17/12/2018 10:06
728 x 90

Prezident “Cənub Qaz Dəhlizi” üzərində Azərbaycanın yeni infrastruktur layihələrinin anonsunu verdi…

img

Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində bu gün Azərbaycanın həlledici söz sahiblərindən biri olduğu heç kimə sirr deyil. Eyni zamanda müşahidə edilən proses də odur ki, Avropa Azərbaycanla enerji əməkdaşlığını daha da dərinləşdirməyi düşünür. Çünki ötən müddət ərzində Azərbaycan bu sahədə etibarlı partnyor olduğunu Avropaya, eləcə də bütün dünyaya sübut edib. Bütün bunlar fonunda indi həm Azərbaycan, həm də Avropa üçün xüsusi diqqət mərkəzində yer alan məsələlərdən biri  “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlıdır.

Layihənin əsas qollarından biri sayılan TANAP boru kəməri artıq uğurla fəaliyyət göstərir. İstifadəyə verildikdən sonra TANAP-la  bu vaxtadək Türkiyəyə 400 milyon kubmetr Azərbaycan təbii qazı nəql olunub. “SOCAR Turkey Enerji A.Ş.”nin baş direktoru Zaur Qəhrəmanov bu xüsusda bildirir: “İyun ayında TANAP-ın Əskişəhərə qədər olan hissəsi istifadəyə verilib. Boru kəməri ilə indiyə qədər Türkiyəyə təxminən 400 milyon kubmetr qaz daşınıb. Bu həcm dekabrın sonuna kimi 1 milyard kubmetrə çatacaq. TANAP-la 2019-cu il ərzində 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard kubmetr, 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyəyə daşınacaq. TANAP-ın ikinci fazası üzrə tikinti işlərinin 97 faizi başa çatıb. Boru kəməri gələn ilin birinci yarısında “Transadriatik” (TAP) qaz boru kəmərinə birləşmək üçün hazır olacaq”. TAP-ın istifadəyə verilməsi ilə “Cənub Qaz Dəhlizi” layihəsinin icrası uğurla başa çatacaq. Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məsələyə toxunan Prezident İlham Əliyev qeyd edib ki, “Cənub Qaz Dəhlizi”nin uğurla başa çatması Azərbaycan üçün yeni imkanlar açacaq: “2018-ci il bizim enerji siyasətimizin inkişafı üçün önəmli il olub. Bu ilin may ayında biz Bakıda “Cənub Qaz Dəhlizi”nin rəsmi açılışını qeyd etdik. Bu, tarixi hadisədir. Ondan bir ay sonra Türkiyədə TANAP layihəsinin açılışını etdik və “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir. Bütün bu dörd layihənin hamısında çox gözəl nəticələr var. Bu il biz qaz hasilatımızı artıracağıq, artıq “Şahdəniz-2”dən qaz gəlir. Gələn il, ondan sonrakı illərdə daha da artacaq. Yəni biz tam hədəfə çatmaq üçün bütün işləri görürük və mənə verilən son məlumatlara görə, “Cənub Qaz Dəhlizi”nin son hissəsi olan TAP layihəsinin icrası ilə bağlı da heç bir problem yoxdur. “Cənub Qaz Dəhlizi”nin uğurla başa çatması bizim üçün yeni imkanlar, yeni üfüqlər açacaq. Biz bir çox ölkələrin bazarlarına öz resurslarımızla çıxacağıq. Ondan sonra bunu nəzərə alaraq, biz o ölkələrdə yeni infrastruktur layihələri icra edə bilərik. Bu barədə danışıqlar gedir”.

TAP-ın işə düşməsi ilə Azərbaycan Avropanın enerji bazarında daha mühüm mövqe sahibinə çevriləcək. Eyni zamanda Avropa bununla tamamilə yeni bir mənbədən qaz idxal etmək imkanı qazanacaq. Elə bu səbəbdəndir ki, “Cənub Qaz Dəhlizi”nin mümkün qədər tez reallaşması üçün Avropa bütün lazımi addımları atır, xüsusən də maliyyə sarıdan problemlər vaxtında həllini tapır.

Yeri gəlmişkən qeyd edək ki, bu ilin sonuna kimi Almaniya tərəfindən "Cənub Qaz Dəhlizi" layihəsinə 1,5 milyard dollaradək kredit cəlb olunacaq. SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov bununla bağlı qeyd edir: “Cənub Qaz Dəhlizi” böyük meqastruktur, ən uzun boru kəmərləri zənciridir. Bu dəhliz Avropanı yeni mənbədən təbii qazla təmin edəcək. Almaniyanın "Uniper" şirkəti Azərbaycan təbii qazının alıcılarındən biridir. "Deutsche Bank" isə TAP layihəsinin maliyyələşdirilməsinin iştirakçısıdır. "Siemens" şirkəti də Azərbaycanda qaz boru kəmərləri üçün kompressor təminatında iştirak edir. Digər alman şirkətlərinin isə "Azərikimya" ilə müxtəlif əməkdaşlıq əlaqələri var. Almaniya tərəfindən "Cənub Qaz Dəhlizi" layihəsinə 1,5 milyard dollaradək kreditin cəlb edilməsinə dair zəmanət verilib. Növbəti mərhələ olaraq zəmanətin verilməsinin təsdiq edilməsi nəzərdə tutulur. Bununla əlaqədar “Cənub Qaz Dəhlizi” QSC ilə Almaniya Federativ Respublikası adından çıxış edən “Hermes” şirkəti və aidiyyəti banklarla kreditin şərtləri ilə bağlı müvafiq danışıqlar aparır. Kreditin cəlbi bu ilin sonuna kimi yekunlaşacaq". Almaniya şirkətləri ilə yanaşı, "Cənub Qaz Dəhlizi" vasitəsilə İtaliya, Fransa və digər çoxsaylı Avropa ölkələri Azərbaycandan qaz ala biləcək.  Bu prosesdə maraqlı tərəflərdən biri də ABŞ-dır. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kentin bildirir ki, indi Azərbaycan enerji mənbə və marşrutlarının şaxələndirilməsi siyasətində vacib rol oynayır. O, bu xüsusda ABŞ-ın enerji təhlükəsizliyi ilə bağlı layihələrə mövqeyinin dəyişməz olduğunu da qeyd edib.

Kent bildirib ki, “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsinə töhfə verən ölkələr birgə işin böyük nailiyyətlərə gətirib çıxarmasının bariz nümunəsini sübut ediblər: “Cənub Qaz Dəhlizi”nin  həyata keçirilməsində ABŞ hökumətinin rolu rəsmi Vaşinqtonun bölgəyə olan bağlılığını nümayiş etdirir”.

Onu da bildirək ki, "Cənub Qaz Dəhlizi" kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

Tahir TAĞIYEV

Son xəbərlər