19/11/2018 18:27
728 x 90

Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm yeniliklər mərhələsi başlanır

img

İşğal siyasətini davam etdirən Ermənistana qarşı beynəlxalq müstəvidə yeni təzyiq dalğalarının yarandığı daha açıq şəkildə müşahidə olunmaqdadır. Bunun ümdə səbəbi Ermənistanın Qərb və Rusiya arasında manevr edərək hər iki tərəflə sərfəli əməkdaşlıq qurmaq cəhdləri, amma bu zaman kobud səhvlərə yol verməsidir.

Nəticə ondan ibarətdir ki, hər Qərb, həm də Rusiya İrəvandan üz döndərməkdədir. Ekspertlər bildirir ki, əslində yeni gedişlər etməklə, baş nazir vəzifələrini icra edən Nikol Paşinyan Ermənistan üçün Azərbaycan nümunəsini təkrarlamaq istəyib. Çünki Azərbaycanın Qərb və Rusiya ilə kifayət qədər yüksək münaibətləri mövcuddur, tərəflər ölkəmizlə əməkdaşılğa xüsusi önəm verir. Amma İrəvanın bu nümunəni təkrarlamaq cəhdləri tamamilə fiaskoya uğrayıb.

Hazırda real mənzərə bundan ibarətdir ki, həm Qərb, həm də Rusiyadan Ermənistana təzyiqlər artır. Ekspertlər bu vəziyyətin Dağlıq Qarabağ münaqişəsinin gedişinə də təsirsiz ötüşməyəcəyini vurğulayır. İndilikdə görünən budur ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun regiona məlum səfərindən sonra Ermənistan üzərində təzyiqlər daha da artır. Rusiyalı hərbi analitik Pavel Felgenhauer bildirir ki, Con Boltonun səfərindən sonra Moskvada antierməni və antipaşinyan isteriyası formalaşır: “Moskvanın öz üslubunu dəyişib Ermənistanda yaranan çətin situasiyanı başa düşməyə cəhd edəcəyini düşünməyə dəyməz. Ermənistan çox çətin situasiyaya düşüb. İrəvanın atacağı hər bir səhv addım isə bu situasiyanı daha da çətinləşdirəcək. Cənubi Qafqaz respublikaları içərisində İranla münasibətlərdə əsas açar ölkə Ermənistan sayılır. Buna görə də Amerika tərəfi Ermənistandan İranla sıx əlaqələri kəsməyi tələb edir. Moskvaya gəlincə, Paşinyanın ABŞ silahlarını ala biləcəkləri haqda bəyanatı Rusiyada isteriya yaradıb. Moskva indidən deyir ki, amerikalılar indi də Ermənistanı bizdən alır. Moskva öz sərt davranışlarını dəyişməyəcək”. Onun sözlərinə görə, indiki zamanda həqiqətən də Ermənistanın ABŞ silahlarına ehtiyacı var: “Ermənistan Azərbaycana bu məsələdə uduzur. Bakı bu cür silahları İsraildən almaqla kompensasiya edir, amma Rusiyada bu cür silahlar yoxdur. Məntiqlə, Moskva belə situasiyada Ermənistanın öz təsirində saxlanması üçün ona daha çox rus silahı almağa imkan verəcək yeni sərfəli kreditlər təklif edə bilərdi. Amma Kreml daha İrəvana etibar etmir, əvəzində Azərbaycanla daha sıx işbirliyinə gedir. Yəqin ki, Qarabağ məsələsində də bu hal özünü göstərəcək. Paşinyana bundan öncə də güvənmirdilər. Boltonun bəyanatından sonra Moskvanın Ermənistanda hakimiyyətə qərbyönlü adamların gəlməsini deməyə əsasları yaranır”.

Digər rusiyalı hərbi ekspert Aleksandr Xramçik də eyni mövqe sərgiləyir: “Ermənistan ABŞ-a yaxınlaşmağa və bu ölkənin silahını almağa qərar verəcəksə, bu proses Kremlin xoşuna gəlməyəcək. Doğrudur, mən bunun hansı dramatik nəticələrə gətirib çıxaracağını bilmirəm, lakin nələrsə olacaq. Hərçənd, Gürcüstan və Ukrayna nümunələri göstərir ki, Rusiyaya qarşı ABŞ-la dostluq etməyin kədərli nəticələri olur”. Xramçik qeyd edib ki, ABŞ silahları müəyyən göstəricilərə görə Rusiya silahlarını qabaqlayır: “Lakin bu silahlar kifayət qədər bahadır və Ermənistan hərbi büdcəsi bunu qarşılaya bilməz. Ukraynada da eyni vəziyyət yarandı, halbuki, bu ölkənin hərbi büdcəsi Ermənistanın hərbi büdcəsindən dəfələrlə çoxdur. Yəni ABŞ-dan metal qırıntısı almaq ucuz olacaq və bu qırıntılar Rusiya silahından heç də yaxşı deyil. Ən müasir silahlar almaq istəyən isə gərək bunun üçün fantastik miqdarda pullar ödəsin. Digər tərəfdən, ABŞ-ın, Ukrayna kimi, Ermənistana da “soyuq müharibə”dən qalmış köhnə silahlar verəcəyi istisna deyil. Bununla yanaşı, ABŞ silahını saxlamaq da əlavə xərclər deməkdir. Çünki şəxsi heyəti yenidən öyrətmək və yeni silahlar üçün detallar almaq lazımdır. Üstəlik, müharibə zamanı Ermənistan ordusunun arsenalındakı Rusiya silahları ilə ABŞ silahları arasındakı kombinasiyanı yaratmaq da çətin olacaq”. Ekspert bildirib ki, bu vəziyyətdə Rusiya Ermənistanla daha sərt dildə danışmağa məcburdur və belə vəziyyətdə iərvana ən güclü təsir vasitələrindən biri məhz Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır.

Qeyd edilənlərdən bu nəticəyə gəlmək olar ki, yaxın tezlikdə Kreml tərəfindən İrəvana qarşı yeni Qarabağ təzyiqlərinin işə salınmasını gözləmək olar. Amma bu vəziyyətdə ABŞ-ın da Ermənistana hansısa kömək göstərəcəyi inandırıcı sayılmır. Çünki ABŞ-ın da işğalçı ölkədən öz istəkləri var və bu xüsusda məhşur  “EurasiaNet” portalı çox maraqlı məqamlara diqqət çəkərək yazır: “Con Bolton özünün “qab-qacaq dükanındakı fil” ad-sanına uyğun şəkildə Qafqaz üzrə qasırğa kimi turne edərək, arxasınca onu qəbul edən ölkələrin indiyə qədər baş çıxarmağa çalışdığı geopolitik qırıntılarda iz buraxıb. Gözlənildiyi kimi, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin səfəri Vaşinqtonun İranı təcrid üzrə səylərində Cənubi Qafqaz ölkələrinin – Ermənistan, Gürcüstan və Azərbaycanın dəstəyini əldə etmək cəhdlərinə hədəflənmişdi. Bolton üç ölkənin hamısına baş çəkib. Onun Tiflis və Bakıdakı açıq çıxışları Amerikanın Cənubi Qafqaza səfər edən dövlət xadimindən gözlənilməsi mümkün olanlara azdan-çoxdan uyğun gəlirdi. Amma budur, o, İrəvanda Ermənistan tərəfində əsəbilik doğuran və mənfi nəticələri indiyədək hiss olunan bir sıra fitnəkar bəyanatlar verib. Ermənistanın İrana münasibətdə mövqeyi xüsusən həssasdır, çünki Azərbaycanla davam edən münaqişə üzündən şərq və qərb sərhədləri bağlı olan bu ölkə, dünyaya əsas çıxışlardan biri kimi, İranla cənub sərhədinə bel bağlayır.

ABŞ keçmişdə hətta Tehrana qarşı sərt sanksiyalar tətbiq ediləndə də Ermənistan-İran əlaqələrinə barmaqarası baxıb, çünki hamı anlayırdı ki, Ermənistanın özəl seçimi yoxdur. Bolton isə deyib ki, bu durumda ABŞ-ın səbri tükənir. O, “Azadlıq” radiosunun erməni xidmətinə bildirib: “Birləşmiş Ştatların İrana basqısı fonunda Ermənistan-İran sərhədi önəmli məsələyə çevrilir. Biz İranı sıxacağıq, çünki hesab edirik ki, onun Yaxın Şərqdə və ümumən dünyada davranışı çox pisdir və dəyişiklik tələb edir”.

Bolton etiraf edib ki, İranın Ermənistana niyə gərək olduğunu anlayır, amma deyib ki, burada Azərbaycanla münaqişənin bitməsi həll yolu ola bilərdi. Bolton bildirib ki, “indiki şərait Qarabağ münaqişəsində hər iki tərəfi qane edən nailiyyətin önəmini vurğulayır. Bu baş verən kimi, Ermənistan–Azərbaycan sərhədi bir anda açılacaq. Düşünürəm ki, Türkiyə sərhədi hökmən açılacaq”. Bunların hamısı formalda belədir, amma ABŞ-ın İranı təcrid təşəbbüsünü dəstəkləmək üçün Ermənistanın öz varlığına təhlükə saydığı Azərbaycanla münasibətləri yenidən nəzərdən keçirməli olduğu haqda ideya ermənilərdə anlayışla qarşılanmayıb.

“Con Bolton, ya kim olur-olsun, mənim adımdan danışa bilməz, – baş nazir Nikol Paşinyan Boltonun səfərindən sonra mətbuat konfransında deyib. – Onların məntiqinə əsasən, Qarabağ məsələsi onların yedəyindədir. Və indi hətta fikrimi soruşmadan məni inandırmağa çalışırlar”. Boltonun Qarabağ münaqişəsini anlamağa səthi cəhdi ABŞ-ın Ermənistan səfiri postundan getməyə hazırlaşan Riçard Millzin çoxmənalı müsahibəsindən bir həftə sonra baş verib,  o, Qarabağ məsələsində bu qədər az erməninin Azərbaycana güzəştə getməyə hazır olmasını “təşvişli” adlandırıb. Millz “EVN Report” saytına müsahibədə deyib: “Sərt həqiqət bundan ibarətdir ki, istənilən həll işğal edilmiş ərazilərin hansısa hissəsinin qaytarılmasını tələb edir”. Və bu, formalda həqiqət olsa da, Boltonun və Millzin bəyanatları bir-birinə calanaraq, İrəvanda Paşinyanın Qərbə sarı sınaq addımlarına sonuncunun ermənilərin mövqeyinə anlayışla yanaşmaqdan imtina cavabı verdiyinin gözə dəydiyi duyğusunu gücləndirib.

Boltonun səfərilə bağlı “Asbarez” erməni-Amerika saytındakı şərhdə deyilir: “ABŞ rədd edilən və təhlükəli Ermənistan-Türkiyə protokollarından bəri indiki qədər Ermənistanı bölgədə Amerika prioritetlərini izləməyə vadar edərək, ona belə güclü təzyiq etməmişdi”. Köhnə rejim tərəfdarları yaranmış durumdan bir anda istifadə ediblər. Keçmiş müdafiə naziri Vigen Sarkisyan öz “Facebook” səhifəsində Paşinyanın “Amerika fiaskosu”nu şiddətlə tənqid edib və gileylənib ki, “Bolton təkcə Ermənistanın özünü sərhədləri bağlamaqda ittiham edən Azərbaycanın mövqeyini təkrar etməyib, həm də türklərin sərhədi bağlamasına haqq qazandırıb”.

Bolton hələ bölgədə olarkən ABŞ-ın Ermənistan və Azərbaycana silah satışına yasağı ləğv edə biləcəyi haqda məsələ qaldırıb. Aydındır ki, belə bir qərar Azərbaycana əlverişli olacaq, çünki Bakının hazırda münaqişə tərəflərinin bel bağlamağa məcbur olduğu Rusiyanınkından xeyli baha Amerika silahını almağa pulu daha çoxdur. Bu təklif İrəvan üçün “kökə” kimi səsləndirilib: “Baş nazirə də dediyim kimi, Rusiya, yoxsa Amerika silahınımı almaq sualı qarşıda durarsa, biz ikinciyə üstünlük verərdik, – Bolton “Azadlıq” radiosuna müsahibəsində deyib. – İstənilən halda hesab edirik ki, bizim silahlar Rusiyanınkından daha yaxşıdır”.

Bolton Ermənistanın Suriya ərazisinin minasızlaşdırılmasında Rusiyaya yardım üçün Suriyaya kiçik dəstə göndərmək qərarını da kəskin tənqid edib: “İndi kiminsə hərbi mənada Suriya münaqişəsinə qarışmaq cəhdi yanlış olacaq. Münaqişəyə yeddi, ya səkkiz ölkə artıq qatılıb.  Onlardan hər hansına calaşmaq istənilən ölkə üçün səhv addım olacaq”. Təbii, Ermənistan güzəştli qiymətlərlə alınan Rusiya silahından güclü surətdə asılıdır. Amma Rusiya istiqamətində səhvlər vəziyyəti daha sürətlə Azərbaycanın lehinə dəyişir”. “EurasiaNet” portalında bütün bu qeyd edilənlərdən çox aydın görünür ki, Qarabağ münaqişəsi ilə bağlı yeni bir vəziyyət formalaşır. Böyük dövlətlərin bu məsəəlyə diqqəti Azərbaycanın maraqlarına uyğun şəkildə artır. Elə bu da konfliktin həlli istiqamətində önəmli irəliləyişlərin olmasını istisna etmir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Son xəbərlər