17/12/2018 10:01
728 x 90

Ermənistanın Qarabağ və 7 ətraf rayon iddiasına Almaniyadan dövlət zərbəsi...

“Almaniya kimi bir dövlətin siyasi dairələrində belə fikirlərin səsləndirilməsi özlüyündə mühüm hadisədir”

img

Elşən Mustafayev: “O zaman da, indi də bu fikirdəyik ki, Minsk Qrupunda Fransa Almaniya ilə əvəzlənsin, yaxud bu yeri Aİ tutsun”

 

Almaniya hökuməti Dağlıq Qarabağ və 7 ətraf rayonu Azərbaycanın bir hissəsi hesab edir. Bundestaqın sağçı radikal AFD fraksiyası AFR hökumətinə "Almaniya-Ermənistan münasibətləri" mövzusunda kiçik sorğu göndərib və sorğuda, həmçinin, Dağlıq Qarabağla bağlı bəzi suallar yer alıb.

Almaniya mediası  xəbər verir ki, AFR hökumətinin sözügedən sorğuya cavabının girişində qeyd olunub ki, "AFR hökuməti xüsusi olaraq vurğulayır ki, "Almaniya-Ermənistan münasibətləri" anlayışı ilə AFR və Ermənistan Respublikası arasındakı münasibətlər başa düşülməlidir. AFR hökuməti Ermənistan silahlı qüvvələrinin nəzarətində yerləşən Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonu Azərbaycanın bir hissəsi hesab edir. AFR hökuməti qondarma "Dağlıq Qarabağ Respublikası”nı tanımır". Hökumət sorğunun müvafiq bəndlərinə (Dağlıq Qarabağda insan hüquqlarının, mətbuat azadlığının, azlıqların vəziyyəti, orada yaşayan almanların sayı və s.) dair cavabında bu qeydinə istinad etməklə kifayətlənib.

Həmçinin sorğudakı "AFR hökuməti Dağlıq Qarabağın beynəlxalq hüquqi statusunu necə qiymətləndirir?" sualına hökumət "Dağlıq Qarabağ bölgəsi Azərbaycan Respublikasının ərazisinin bir hissəsidir" cavabını verib.

Almaniya hökumətinin Dağlıq Qarabağ və 7 ətraf rayonu Azərbaycanın bir hissəsi hesab etməsilə bağlı verdiyi doğru qərarı nəyin göstəricisi saymaq olar?

Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Almaniya Federativ Respublikası zaman-zaman Dağlıq Qarabağ problemi ilə bağlı obyektiv mövqelər ortaya qoyub və bu gün də onun davam etməsi təəccüblü görünməməlidir: “Belə münasibətlərin daha çox Almaniya Bundestaqında şahidi olmuşam. İstər onun ayrı-ayrı fraksiyalarında, istərsə də xarici əlaqələr komitəsində tərəfsiz yanaşmalar səbəbindən problemlə bağlı Azərbaycanın ədalətli mövqeyi həmişə müdafiə olunub. Amma bir məsələ də var ki, bu cür mövqeləri əksər hallarda sağ mərkəz partiyaları ortaya qoyurlar. Mən daha çox Angela Merkelin lideri olduğu Xristian Demokrat İttifaqının parlament fraksiyasının nümayəndələrinin çıxışlarının, təkliflərinin, çağırışlarının şahidi olmuşam. İndi isə radikal sağçılığı ilə tanınan Almaniya üçün Alternativ (AFD) partiyasının yenə də münaqişəni obyektiv dəyərləndirməyə cəhdlər göstərməsində hesab edirəm ki, bundan öncəki bəyanatların rolu da az deyil. Əslində, Almaniya kimi bir dövlətin siyasi dairələrində belə fikirlərin səsləndirilməsi özlüyündə mühüm hadisədir. Çünki Almaniya Avropa İttifaqının hər mənada lideridir. Əhalisinin sayına, iqtisadi gücünə görə digər dövlətlərdən daha üstün olan bir dövlət kimi Aİ-də söz sahibidir və onun siyasətinin formalaşmasında əsas rol oynayır. Təsadüfi deyil ki, ABŞ Aİ ilə bağlı rəsmi və qeyri-rəsmi danışıqları, razılaşdırmaları məhz Almaniya ilə aparır. Hələ illər öncə biz ATƏT-in Minsk Qrupunun tərkibində dəyişiklik edilməsi ilə bağlı həm ölkə daxilində,  həm də xaricdə təkliflər səsləndirmişdik. O zaman da, indi də bu fikirdəyik ki, Minsk Qrupunda Fransa Almaniya ilə əvəzlənsin, yaxud bu yeri Aİ tutsun. Dediyim kimi, Aİ dedikdə bu gün Almaniya göz önünə gəlir. Belə olacağı halda, Rusiyanın problemin həllində tutduğu mövqedən asılı olmayaraq, irəliləyişlərin olması ehtimalı daha böyükdür”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər