19/11/2018 16:13
728 x 90

ABŞ Qarabağ məsələsində açıqca Azərbaycanın yanında durdu…

“Yalnız bu yolla Türkiyə və Azərbaycanla sərhədləri aça bilərsən, yaşaya bilərsən” deyildi

img

ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltonun regiona səfərində xüsusi diqqət mərkəzində saxlanan məqamlardan biri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı oldu. İstər Bakıda, istərsə də İrəvanda keçirdiyi görüşlərdə o, konfliktlə bağlı çoxsaylı müzakirələr apardı və burada əsas diqqəti həm də ona yönəltdi ki, münaqişənin həlli ABŞ üçün prioritet istiqamət təşkil edir. Eyni zamanda, Bolton açıq şəkildə mesaj verdi ki, Ermənistan Qarabağ konflikti səbəbindən təzyiqlərdən yayınmaq istəyirsə, konfliktin həlli üçün addımlar atmalıdır.

Məhz belə bir vaxtda Bakı və Ankara da Qarabağ münaqişəsinin həlli üçün addım atacağı təqdirdə Ermənistanın üzləşdiyi problemlərdən xilas ola biləcəyini yenidən diqqətə çatdırdılar. Ekspertlər isə hesab edir ki, bütün bunlar, əslində, Ermənistana verilən açıq mesajlardır. Həmçinin, həmin mesajlardan aydın olur ki, ABŞ Qarabağ məsələsində birmənalı şəkildə Azərbaycanın yanındadır. Hər halda, Boltonun açıqlamaları bu qənaəti daha da gücləndirir. Qeyd edək ki, ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri İrəvanda Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla görüşündə Dağlıq Qarabağ münaqişəsini geniş müzakirə etdiyini deyib. Bolton “Azadlıq” radiosunun Ermənistan xidmətinə müsahibəsində qeyd edib ki, münaqişənin həlli üzrə Minsk prosesindən, Birləşmiş Ştatların həmsədr kimi vacib rolundan danışıblar: “Baş nazirə dedim ki, Birləşmiş Ştatlar, Tramp administrasiyası ABŞ-ın Ermənistanla münasibətinə çox yüksək əhəmiyyət verir. Ermənistanla Azərbaycanın münaqişəsinin qarşılıqlı razılaşma əsasında həllinə, eləcə də Minsk Qrupunun həmsədrlərindən biri kimi nə kömək lazımdırsa, göstərməyə hazırıq. Ortada olan çətinlikləri də anlayırıq. Amma hiss elədik ki, baş nazirin Ermənistanda əla mövqeyi var və bu məsələdə liderlik göstərmək seçkidən sonraya qalır”. Con Boltonun fikrincə, indiki durumda Dağlıq Qarabağ münaqişəsi üzrə təzə razılaşmanın əldə olunması vacibdir. Çünki bu baş verərsə, Ermənistanın Azərbaycanla, Türkiyə ilə sərhədləri açılar: “İranla sərhədin vacib məsələ olduğunu baş nazirə izah etdim. Biz İrana maksimum təzyiq qoyulmasını istəyirik .

İrəvanda keçirdiyi mətbuat konfransında da ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri yenidən diqqətə çatdırıb ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çox vacibdir: “Problemin həlli çox mürəkkəbdir. Əgər asan olsaydı, münaqişə çoxdan nizamlanardı”. Amerika administrasiyasının təmsilçisi deyib ki, onun keçmiş rəislərindən biri-keçmiş dövlət katibi Ceyms Beyker uzunmüddətli beynəlxalq münaqişələrdən biri haqda danışarkən demişdi: “Heç kim sülhü tərəflərdən çox arzulamır”. Bolton bu sitatı xatırladıb və bildirib ki, Ermənistan üçün xarici təzyiqləri zəiflətməyin ən yaxşı yolu Qarabağ münaqişəsinin həllidir.

