19/11/2018 16:13
728 x 90

ABŞ və Qərbdən Ermənistana yeni mesaj – “Qarabağ problemini həll etsəniz də, etməsəniz də Azərbaycana silah satacağıq”

img

Bu gün Azərbaycan xarici siyasətinin ən böyük uğurlarından biri də müxtəlif ölkələrlə qurulan və böyük dividendlər əldə olunmasına rəvac verən çoxsaylı ikitərəfli əlaqələrdir. Bunun nəticəsində beynəlxalq miqyasda Azərbaycana marağın artan xətt üzrə inkişaf etməsi özünü kifayət qədər qabarıq surətdə göstərir.

Eyni zamanda, bu şəraitdə Azərbaycan hərbi müstəvidə də mühüm nəticələrə yol açan əlaqələrin formalaşdırılmasına nail olmaqdadır. Elə işğalçı Ermənistanda da ən böyük narahatlıq yaradan məqamlardan biri budur. Bunu erməni siyasi şərhçi Karen Ambartsumyan da çox açıq etiraf edir. O, Azərbaycandan fərqli olaraq, Ermənistanın çox acınacaqlı durumda olduğunu vurğulayır: “Biz özümüzü aldatmamalıyıq ki, dünya oyunçuları Ermənistanı düşünür və bizə kömək edir”. Erməni şərhçi Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə, Azərbaycan və Gürcüstanın müdafiə sənayesində üçtərəfli memorandumu təsdiq etməsini xatırladıb və qeyd edib ki, Tiflis İrəvanla mehriban münasibətlər qursa da, Bakını açıq şəkildə dəstəkləyir: “İsrail heç nə gizlətmədən ən güclü və müasir silahları Azərbaycana satır. Ermənistanın müttəfiqi olan Rusiya Azərbaycanın istədiyi silahı verir. Bunlar azmış kimi, ABŞ da Azərbaycana silah satır. Azərbaycanın yeni əldə etdiyi ABŞ istehsalı olan “Bell” helikopterləri də bunu təsdiq edir. Bu günlərdə ABŞ-ın Ermənistandakı səfiri ərazilərin qaytarılmasının vacib olduğu çağırışını etdi. Hər kəs, bizim ümid etdiyimiz dünya gücləri Ermənistana arxa çevirir və Azərbaycana açıq dəstək verirlər”.

İndilikdə görünən odur ki, yenə Ermənistandan fərqli olaraq, dünya ölkələri, o cümlədən Rusiya, İsrail, hətta ABŞ və digər Qərb dövlətləri Azərbaycana Bakının istədiyi həcmdə silah satacaq. Xatırladaq ki, Azərbaycan son illər Rusiyadan 5 milyard dollara yaxın dəyərində silah və hərbi texnika alıb. Bakı bildirib ki, bu rəqəm daha da artacaq. Rusiyanın TASS rəsmi xəbər agentliyi də qeyd edir ki, Azərbaycan Rusiya silahlarının ən iri idxalçılarından biridir. Stokholmdakı Sülh problemləri institutu SIRRI 2006-2016-cı illərdə Rusiyanın silah ixracının 22 faizinin Azərbaycanın payına düşdüyünü bildirir. Bakı əsas etibarilə 2005-ci ildən Rusiya silahlarının və hərbi texnikasının əsas alıcılarından birinə çevrilib. Belə ki, hələ 2005-2010-cu illərdə Azərbaycanın güc strukturları üçün yeni vertolyotlar alınıb. Bura Mi-172, Mi-171B, Ka-32A vertolyotları, 62 T-72B tankı, 4 zirehli təmir-təxliyyə maşını BREM-1, 6 “Msta-B” yedəklənən haubitsası, 70 BTR-82A yeni zirehli transportyorları, 100 “Kornet-E” tank əleyhinə raket kompleksləri, iki divizion S-300 PMU “Favorit” zenit-raket kompleksləri daxildir. Bunlardan əlavə, Azərbaycan tərəfi 2013-2018-ci illərdə Rusiyadan quru qoşunları üçün xeyli miqdarda yeni hərbi texnika alıb. Bunlar 100 T-90S əsas döyüş tankı, 118 BMP-3 piyada döyüş maşını, 230 ədəd BTR-82A, 166 artilleriya sistemi, o cümlədən 152 millimetrlik 18 “Msta-S” özüyeriyən haubitsaları, 18 özüyeriyən “Vena” haubitsaları, 18 “Smerç” reaktiv yaylım atəşi sistemi, 24 TOS-1A “Solntsepek” ağır odsaçan sistemləri aiddir. Eyni zamanda, Azərbaycan Rusiyadan iki divizion “Xrizantema-S” tank əleyhinə özüyeriyən raket kompleksi, 152 millimetrlik yedəklənən “Msta-B” haubitsaları, 120 millimetrlik, daşınan “Sani” minaatanları, avtomobil nəqliyyatı, mühəndis avadanlıqları, zirehli təmir-təxliyyə maşını BREM-1M və BREM-L, döyüş sursatları da alıb. Eləcə də Azərbaycan Rusiyaya hava hücumundan müdafiə sistemləri sifariş edib. Həmin sifariş əsasında Azərbaycan Rusiyadan 300 daşınan zenit-raket kompleksi “İqla-S” və onlara aid 1500 raket alıb. Bakının Rusiyadan yenə silahlar alması istisna olunmur və yuxarıda qeyd olunan silahların böyük əksəriyyəti Ermənistan ordusunda yoxdur. Qarşıdakı dövr ərzində də Rusiyadan yeni texnikanın alışı gözlənir.

