən baxılması üçün müraciət imkanı yarana bilər”.

Hüquqşünas hesab edir ki, onun oğurladığı pulların Azərbaycana qaytarılması mexanizmi mövcuddur: “Çirkli pulların yuyulması” haqqında Avropa Konvensiyası var. Avropa Konvensiyası da beynəlxalq hüququn bir hissəsidir. Bu Konvensiyaya görə, “çirkli pul” varsa, dövlət öz sərhədləri daxilində onun leqallaşmasının qarşısını almalıdır. Z.Hacıyevanın da ölkədən çıxardığı pullar Azərbaycana qaytarıla bilər. Ancaq bunun qaytarılması üçün gərək Azərbaycan Hökuməti müraciət etməlidir. Bu, diplomatik kanallar, prokurorluğun əlində olan sübutlar, C.Hacıyev haqqında məhkəmənin qərarı, ittiham hökmündəki məqamlar və s. kimi sənədlər xarici dilə tərcümə edilərək rəsmiləşdirilməli və İngiltərədə istintaqı aparan orqana verilməlidir.

Azərbaycan Beynəlxalq Bankı mülkiyyəti millətə aid olan bir səhmdar bank olduğu üçün, Azərbaycan dövləti zərərçəkmiş qismində tanınmalıdır. Belə olarsa, mənbəyi müəyyən edilməyən pul vəsaitləri, Hacıyevanın orada olan mülkləri müsadirə olunaraq açıq hərracda satılmalı və əldə olunan vəsait Azərbaycan dövlətinə qaytarılmalıdır. Bu mexanizm var və işləyəcək də. Ancaq Azərbaycan hüquq-mühafizə orqanları ciddi fəaliyyət göstərməsə, bu prosesi peşəkar vəkillər qarşı tərəfin sübut təqdim etməməsi səbəbilə uda bilər və o pulları, əmlakı müsadirədən qoruma fürsəti qazanarlar”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər