17/12/2018 09:58
728 x 90

Prezident cinayət xarakterli məmur-sahibkar sövdələşmələrinə qarşı cəbhə açdı

“Hesab edirəm ki, dövlət başçısının bu xəbərdarlığından sonra ciddi tədbirlər görülməlidir”

img

Məhərrəm Zülfüqarlı: “Kimlər vergini ödəməkdən yayınırsa, onlar ciddi şəkildə cəzalandırılmalıdır”

 

“Hansısa dövlət məmuru sahibkarlara xüsusi şərait yaratmaq üçün qanunsuz əməllər edəcəksə, çox ciddi şəkildə cəzalandırılacaq”. Məlum olduğu kimi, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısının sözlərinə görə, Azərbaycanda kölgə iqtisadiyyatının kəskin şəkildə azalması üçün çox ciddi addımlar atılır: “Vergidən yayınma halları əvvəlki illərdə kütləvi xarakter daşıyırdı. Bu, əlbəttə, imkan vermirdi ki, biz öz potensialımızı tam gücü ilə işə salaq. Bu gün bu hallara son qoyulur”.

Prezidentin sözlərinə görə, bütün dövlət orqanları vergi orqanlarına kömək göstərməlidirlər: “Müvafiq göstərişlər verilir. Vergidən yayınmaya son qoyulmalıdır. Bu həm iri, həm kiçik sahibkarlara aiddir. Sahibkarlar da bilməlidirlər ki, əgər onlar sahibkarlar kimi öz fəaliyyətini davam etdirmək istəyirlərsə, vergiləri tam ödəməlidirlər. Heç kimə heç bir güzəşt edilmir və edilməyəcək. Bilirəm ki, bəzi sahibkarlar bəzi dövlət məmurlarına arxalanırlar, o dövr artıq keçib. Heç kimə arxalanmasınlar”.

Prezident İlham Əliyev onu da bildirib ki, hansısa bir dövlət məmuru sahibkarlara xüsusi şərait yaratmaq üçün qanunsuz əməllər edəcəksə, çox ciddi şəkildə cəzalandırılacaq: “Bütün müvafiq qurumlara göstəriş verildi, ilk növbədə Vergilər Nazirliyinə. Bu nazirlik heç nəyə baxmadan, dövlət maraqlarını rəhbər tutaraq öz siyasətini aparmalıdır. Bütün dövlət qurumları, o cümlədən sahibkarlar bu sahədə öz dəstəyini verməlidirlər. Dəstək verməyən isə cəzalandırılacaq”.

Dövlətin iqtisadi gücünün kökündə dayanan başlıca faktorlardan biri vergi gəlirləridir. Vergi yığımı nə qədər yaxşı təmin olunsa, bu bir o qədər iqtisadi inkişafa və dövlətin güclənməsinə öz müsbət təsirini göstərəcək. O üzdən, Prezidentin məlum xəbərdarlığı çox mühüm əhəmiyyət kəsb edir.

Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlı ölkə başçısının məlum xəbərdarlığını alqışladığını bildirdi: “Prezident tamamilə haqlı olaraq bu məsələni xüsusi vurğuladı. Məsələ ondadır ki, ölkədə müxtəlif vasitələrlə vergidən yayınma halları var və bunu danmaq olmaz. Görürsən vergi ödəməyən sahibkar hansısa məmura bağlıdır və bundan sui-istifadə edir. Adətən bu kimi himayəyə sahib olan insanlar vergini ödəmirlər. Belələri vergidən, gömrükdən yayınırlar. Bütün bunlar da, öz növbəsində, təbii ki, dövlətə ziyan vurur. Yəni vergidən yayınma büdcə gəlirlərinin formalaşmasına mənfi təsir göstərir. Hesab edirəm ki, dövlət başçısının bu xəbərdarlığından sonra ciddi tədbirlər görülməlidir. Prezidentin sözünə əməl olunmalıdır. Kimlər vergini ödəməkdən yayınırsa, onlar ciddi şəkildə cəzalandırılmalıdır. Vəzifəsindən və tutduğu mövqedən asılı olmayaraq, güzəşt olunmamalıdır. Belə olarsa, o zaman ölkədə sahibkarlıq daha da inkişaf edəcək və vergidən yayınma halları əhəmiyyətli dərəcədə azalacaq. Hesab edirəm ki, hər kəs bu xəbərdarlıqdan ciddi nəticə çıxarmalıdır”.

Vidadi ORDAHALLI

Son xəbərlər