19/11/2018 16:12
728 x 90

ABŞ-İran sanksiya davasının son üç günü və dünyada neft qiymətlərinin dinamikası...

“İlin sonunadək qiymətlərin necə dəyişəcəyini demək bir qədər çətindir”

img

İlham Şaban: “Risqlər nəzərə alınmasa, ilin sonuna kimi qiymətin 74-75 dollar ətrafında dəyişəcəyi ehtimal edilir”

 

Məlum olduğu kimi, noyabrın 5-də ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci mərhələsi rəsmən qüvvəyə mindi. Belə ki, Birləşmiş Ştatların rəsmi Tehrana qarşı sanksiyalarının ikinci paketi əsasən İran Milli Neft Şirkəti (NIOC) və Milli Tanker Şirkəti (NITC) daxil olmaqla, İrandan neft, neft məhsulları və neft-kimya məhsullarının satışına beynəlxalq məhdudiyyətləri əhatə edir.

Altı maddədən ibarət olan sanksiyalar, həmçinin, İranın liman operatorları, yük və gəmiqayırma sektorunu, gəmiçilik şirkətləri və digər əlaqədar qurumları, maliyyə sektorunu, nəqliyyat və sığorta şirkətlərini, eləcə də enerji sektorunu hədəf alıb.

Ancaq bütün bunlarla yanaşı, sanksiyalar çərçivəsində İrandan neft idxalını əhəmiyyətli dərəcədə azaldan 8 ölkəyə - Türkiyə, Çin, Hindistan, Koreya Respublikası, İtaliya, Yunanıstan, Yaponiya və Tayvana müvəqqəti güzəşt tətbiq olunacaq.

Ümumilikdə, bu il neftin qiyməti artmağa doğru meylli olub. Yəni ABŞ sanksiyalara başlamazdan əvvəl neftin qiymətində bahalaşma müşahidə olunub. Bu ilin mayında Birləşmiş Ştatlar 2015-ci ildə İranla imzalanan nüvə sazişindən birtərəfli qaydada çıxıb. Ondan sonra İrana qarşı sanksiyaların birinci mərhələsi işə salınıb. Eyni zamanda, bəyan olunmuşdu ki, noyabrda növbəti sanksiyalar tətbiq olunacaq. Ancaq maraqlıdır ki, neftin qiyməti sanksiyalar qüvvəyə minənə qədər, bir müddət artan xətt üzrə hərəkət etdi. Lakin sanksiyaların ikinci mərhələsi qüvvəyə mindiyi ərəfələrdə nəzərəçarpacaq dərəcədə qiymətlər ucuzlaşmağa başladı.

Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirirlər? Sanksiyalardan sonra bir neçə gündə neftin qiymətləri ilə bağlı dinamika necə dəyişib?

Sözügedən məsələyə aydınlıq gətirən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın fikrincə, neftin qiyməti ucuzlaşsa da, ilin sonunadək qiymətlərin necə dəyişəcəyini demək bir qədər çətindir: “Neftin qiyməti cümə günündən başlayaraq aşağı enməyə davam edir. Hazırda qiymətlər 73 dollar ətrafındadır. Bu da o deməkdir ki, oktyabr ayı ilə müqayisədə qiymətlər 14 dollaradək düşüb. Oktyabr ayında qiymətlərin qalxmasının bir sıra səbəbləri var idi. Belə ki, bazar iştirakçılarında bazardakı vəziyyət haqda dumanlı bir təsəvvür  mövcud  idi. Bazar iştirakçıları ABŞ-ın sanksiyalarından sonra vəziyyətin necə dəyişəcəyini bilmirdilər. Həmçinin, İranın bazardan çıxarılan həcmlərinin doldurulub-doldurulmayacağı sual altında idi. Digər tərəfdən, sanksiyaların hansı səviyyədə olacağı və özündə nələri ehtiva edəcəyi də bəlli deyildi. Sanksiyaların gərginliyinin hansı dərəcəyə qədər yüksəldəcəyi də hamıya maraqlı idi. Başqa bir səbəb isə ABŞ-ın digər ölkələrlə iqtisadi-ticarət əlaqələrinin və İrandan asılı olan ölkələrin aqibətinin necə olacağının bazar iştirakçılarına qaranlıq qalması idi. Ona görə də qiymətlər durmadan artırdı. Son beş gündə bütün suallara cavab tapıldı. ABŞ Maliyyə Nazirliyinin rəsmi saytında verilən açıqlamalar vəziyyəti tam olaraq aydınlaşdırdı. Ona görə də hazırda qiymətlərdə enmələr müşahidə olunur. İran rəsmilərinin və bəzi analitiklərin qiymətlərin 150 dollar həddini keçəcəyi haqda proqnozları, təbii olaraq, özünü doğrultmadı. Çünki siyasi və iqtisadi risqlər aradan qaldırıldı. İlin sonunadək qiymətlərin necə dəyişəcəyini demək bir qədər çətindir. Çünki neft elə bir məhsuldur ki, baş verən bütün proseslərə həssas reaksiya verir. Bu cür risqlər nəzərə alınmasa, ilin sonuna kimi qiymətin 74-75 dollar ətrafında dəyişəcəyi ehtimal edilir. Çünki ilin 9 aylıq yekununa görə, Brent markalı neftin orta qiyməti 75,2 dollar olub. OPEC ölkələrinin dekabr ayındakı toplantısında kvotaların həcminə yenidən baxılacaq. İki il əvvəl təyin edilən kvotalarda bəzi dəyişikliklərin olacağı şübhəsizdir. Çünki İranın payına düşən neft həcmləri digər iştirakçılar tərəfindən qarşılanmalıdır”.

Vidadi ORDAHALLI

Son xəbərlər