19/11/2018 18:28
728 x 90

Aydın Quliyev: “Azərbaycan dünyanı Ermənistanın regionda yeganə böyük təhlükə mənbəyi olduğuna inandıra bilib”

img

Prezident İlham Əliyevin Ağdam rayonuna səfəri zamanı ölkəmizin inkişafı, bölgələrin dəyişməsi, Qarabağ münaqişəsi, eləcə də dil və mədəniyyətimiz barədə fikirlərini həm realllq, həm də məlum beynəlxalq dairələrə dəqiq mesajlar kimi qəbul etmək lazımdır.

Bunu Trend-ə açıqlamasında "Bakı-Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Ekspert bildirib ki, Azərbaycan cəmiyyəti ölkəmizin narahat dünyada aydın və sistemli bir yolla hara və hansı hədəflərə doğru getdiyi barədə Prezidentdən aydın mülahizələri bir daha eşitdi: "İnsanlarımızda müəyyən proseslərlə bağlı yaranan sualların aradan qaldırılmasında və vətəndaşların dövlətçilik ətrafında daha sıx birləşməsində dövlət başçısının səsləndirdiyi belə mesajların böyuk rolu var. Cənab Prezidentin bütün məsələlər barədə çox inamla danışması onun bütün vəziyyəti aydın görməsi və cəmiyyətin həlledici dəstəyinə əmin olmasının əlamətidir. Cəbhəyanı bölgələrdə Prezident İlham Əliyevin xüsusilə Qarabağ münaqişəsi barədə fikirləri özünün çağırış və yönləndirici gücü baxımından diqqət cəlb edir. Bölgəmizdə yaranmış vəziyyəti xatırlatmaq, dünyanın diqqətini yenidən Ermənistandakı xunta rejiminin mahiyyətinə cəlb etmək, Ermənistanın indiki hakimiyyətinin əvvəlkilərin səhvlərindən nəticə çıxarmasının vacibliyi və regional layihələrdən təcridolmanın daha da dərinləşə biləcəyi barədə xəbərdarlıqlar özlüyündə ayrı-ayrı məsələlər olsa da, bir-birinə sıx bağlıdır və əslində aparılan sistemli bir siyasətin zəruri tərkib hissələrindən xəbər verir. Bütün bunların təhlili göstərir ki, regionda sülh və inkişaf üçün lazım olan bütün layihələrin icrasında ardıcıl siyasət Azərbaycanı çox güclü mövqelərə çıxarıb. Azərbaycan regiondakı ümumi inkişaf yolunda Ermənistanın yeganə böyük təhlükə mənbəyi olduğuna dünyanı inandıra bilib".

A.Quliyevin sözlərinə görə, Azərbaycan Prezidenti əmindir ki, dünya Ermənistandakı xunta rejimini qınamaq yolunda daha artıq səylər göstərməsə, regionumuzun inkişafını yeni mərhələyə çıxarmaq vəzifəsi yerinə yetirilməyəcək: "Əslində Prezident Əliyev Ağdamdan dünyaya daha dərin düşüncələr üçün iki əsas ideya verdi. Birinci, konstruktiv danışıqlar mühitinin yaradılmasında Ermənistanın indiki rəhbərinin əvvəlki hakimiyyətlərin Qarabağ səhvlərindən nəticə çıxarması və dünyanın Ermənistandakı xunta rejiminin mahiyyəti ətrafında müzakirələr açması çox vacibdir. Bütün bunların edilmədiyi təqdirdə, Ermənistanın təcridinin gücləndiriləcəyi barədə qətiyyətli bəyanat Azərbaycanın daha bir xəbərdarlığı kimi qəbul edilməlidir. Prezident cəbhə xəttinin yaxınlığında böyük abadlıq işləri, kapital qoyuluşu və ordunun tam hazırlığı barədə inamlı çıxışla Azərbaycanın doğru yolda hərtərəfli hazırlıqla getdiyini nümayiş etdirdi".

Son xəbərlər