Azərbaycan Rusiyadan aldığı 5 milyard dollarlıq silahlarla yanaşı, İsrail, Belarus, Türkiyə və digər ölkələrdən də son illər milyardlarla dollarlıq müasir silah, hərbi texnika alıb. Bu da ölkəmizin hərbi potensialının hansı səviyyədə artdığı barədə aydın təsəvvürlər yaradır. Yeri gəlmişkən qeyd edək ki, İsrailə rəsmi səfəri çərçivəsində müdafiə nazirinin birinci müavini,  Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin müdafiə sənayesi müəssisələrini ziyarət edib. Müdafiə sənayesi müəssisələrində olan general-polkovnik N.Sadıqov hərbi təyinatlı məhsullara baxış keçirərək onların imkanları ilə tanış olub. Bu fonda, ölkəmizin İsraildən yeni silahlar alması gözlənir. İndiyə qədər isə Azərbaycan və İsrail şirkətləri tərəfindən müdafiə avadanlığının alınması ilə bağlı imzalanmış müqavilələrin dəyəri 5 milyard dolları keçir. Onu da qeyd edək ki, Azərbaycan və İsrail arasında hərbi-texniki əməkdaşlıq, silah və hərbi texnikanın alınması da 2005-ci ilə təsadüf edir. 2005-ci ildən başlayaraq ölkələrimiz arasında bu sahədə fəal əməkdaşlıq aparılır. Ötən dövr ərzində Azərbaycan İsrail şirkətlərindən “Aerostar” və “Orbiter-2” pilotsuz uçuş aparatları alıb. Eləcə də Azərbaycanın Müdafiə Nazirliyi və İsrailin “Erbit” şirkəti ilə imzalanan kontrakt əsasında Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan T-72 tankları modernizasiya olunub. Bu tanklardan aprel döyüşlərində istifadə olunub və özünü doğruldub. Tanklar döyüş zamanı yaxınlığındakı tankın düşmənə məxsus olmasını müəyyən edən sistemlə təmin olunub. Azərbaycan və İsrailin “Erbit” şirkəti arasında imzalanan 156 milyon dollarlıq müqavilə çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin rabitə sistemi tamamilə yenilənib. Alınan rabitə sistemlərindən bu gün də istifadə olunur və bu, dünyada istifadə olunan ən müasir rabitə sistemidir. O da məlumdur ki, ölkəmizdə Müdafiə Sənayesi Nazirliyi ilə İsrail şirkətinin birgə qurduğu “AZAD sistemlər” müəssisəsi fəaliyyətə başlayıb. Bu müəssisədə “Orbiter-2” pilotsuz uçuş aparatlarının istehsalı həyata keçirilir. Bu pilotsuz uçuş aparatları həm ordumuzun istifadəsinə verilir, həm də bir sıra ölkələrə ixrac edilir. Burada, həmçinin, “Zərbə” adlı kamikadze uçuş aparatının istehsalı da həyata keçirilir. Həmin pilotsuz uçuş aparatlarının mühərrik və elektronik sistemləri çıxılmaqla, qalan hissələri tam olaraq Azərbaycanda həyata keçirilir. O cümlədən onun proqram təminatı yerlidir. Azərbaycan İsraildən aprel döyüşlərində istifadə etdiyimiz “Harop” silahlarını alıb. Eyni zamanda “Herion” və “Hermes” tipli pilotsuz uçuş aparatları İsraildən alınıb. Bundan əlavə, Azərbaycan İsraildən dünyanın ən müasir tank əleyhinə raket kompleksləri olan “Spayk”ı əldə edib. Bu silahın aprel döyüşlərində gözəl nəticələri olub. Ölkəmizin İsraildən “Dəmir günbəz” komplekslərini almasına dair də məlumatlar var. İsraillə hərbi əməkdaşlığın daha da genişləndirilməsi gözlənir.

“Azadlığa dəstək” Aktına qəbul edilən və Amerikanın Azərbaycana birbaşa dövlət yardımını qadağan edən “907-ci düzəliş”in ləğvinin gündəmə gəlməsi fonunda isə ABŞ da ölkəmizə silah satan əsas ölkələrdən birinə çevrilə bilər. Yeri gəlmişkən qeyd edək ki, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton İrəvanda keçirdiyi mətbuat konfransında bu məsələyə yenidən toxunub. Onun sözlərinə görə, bu fonda, ABŞ-ın Azərbaycana silah satışının mümkünlüyü də reallaşa bilər: “Vəziyyət belədir ki, Ermənistan özü Rusiyadan silah alır, Azərbaycanın da silahlarının 80 faizi Rusiya istehsalıdır. Silahlanmada rəqabət bəzi məsələlərin həlli metodu kimi çıxış edir və istənilən halda, Amerikanın silahları Rusiyanınkından daha yaxşıdır. Qanunların qəbul olunması zamanı da bu vəziyyəti nəzərə almaq lazımdır". Bunlar onu göstərir ki, ABŞ da Azərbaycan yaxın tezlikdə silah satışını həyata keçirə bilər. Ölkəmiz, yuxarıda qeyd olunduğu kimi, ABŞ-dan artıq ABŞ istehsalı olan “Bell” helikopterlərinə malikdir. Bu il keçirilən hərbi paradda nümayiş etdirilən “Bell” helikopterləri İrəvanda böyük qorxu yaradıb. Hazırkı durumda erməni politoloqlar bunu Rusiya ilə yanaşı, ABŞ-ın da Azərbaycana silah satması kimi dəyərləndiriblər. Məsələn, politoloq Vardan Voskanyan bildirir ki, Azərbaycan artıq ABŞ-ın yeni silahlarını alır və bu, Qarabağ münaqişəsi tarixində görünməmiş hadisədir. Bütün bunlar, öz növbəsində, ordumuzun düşmən üzərində üstünlüyünü artıran məqamlar kimi qiymətləndirilir.

Tahir TAĞIYEV

Son xəbərlər