19/11/2018 18:27
728 x 90

Elmar Məmmədyarovu qaralamaq naminə diplomatiyamızın uğurlarını görunməz edənlər...

img

Oktyabrın 29-da İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 7-ci üçtərəfli görüşü keçirildi. Regionda cərəyan edən mürəkkəb siyasi proseslər fonunda keçirilən bu görüş, heç şübhəsiz, bütün dünya ictimaiyyətinin diqqət mərkəzində olub, aparıcı politoloqların müzakirə mövzusuna çevrilib. Və təbii ki, ölkəmizin Türkiyə və Gürcüstanla üçtərəfli və digər çoxtərəfli formatlarda iştirakı, burda  əldə edilmiş nəticələr Azərbaycan dövlətinin xarici siyasət kursunun uğuru hesab edilir. Çünki sözügedən platformalar çərçivəsində əməkdaşlıq ölkəmizə qarşı təhlükələri neytrallaşdırmağa, siyasi,  iqtisadi və humanitar münasibətlərin inkişafına, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirməsinə xidmət edir.

Lakin maraq doğuran məqam odur ki, adıçəkilən görüşü işıqalandıran bəzi  qəzetlər, internet portalları, həmçinin sosial şəbəkələrin istifadəçiləri diqqəti görüşün mahiyyətinə deyil, məhz Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarovun çıxışına yönəldiblər. Yazı və şərhlərdə nazirin Azərbaycan dilində səlis danışmaması faktı ön plana çəkilərək, görüşün əldə edilmiş mühüm nəticələri kölgədə saxlanır.

Şübhəsiz ki, hər bir azərbaycanlı və ələxsus da dövlət məmuru öz ana dilində sərbəst və səlis danışmalıdır. Lakin bir  məqam var: bu da danılmazdır ki, xarici işlər naziri postu, digər vəzifələrdən fərqli olaraq, bütün dünya ölkələrində spesifik xarakter daşıyır. Çünki bu vəzifənin mahiyyəti fəaliyyətin ölkə daxilndə deyil, əsasən ölkə hüdudlarından kənarda  aparılmasından ibarətdir. Xarici işlər naziri xüsusi siyasi savad daşıyıcısı, ölkəsinin daxili vəziyyətinin incəliklərini bilən, dünyada cərəyan edən proseslərin nəbzini tutmaq qabiliyyəti olan və dünyada baş verən bütün hadisələri analiz edib ölkəmizin maraqlarını nəzərə almaqla çevik qərar qəbul etmək istedadına malik bir şəxs olmalıdır.  Təbii  ki, beynəlxalq arenada fikirlərini tam sərbəst şəkildə ifadə etmək üçün xarici siyasət orqanı rəhbəri BMT tərəfindən rəsmi qəbul edilmiş dillərdə və xüsusilə ingilis dilində mükəmməl bilməlidir. Habelə yaşadığımız regionun reallıqlarını nəzərə alaraq,  üzv  olduğumuz Müstəqil Dövlətlər Birliyi, GUAM, ümumilikdə bütün postsovet məkanı çərçivəsində, həmçinin  bəzi Şərqi Avropa ölkələri ilə  əməkdaşlığı təmin etmək üçün nazir rus dilində də tam sərbəst danışmalıdır.

Məhz bu səbəbdən də dünyanın bir çox dövlətərində və  bizə qonşu olan ölkələrdə  xarici işlər naziri postuna uzun müddət xaricdə yaşamış, xarici dillərdə təhsil almış və hətta xarici ölkənin vətəndaşı olmuş təcürbəli şəxslər dəvət olunur. Göstərilən obyektiv səbəblərdən bu şəxslər bir çox hallarda öz ana dilini mükəmməl bilməsə də, qarşısına qoyulmuş vəzifələri məharətlə yerinə yetirir. Bu baxımdan ingilis və rus dillərini tam mükəmməl bilən, böyük diplomatik təcrübəyə və xüsusi siyasi savada malik, siyasi və diplomatik çevrələrdə tanınan və qəbul edilən Elmar Məmmədyarov  xarici işlər naziri üçün tələb olunan vacib və əsas kriteriayalara cavab verən təcrübəli diplomat hesab olunur.

Onu da qeyd etməliyik ki hazırda bizim təmsil olunduğumuz regionda, yaxın və uzaq  qonşuluğumuzda müharibələr, münaqişələr, sanksiyalarla müşahidə olunan mürəkkəb proseslər gedir. Və məhz bu fonda Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu çoxvektorlu və tarazlaşdırılmış xarici siyasət bütün dünya ölkələri tərəfindən təqdirəlayiq hesab olunur. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həyata keçirilən danışılar prosesi, Azərbaycanın siyasi və iqtisadi maraqlarını təmin etmək üçün regional və qlobal nüfuz sahibi olan ölkələrlə bərabərhüquqlu münasibətlərin qurulması, regionda cərəyan edən proseslərdən gələn təhlükələrin neytrallaşdırılması və digər mühüm işlər bu siyasətin tərkib hissəsidir. Danılmaz faktdır ki, xarici  siyasətimizin düzgün qurulması nəticəsində Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində aparılan danışıqlarda Azərbaycan daha güclü mövqelərdən çıxış edir və nəticə etibarı ilə bütün dünya ölkələri Dağlıq Qarabağın Azərbaycan əraziləri olduğunu, Ermənistan tərəfindən işğala məruz qaldığını qəbul edir. Eyni zamanda bir sıra ölkələrin qanunverici orqanları Xocalıda baş vermiş hadisələri  soyqırım kimi rəsmən tanıyıb və bəzi ölkələrdə Xocalı qurbanlarına abidələr ucaldılıb. O da göz önündədir  ki, xarici siyasətin düzgün formalaşması və idarə olunması nəticəsində Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri daimi üzvü seçilib, Qoşulmama Hərəkatına üzv olub, bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edib, öz ardıcıl siyasəti ilə beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınıb. Çoxtərəfli əməkdaşlığın uğurlu nəticəsi olaraq, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin  ən önəmli mərkəzinə çevrilib, Bakı-Tiflis-Ceyhan, TAP-TANAP, Bakı-Tiflis-Qars, ölkəmiz və bütövlükdə dünya üçün əhəmiyyət kəsb edən digər enerji və nəqliyyat layihələrinin təşəbbüskarı olub. Gündən-günə güclənən Azərbaycan xarici siyasətinin bundan sonra yeni, daha böyük uğurlara imza atacağı heç kəsdə şübhə doğurmur.

Bu gün Azərbaycan dövlətinin yürütdüyü uğurlu siyasi kursun icra edilməsində əsas rollardan biri də  məhz xarici işlər nazirliyinə və onun rəhbərinə məxsusdur. Və bu baxımdan demək olar ki, indiyə qədər bu sahədə əldə edilmiş uğurlarda bütövlükdə xarici siyasət orqanının və fərdi olaraq nazir E. Məmmədyarovun xüsusi rolu var.

Biz Azərbaycan XİN rəhbərinin  müdafiəsinə qalxmaq və ya kiməsə yazılarına görə irad  tutmaq fikrindən uzağıq. Lakin dövlətçilik ənənələrini daim ali tutaraq hesab edirik ki, sözügedən üçtərəfli görüş haqqında yazılan tənqidi materiallar xarici  işlər nazirliyimizin guya səriştəsiz əllərdə olması haqda tam yalnış fikir yaratmaqla ölkənin dünyada artmaqda olan nüfuzuna kölgə salır. O üzdən, hər bir azərbaycanlı Azərbaycan barədə ictimai rəy formalaşdıra biləcək istənilən fikrində milli təəssübkeşlik hissindən uzaqlaşmamağa diqqət etməlidir. 

Tahir TAĞIYEV

Son xəbərlər