19/11/2018 16:14
728 x 90

Ermənistan “hamının-hamıya” prinsipi ilə Azərbaycanla humanitar əməkdaşlıqdan da imtina edir...

“David Tonoyanın açıqlaması, əslində, gecikmiş olsa da, onların girovların dəyişdirilməsi prosesinə razılığının əlaməti sayıla bilər”

img

Əhməd Şahidov: “Ermənistanın açıqlama verməsi beynəlxalq təşkilatların və hazırda Azərbaycanda saxlanan üç erməni diversantın ailələrinin...”

 

Ermənistan kütləvi informasiya vasitələrində verilmiş məlumata əsasən, həmin ölkənin müdafiə naziri vəzifəsinin icraçısı, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri David Tonoyan Azərbaycan tərəfinin əsirlərin dəyişdirilməsinə dair təklifi barədə mətbuatdan oxuduğunu və rəsmi təklif almadıqlarını bildirib.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bildirir ki, 29 aprel 2016-cı il tarixdə Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) ünvanladığı məktubunda hazırda hər iki tərəfdə saxlanan şəxslərin dərhal azad edilməsi və gələcəkdə əsir-girov götürülən şəxslərin, eyni zamanda, meyitlərin 3 gündən gec olmayaraq qaytarılması ilə bağlı saziş layihəsinin hazırlanmasını təklif edib. BQXK bu təklifin Ermənistan tərəfinə çatdırıldığını və saziş layihəsi üzərində müvafiq iş apardığını bildirib.

Bununla yanaşı, Dövlət Komissiyası Dağlıq Qarabağ münaqişəsi bölgəsində itkin düşmüş şəxslərin axtarışı, əsir-girovların azad edilməsi üzrə Beynəlxalq İşçi Qrupu (BİQ) ilə 2017-ci və 2018-ci illərdə Bakıda keçirdiyi görüşlər zamanı tərəflərdə saxlanan şəxslərin qısa müddətdə “hamının-hamıya” prinsipi ilə azad edilməsi məsələsini müzakirə edib. Bu təklif son iki ildə Ermənistana və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər etmiş BİQ həmsədrləri - Bernhard Klazen (Almaniya), Svetlana Qannuşkina (Rusiya) və Paata Zakeriaşvili (Gürcüstan) tərəfindən Ermənistanın müvafiq qurumlarına çatdırılaraq müzakirə edilib.

Son dəfə cari ilin oktyabr ayında Ermənistana və işğal olunmuş Dağlıq Qarabağa səfər edən BİQ həmsədrləri Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu ilə telefon əlaqəsi saxlayaraq, bu ilin noyabr ayının sonunda Gürcüstanın Tiflis şəhərində hər iki ölkənin dövlət komissiyalarının görüşünün keçirilməsini planlaşdırdıqlarını və müzakirəyə çıxarılacaq mövzuları razılaşdırmaq istədiklərini bildiriblər.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası müzakirəyə çıxarılacaq əsas məsələnin hazırda tərəflərdə saxlanan şəxslərin qısa müddətdə “hamının-hamıya” prinsipi ilə azad edilməsi mövzusu olacağı təqdirdə, Azərbaycan tərəfinin görüşə hazır olduğunu BİQ həmsədrlərinin diqqətinə çatdırıb.

Göründüyü kimi, Ermənistan tərəfi əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar məsələdən məqsədli şəkildə yayınmağa çalışır. Bu yöndə aparılan müzakirələrin təhrif olunmasına yol verir. Ermənistanın bu məsələdən yayınmaq istəməsinin kökündə hansı amillər dura bilər və bu istiqamətdə hansısa irəliləyişi gözləməyə dəyərmi?

Azərbaycanlı girovların azad edilməsi istiqamətində mühüm Avropa institutlarında daim çıxışlar edən hüquq müdafiəçisi Əhməd Şahidov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri və eyni zamanda, müdafiə naziri olan David Tonoyanın açıqlaması, əslində, geçikmiş olsa da, onların girovların dəyişdirilməsi prosesinə razılığının əlaməti sayıla bilər: “Azərbaycan tərəfi bir ildən çoxdur bu təşəbbüsü irəli sürüb. Həm rəsmi qurumlarımız, eyni zamanda, vətəndaş cəmiyyəti olaraq biz müxtəlif platformalarda bu məsələni qaldırmışıq. Sadəcə, Ermənistan tərəfinin heç də xoşlamadığı və daim müzakirəsindən yayındığı bir məsələ ilə bağlı rəsmi səviyyədə açıqlama verməsi beynəlxalq təşkilatların və hazırda Azərbaycanda saxlanan üç erməni diversantın ailələrinin həmin ölkənin rəhbərliyinə etdiyi təzyiqlər nəticəsində mümkün olub. Göründüyü kimi, Tonayan yalan danışmaqla mövzudan yayınmağa çalışıb. Sanki o, beynəlxalq ictimaiyyətə demək istəyir ki, əvvəldən xəbərləri olsaydı, guya daha rasional davranış nümayiş etdirərdilər. Gec də olsa, Ermənistan tərəfi nəhayət ki, girovların dəyişdirilməsi prosesinə razı kimi görünür”.

Hüquq müdafəçisinin sözlərinə görə, son illər ərzində Azərbaycan tərəfi bütün platformalar üzrə mövzu ilə bağlı aktiv iş aparıb: “Bundan indiyə kimi xəbər tutmamaq absurd görünür və təbii ki, belə yalana kimsə inanan deyil. Sadəcə, burda bir amil də var. Son illər Azərbaycan tərəfinin Karen Kazanyan və başqa bir diversantı ələ keçirməsi Ermənistan tərəfini məcbur etdi ki, onlar girovların dəyişdirilməsinə razılıq versinlər. Bizim mülki girovlarımız olan Dilqəm Əsgərov və Şahbaz Quliyev onların əlindədir. Əvvəl bizim əlimizdə tək Arsen Baqdasaryan idi. Hazırda  Baqdasaryandan əlavə, Karen Kazanyan və Tonayan soyadlı üçüncü erməni diversantı da Azərbaycanın əlinə keçib. Bununla da Ermənistanda saxlanan girovlarla Azərbaycanda saxlanan erməni diversantları arasında say bərabərləşib. Bilirsiniz ki, Şabaz və Dilqəmdən əlavə, Elnur Hüseynzadə adlı bir mülki vətəndaşımız da onların əlindədir. Dövlət Komissiyasının rəhbəri cənab Mədət Quliyevin son açıqlamasındakı “hamının-hamıya” prinsipi müharibə tarixində bütün dünyada tətbiq olunan humanist prinsipdir. Yəni say nəzərə alınmadan bütün girovların dəyişdirilməsi nəzərdə tutulur. Dövlət Komissiyasının açıqladığı məlumatda bir daha təsdiq edilir ki, Azərbaycan tərəfi müxtəlif səviyyələrdə Ermənistana bu təklifini irəli sürüb. İnanıram ki, Beynəlxalq İşçi Qrupunun bu ayın sonunda Tiflis şəhərində planlaşdırılan görüşü baş tutacaq və bunun nəticəsində azərbaycanlı girovlar: Dilqəm Əsgərov, Şahbaz Quliyev və Elnur Hüseynzadə sağ-salamat Azərbaycana təhvil veriləcək. Mən buna inanıram”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər