17/12/2018 10:01
728 x 90

Hakopyanın arvad dəstəsinin Qarabağda saxta “sülh missiyası”nın rüsvayçı iflası beynəlxalq aləmə də yayıldı…

img

Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində Ermənistanda mövcud hakimiyyət iqtidara yiyələndiyi ilk dövrlərdə qəbuledilməz mövqe nümayiş etdirsə də, Azərbaycanın gedişləri, beynəlxalq ictimaiyyətin diqqətini daha çox bu məsələyə yönəltməsi İrəvanın siyasətində ciddi dəyişikliklərə rəvac verdi.

Xatırladaq ki, Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra işğalçı ölkənin baş naziri iddialar səsləndirirdi ki, zəbt olunmuş ərazilərdə yaradılan separatçı rejim danışıqlar prosesində tərəf kimi çıxış etməlidir. Bununla Ermənistan mövcud danışıqlar formatını tam dağıtmağı, işğal faktının daha uzun müddətə davam etməsini istəyirdi. Amma Bakı bu mövqenin qəbuledilməz olduğunu bəyan edərək, yaranmış vəziyyətdə Dağlıq Qarabağ münaqişəsinin hərbi müstəvidə həlli ehtimalının daha da artdığını bildirdi. Eyni zamanda beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin  diqqəti bu prosesə yönəldildi. Nəticədə artan təzyiqlər fonunda İrəvan mövqeyindən geri çəkilməli oldu. MDB dövlət başçılarının Düşənbə sammitindən sonra məlum oldu ki, İrəvan danışıqların əvvəlki formatda davam etdirilməsinə razıdır. Bu, Bakının İrəvan üzərində növbəti diplomatik qələbəsinə çevrildi.

İndi Azərbaycan üçün maraq doğuran başlıca məqam danışıqların artıq konkret nəticə verməsidir.  Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bununla əlaqədar Prezident İlham Əliyev bildirib: “Münaqişənin həlli üçün kifayət qədər geniş hüquqi baza vardır, eyni zamanda, yeni addımlar, xüsusilə ölkəmizin suverenliyi, sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü ilə bağlı mötəbər beynəlxalq təşkilatların qərar və qətnamələri, sazişlərdə əks olunan müddəalar bizim mövqeyimizi daha da möhkəmləndirir.

Münaqişə ilə bağlı danışıqların indiki mərhələsi ictimaiyyət üçün bəllidir. Ermənistan tərəfinin cəhdləri nəticə vermədi, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqların formatı dəyişməz olaraq qalır. Bu danışıqlar Ermənistan və Azərbaycan arasında aparılıb, aparılır və aparılmalıdır. İki ölkənin xarici işlər nazirlərinin iki görüşü bunu bir daha sübut edir. Son vaxtlar baş vermiş digər hadisələr onu göstərir ki, danışıqlar formatı dəyişməz olaraq qalır və bu münaqişə tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların predmeti olmayıb, bu gün də deyil və heç vaxt olmayacaq. Ona görə biz bundan sonra da öz prinsipial mövqeyimizdə qalacağıq. Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi öz siyasətində konstruktivlik nümayiş etdirəcək və torpaqlarımız tezliklə işğalçılardan azad olunacaqdır”. Aydındır ki, Ermənistanın yeni rəhbərliyi öz siyasətində konstruktivlik nümayiş etdirməsə, Azərbaycan ərazilərini güc yolu ilə azad etməli olacaq. Əslində, Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bu xüsusda düşmənə lazımi mesajlar verərək, ona Azərbaycan ordusunun gücünü xatırladıb: “Azərbaycan ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır və beynəlxalq reytinqlər də, həyat da bunu göstərir, bizim hərbi uğurlarımız da buna dəlalət edir. Bu gün Azərbaycan ordusu ən müasir silahlarla, texnika ilə təchiz edilib, bu proses davam etdirilir. Biz bundan sonra da ən müasir hərbi texnikanı alacağıq, yeni kontraktlar imzalanır. Əvvəlki illərdə imzalanmış kontraktlar əsasında ən müasir silahlar ölkəmizə gətirilir, onların bir hissəsi hərbi paradlarda göstərilib, bir hissəsi göstərilməyib. Demək olar ki, biz bu gün öz hərbi potensialımızı maddi-texniki təchizat baxımından tam təmin etmişik. Biz bundan sonra yalnız ən müasir texnikanı, silahları almaq fikrindəyik və bu texnikanı bizə satmaq istəyən ölkələrin sayı artır. Onsuz da bu məsələ ilə bağlı heç bir çətinlik yoxdur… Bu gün biz hərbi texnikanın istehsalı işində uğurla inkişaf edirik. Azərbaycanda mindən çox adda hərbi təyinatlı məhsul istehsal olunur. Hərbi texnikanın, sursatların istehsalı ilə bağlı bizim yeni planlarımız var və biz onları da həyata keçirəcəyik. Bir sözlə, bu gün ölkəmizin hərbi potensialı ən yüksək səviyyədədir. Ordumuzun döyüş qabiliyyəti də yüksək səviyyədədir. Bizim ordumuz bunu döyüş meydanında da göstərib və nümayiş etdirib”. Bununla Ermənistana kifayət qədər sadə dildə açıq mesaj verilir ki, ordumuzun gücünü yenidən öz üzərində hiss etmək istəmirsə, danışıqlar yolu ilə Qarabağ münaqişəsinin həllinin tezləşməsi istiqamətində lazımi addımlar atmalıdır. Əks təqdirdə cəbhədə yenidən silahların işə düşməsi qaçılmazdır və bunun nə ilə nəticələnəcəyi ermənilərin özünə də yaxşı məlumdur.

Elə erməni mediası da yazır ki, İrəvan konfliktin həllinin uzanmasıdanda getdikcə daha çox itirir. Bundan başqa diqqət ona yönəldilir ki, baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Hakopyanın Rusiyadan olan qadınları başına toplayaraq Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gəlişi və təmas xəttində “sülh mesajları” verməsi də hansısa formada sülhə xidmət etmir. Xatırladaq ki,  Paşinyanın həyat yoldaşının Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfərində onu Rusiyadan olan bir neçə nəfərdən ibarət xırda qadın qrupu müşayət edib. Eyni zamanda siyahının tam şəkildə elan edilməməsi də ondan xəbər verir ki, əslində, bu qrup təsvir edildiyi qədər də böyük deyil. Bütün bunların sülhə xidmət etməməsi isə elə ermənilərin özləri tərəfindən də açıq etiraf olunur. Hətta bəzi ermənilər ölkəni idarə edən ər-arvadı qorxaqlıqda ittiham edib. Erməni şərhçi Ramella Mnasakanyan yazır ki, Anna Hakopyanın özü ilə Qarabağa gətirdiyi qadınlar Rusiyada prezident Vladimir Putinə qarşı çıxan şəxslərdir: “Bu, demokratik prinsiplər fonunda normal görünə bilər. Lakin Paşinyanın həyat yoldaşının rusiyalı qadınlarla Qarabağda “sülh mesajları” verməsi əslində Moskvaya qarşı yürüdülən siyasətin də tərkib hissəsidir”. Mnasakanyan qeyd edir ki, cəbhədə daim döyüşlər gedir və rəqibin güclü ordusu erməni hərbçiləri qarşısında olduqca böyük görünür: “Lakin sadə erməni uşaqları oliqarx övladlarından fərqli olaraq postda dayanırlar. Hakopyanın təmas xəttində verdiyi mesajlarsa hakimiyyətin qorxaqlığının nümayişidir. Hərçənd, onların Rusiyaya hesablanmış gedişləri də baş tutmur. Çünki Rusiya mediası bu səfər haqqında bir cümlə də yazmadı. Bu, Moskvanın Bakıya dəstəyinin açıq nümunəsidir”. Mnasakanyan qeyd edir ki, belə vəziyyətdə İrəvan Bakını qıcıqlandıran addımlar atmaqdan çəkinərək diqqəti danışıqlara yönəltməlidir. Onun sözlərinə görə, Azərbaycan ən yüksək səviyyədə danışıqlar vasitəsilə məsələnin həllində maraqlı olduğunu bildirir və İrəvan bunu mütləq dəyərləndirməlidir. Əks təqdirdə Anna Hakopyanın vasitəsilə Qarabağda təşkil edilən ucuz şoular yeni savaşa rəvac verə bilər. Mnasakanyan bir daha diqqəti orduların gücünə yönəldir, Azərbaycanın bu sahədə irəlidə olmasını açıq etiraf edir.

