19/11/2018 18:23
728 x 90

İrəvandan Qarabağa çəkilən üçüncü yolun əsl hədəfində İran (?)...

img

Elxan Ələsgərov: “Həmin bölgədəki mövcud şərait də gələcək hərbi əməliyyatlarda Ermənistan üzərindən İrana qarşı istifadə üçün yararlıdır”
Qabil Hüseynli: “ABŞ ondan istifadə etsə, bütün beynəlxalq normaları pozmuş olacaq, həm də konfliktin həlli ilə bağlı neytral mövqeyini itirə bilər”

 

“Baku Netvörk” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov Ermənistanın növbəti gizli niyyətilə bağlı ciddi bir məqamı açıqlayıb. Politoloqun sözlərinə görə, ABŞ sanksiyalardan sonra indi də İranla bağlı hərbi hazırlıqlara başlayıb.

Elxan Ələsgərov bunu  Boltonun Cənubi Qafqaza səfəri və orada İranla bağlı gedən müzakirələrin nəticəsi kimi gördüyünü deyib: “Ümumiyyətlə, sanksiyalar ABŞ-ın İrana qarşı siyasətinin, sadəcə, ilkin mərhələsi idi. ABŞ-ın İrana qarşı siyasətinin əsas və yeni mərhələsi başlayır. Belə ki, ABŞ sanksiyalardan sonra indi də İranla bağlı hərbi hazırlıqlara başlayıb. Hazırda ABŞ-ın bu siyasətinin cizgilərini Suriyada, Ermənistanda və digər ölkələrdə görməkdəyik. ABŞ-ın İranı cənub, şərq və qərbdən əhatə edən müttəfiqləri - Əfqanıstan, İraq və Körfəz ölkələri onsuz da Vaşinqtonun siyasətini dəstəkləyirlər. Belə olan halda, İrana bu ölkənin şimal sərhədi Ermənistan üzərindən nəzarət etmək qalır. Üstəlik, Ermənistandakı durum da ABŞ-a həmin istiqamətdən İrana qarşı imkanlar əldə etməyə böyük fürsət verir. Birincisi, Ermənistan hazırda qərbyönümlü qrantlarla maliyyələşən, kütlə çevrilişilə hakimiyyətə gələn dövlət başçısını seçməyə hazırlaşır. İkincisi, təcrübəsiz Paşinyan çaşqın bəyanatlar verməkdə davam edir. Üçüncüsü, Ermənistan maliyyə baxımından böhranlı vəziyyətdədir. Bu fonda, Ermənistanın pulla alınması olduqca asan bir məsələyə çevrilir”.

Politoloq Ermənistandan Qarabağa üçüncü avtomobil yolunun çəkilməsinin də məhz eyni məqsədə xidmət etdiyini bildirib: “Bu yolun İranla sərhədin yaxınlığından keçməsi təsadüfi deyil. Çünki sözügedən yol hərbi baxımdan Qarabağda erməni birləşmələrinə heç nə vəd etmir. Digər tərəfdən, Zəngilan tərəfdən çəkiləcək bu yol heç yaşayış üçün də nəzərdə tutulmayıb. Çünki həmin ərazidə yaşayış məntəqələri yoxdur. Bütün bunlar yalnız bir mətləbdən xəbər verir. Belə ki, sözügedən yoldan məhz İrana qarşı plasdarm, yaxud da hərbi bölgə məqsədilə istifadə ediləcək. Görünür, Ermənistan Dağlıq Qarabağda hansısa dövlətlərin hərbi birləşmələrinin yerləşməsinə icazə verib. Həmin bölgədəki mövcud şərait də gələcək hərbi əməliyyatlarda Ermənistan üzərindən İrana qarşı istifadə üçün yararlıdır. Nəzərə alsaq ki, Ermənistanda ASALA və Melkonyanın terror dəstələri var, bu mənada, Paşinyanın həmin qüvvələri Dağlıq Qarabağdakı terrorçularla əlaqələndirmək istəyi heç də səbəbsiz deyil”.

Göründüyü kimi, iddia edilir ki, Ermənistanın Dağlıq Qarabağa çəkməyə hazırlaşdığı 3-cü yolun başlıca təyinatında İrana qarşı istifadə olunmaq kimi məqsədlər güdülüb. Bu versiyanı nə dərəcədə inandırıcı saymaq olar və belə olacağı təqdirdə İran-Ermənistan münasibətlərinin gələcəyini necə təsəvvür edə bilərik?

Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, Ermənistanın Dağlıq Qarabağ ərazisinə çəkməyə hazırlaşdığı üçüncü yol doğrudan da hərbi təyinatlıdır: “Bu yolun çəkilməsi niyyəti doğrudan da maraqlı görünür. Çünki sual yaranır: Ermənistanla Dağlıq Qarabağı birləşdirən iki yolun olduğu halda, səfalət içərisində yaşayan Ermənistana əlavə xərc çəkmək nəyə lazımdır? Məndə olan məlumata görə, həmin yol Livan ermənilərinin ayırdığı maliyyə dəstəyi hesabına ərsəyə gələcək. Həmin hərbi təyinatlı yoldan İrana qarşı deyil, Azərbaycana qarşı istifadə olunacağı planlaşdırılır. Məqsədləri budur ki, Azərbaycan hərbi əməliyyatlara başlayacağı təqdirdə, Dağlıq Qarabağ ərazisinə hərbi qüvvələrin çatdırılması məqsədilə alterantiv yol kimi istifadə olunsun. Həmin yoldan İran əleyhinə istifadə olunması mümkündür, amma onun tikintisi hələ uzun çəkəcək. Mən inanmıram ki, Ermənistan İranla bağlı belə bir risqə getsin. Çünki İran hazırda həmin ölkə üçün yeganə vacib nəfəslik rolunu oynayır. Özü də bu hal Dağlıq Qarabağ münaqişəsi başlayandan indiyə kimi davam edir. ABŞ və Qərb koalisiyasının bundan əvvəl də olan sanksiyalarının heç birində Ermənistan İrana qarşı yer almayıb. Bu baxımdan da deyilən versiyanı inandırıcı saymıram. Çünki ABŞ-ın İrana həmləsi olacaqsa, iki il sonraya planlaşdırılmır ki, həmin yolun açılışını gözləsinlər”.

Ekspert başqa bir vacib detala toxunaraq, ABŞ-ın həmin yoldan İran əleyhinə istifadəsini mümkünsüz saydı: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında vasitəçilik edən Minsk Qrupunun həmsədrlərindən biridir. Həmin yol da Azərbaycanın işğal altında olan ərazilərini əhatə edəcək. ABŞ ondan istifadə etsə, bütün beynəlxalq normaları pozmuş olacaq, həm də konfliktin həlli ilə bağlı neytral mövqeyini itirə bilər. Əlavə olaraq qeyd edim ki, hazırda İran-Ermənistan sərhədində rus hərbçilər xidmət edirlər. Onların belə bir planın reallaşmasına imkan verməsi inandırıcı görünmür. Yəni Rusiya da imkan verməz ki, ABŞ gəlib onun forpostu olan ölkədə belə bir planı həyata keçirsin”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər