17/12/2018 10:00
728 x 90

ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi ilə bağlı mühüm bəyanatlar...

img

Corc Kent: “ABŞ Qarabağ münaqişəsi tərəflərinin gərginliyin azalması və dinc həll yolunun əldə olunması istiqamətində göstərdikləri səyləri alqışlayır”

 

ATƏT-in Minsk Qrupunun həmsədri olan Amerika Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsi tərəflərinin gərginliyin azalması və dinc həll yolunun əldə olunması istiqamətində göstərdikləri səyləri alqışlayır.

ABŞ-ın Azərbaycandakı səfirliyindən baki-xeber.com-a verilən məlumata görə, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin yeni təyin olunmuş müavini Corc Kent Bakıya rəsmi səfəri çərçivəsində keçirdiyi görüşlər zamanı deyib.

C.Kent Prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, energetika naziri Pərviz Şahbazov, Azərbaycanın biznes dairələrinin nümayəndələri, siyasi müxalifət və vətəndəş cəmiyyətinin üzvləri ilə görüşlər keçirib.

Keçirdiyi görüşlər zamanı C.Kent bir sıra vacib məsələləri sadalayıb və Avropanın enerji təhlükəsizliyinə və Azərbaycanın iqtisadi müstəqilliyinə təminat verən “Cənub Qaz Dəhlizi” lahiyəsinin vacibliyini vurğulayıb. O, həmçinin, Azərbaycanın Əfqanıstanda verdiyi mühüm töhfələri, bölgədə terrorçuluğa qarşı mübarizədə və İranın qeyri qanuni yolla nüvə silahının əldə olunmasına qarşı beynəlxaıq səylərdə paylaşdığımız məqsədləri müzakirə edib. Dövlət katibinin köməkçisinin müavini həmçinin kənd təssərüfatı, turizm, nəqliyyat və loqistika, və informasiya texnologiyaları sahələrinə yatırılan investisiyalar sayəsində Azərbaycanın iqtisadi diversifikasiya üçün ABŞ-la apardığı əməkdaşlığı da müzakirə edib və bu sahədə ABŞ şirkətlərinin imkanlarını vurğulayıb.

C.Kent Birləşmiş Ştatların gücün istifadə olunmaması və ərazi bütövlüyü, xalqların müqəddaratını müəyyənləşdirmək hüququnu əks etdirən Helsinki Yekun Aktının prinsiplərinə əsaslanan Dağlıq Qarabağ münaqişəsinin dinc həllinə sadiqliyini təkrar edib. Bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan Birləşmiş Ştatlar tərəflərin gərginliyin azalması və dinc həll yolunun əldə olunması istiqamətində göstərdiyi səyləri alqışlayır.

Rəsmi görüşlər zamanı C.Kent toplaşma azadlığı və qanun aliliyi də daxil olmaqla fundamental azadlıqlara hörmətin, korrupsiyaya qarşı mübarizə, Azərbaycan xalqının firavanlığı və təhlükəsizliyinin təminatı və ikitərəfli münasibətlərin dərinləşməsinin vacibliyini vurğulayıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyiş əldə olunub. “Trend”in məlumatına görə, bunu da Bakıda mətbuat konfransı zamanı ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent deyib. O qeyd edib ki, Azərbaycanda hamı münaqişənin sülh yolu ilə nizamlanmasında maraqlıdır: “Ölkəyə səfərim zamanı biz münaqişənin həlli prosesində son zamanlar əldə olunan irəliləyişləri, o cümlədən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda görüşü və Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın Düşənbədəki görüşünü qeyd etmişik”.

C.Kent bildirib ki, ABŞ, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi, münaqişənin Madrid prinsipləri əsasında nizamlanması üzrə öhdəliklərinə ciddi yanaşır: “Bu ay, iki həftədən sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfər edəcək. Qeyd etmək istərdim ki, qoşunların təmas xəttində gərginliyin səviyyəsi azalıb. Tərəfləri bu ab-havanı qorumağa çağırırıq”.

 “Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi” enerji ehtiyat mənbələrinin şaxələndirilməsi yolu ilə enerji təhlükəsizliyini təmin edəcək” – deyən C.Kent qeyd edib ki, bəzi ölkələr enerji amilini silah kimi istifadə edir: “Cənub Qaz Dəhlizi” irimiqyaslı layihədir. Bir çox şirkətlər və ölkələr layihənin reallaşması üçün milyardlarla dollar sərf edib. Bu cür layihələr ölkələr arasında əməkdaşlığın parlaq nümunəsidir”.

ABŞ-ın Azərbaycanın Əfqanıstanda təhlükəsizliyin təmin edilməsinə verdiyi töhfəni yüksək qiymətləndirdiyini deyən C.Kent daha sonra bildirib: "Azərbaycan hökumətinin regionda təhlükəsizliyin təmin edilməsi və gücləndirilməsi məqsədilə fəaliyyətini yüksək qiymətləndiririk".

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini qeyd edib ki, onun Azərbaycan səfərinin məqsədi iki ölkə arasında münasibətlərin daha da inkişafını təmin etməkdir.

C.Kent əlavə edib: "ABŞ Azərbaycanı daha inkişaf etmiş və daha da çiçəklənən görmək istəyir".

Baki-xeber.com

Son xəbərlər