ABŞ Prezidenti müşavirinin bildirdiyinə görə, Nikol Paşinyan parlament seçkilərində qalib gəlsə, bu, Qarabağ münaqişəsinin nizamlanması üçün qətiyyətli addımlara getmək baxımından yaxşı imkan yaradacaq: “Və biz də bu istiqamətdə işləməliyik ki, Azərbaycan tərəfdən də müvafiq reaksiya olsun”. Beləliklə, bu fikirlərdən çox aydın görünür ki, ABŞ münaqişənin tənzimlənməsinin vacibliyinə dair Ermənistana açıq mesaj verir. Ermənistanın isə bunlardan imtina edə biləcəyi heç də inandırıcı görünmür. Ən azından, o baxımdan ki, İrəvan üzərində ABŞ təzyiqlərinin olmasını istəməz.

Digər tərəfdən, Bakı və Ankaradan da Ermənistana açıq Qarabağ mesajları verilir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Con Boltonun səfərini şərh edərkən bu xüsusda maraqlı fikirlər səsləndirib. Nazirin sözləriən görə, Azərbaycan və Türkiyə ilə normal münasibətlər yaratmadan Ermənistanın inkişafı mümkün deyil. Elmar Məmmədyarov bunu Boltonun Ermənistan rəhbərliyinə çatdırmasını da istəyib. Belə ki, o, Boltondan Ermənistanın yeni rəhbərlərinə Dağlıq Qarabağ münaqişəsini həll etməyə hazır olub-olmadıqları barədə sual verməyi xahiş edib: "Cənab Boltondan xahiş etdim ki, Ermənistanın yeni rəhbərlərinə Dağlıq Qarabağ münaqişəsini həll etməyə hazır olub-olmadıqları barədə sual versin. Ümumilikdə, onlar nə istəyirlər? Azərbaycan və Türkiyə ilə normal münasibətlər yaratmağa, qonşuluq əlaqələri qurmağa hazırdırlarmı? Təbii ki, Ermənistan rəhbərliyi Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətləri qurmasa, onun müstəqilliyi böyük sual altına düşür. Bu birmənalıdır".

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım da vurğulayır ki, Dağlıq Qarabağ və ətraf rayonlarda işğal etdiyi torpaqlardan çıxacağı təqdirdə Ermənistan hansısa inkişafa ümid edə bilər. Qondarma “soyqırım“ iddialarına da toxunan Binəli Yıldırım qeyd edib: “Soyqırım“ iddiası alçaq iddiadır. Tarixində eyib, günah, alçaqlıqlar olmayan millətlərin başında bizim millət gəlir. Çirkin iddiaları heç zaman qəbul etmədik. Bunu edənlərin məqsədi öz ləkələrini türk millətinə yapışdırmaqdır. Ermənistan tez-tez “Biz Türkiyə ilə əlaqələr qurmaq istəyirik, əlaqələrimizi inkişaf etdirmək istəyirik” kimi bəyanatlar verir. Əgər həqiqətən belə bir niyyəti varsa, öncə Dağlıq Qarabağ və ətraf rayonlarda işğal etdiyi torpaqlardan çıxsın. Yurd-yuvalarını tərk etmiş 1 milyon azərbaycanlının qayıtmalarına şərait yaratmalıdır. Türkiyə üzərindəki iddialarından dərhal imtina etməli və qeyd-şərtsiz həqiqətləri qəbul etməlidir”. Azərbaycan və Türkiyənin bu mövqeyi Bolton tərəfindən birbaşa növbəti dəfə Ermənistan rəhbərliyinə çatdırılıb. Eyni zamanda, ABŞ özü də bu mövqeyi dəstəklədiyini göstərir. Bu mənada, indi İrəvana demək olar ki, seçim üçün son şans verilir. Əks təqdirdə işğalçı ölkəni daha böyük təzyiqlər gözləyir.

NAHİD

Son xəbərlər