Bu arada qeyd edək ki, Anna Hakopyanın rusiyalı qadınlardan ibarət nümayəndə heyəti ilə Azərbaycanın işğal edilmiş ərazisinə gəlişi və orada “sülh mesajları” verməsi Rusiyada da qıcıqla qarşılanıb. Rusiya ekspertləri İrəvanın bu addımla Bakı - Moskvanın münasibətlərinə zərbə vurmaq istədiyini hesab edir. Moskva Dövlət Universitetinin dünya siyasəti fakültəsinin beynəlxalq təhlükəsizlik kafedrasının dosenti, politoloq Aleksey Fenenko hesab edir ki, Paşinyanın öz həyat yoldaşını rusiyalı qadınlarla birgə Qarabağa göndərməsi yaxşı planlaşdırılmış təxribatdır: “Paşinyan bu addımla, hər şeydən əvvəl, Rusiya - Azərbaycan münasibətlərinə zərbə vurmağa çalışır. Həmçinin elə mənzərə yaratmağa çalışır ki, guya Rusiya münaqişənin nizama salınması prosesini bloklayır. Bu təxribatdır və Rusiya xarici siyasət kursuna uyğun deyil. Səfər edənlər arasında yazıçı Ulitskayanın olması onu göstərir ki, bu məsələnin Rusiya hakimiyyətinə aidiyyəti yoxdur. Çünki Ulitskaya Rusiya müxalifətində təmsil olunur. Doğrudur, orada Dövlət Dumasının beynəlxalq işlər komitəsi sədrinin birinci müavini Svetlana Jurovoy da var idi. Ermənistan bundan istifadə edərək, səfərin təşkilində Rusiyanı günahkar olaraq göstərməyə çalışır. Çünki Paşinyan istəmir ki, Rusiya - Azərbaycan münasibətləri yaxşı olsun. Lakin Jurovoyla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya Xarici İşlər Nazirliyindən artıq izahat tələb edib”.
Fenenko qeyd edib ki, Paşinyan rusların Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatsızlığından da istifadə edib: “Bu münaqişə Rusiya məktəblərində öyrədilmir, sadəcə Rusiya mediasında işıqlandırılır. Qarabağa gedən rusiyalı qadınların bu münaqişə ilə bağlı ətraflı məlumata malik olmadığını asanlıqla deyə bilərik. Beləliklə, Paşinyan “sülh” aksiyasından Bakı-Moskva münasibətlərini pozmaq üçün təxribat aləti kimi istifadə etdi. Lakin buna nail ola bilməyəcək”. Bütün bunlar kifayət qədər aydın şəkildə göstərir ki, Ermənistanın təxribat xarakterli yeni “sülh mesajları”, əslində iki cəbhədə İrəvanın əleyhinə işləyir. Əvvəla bu, münaqişənin dinc müstəvidə həllinə növbəti zərbədir. İkinci bir tərəfdən, belə gedişlə Ermənistan Rusiya ilə də münasibətlərini zədələməkdə davam edir. O da danılmaz həqiqətdir ki, Ermənistanın bu bəsit gedişləri qarşıdakı dövr ərzində də fiaskoya uğrayacaq. Məhz bu səbəbdən, Prezident İlham Əliyevin də dediyi kimi, Ermənistanın yeni rəhbərliyi öz siyasətində konstruktivlik nümayiş etdirməli, təxribatçı fəaliyyətdən qaçmalıdır. Məhz bu halda Qarabağ konfliktinin qısa müddətdə dinc müstəvidə həlli mümkün olacaq. Əks təqdirdə Azərbaycan problemin çözümü üçün alternativ variantlardan istifadə etməli olacaq ki, bu da Ermənistan üçün sadəcə fəlakət və böyük məğlubiyyət deməkdir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Son xəbərlər