17/12/2018 10:00
728 x 90

Bəhruz Quliyev xarici risqlərin məhz ölkə rəhbərinin siyasəti ilə aradan qaldırıldığını bildirib

img

Bu gün ölkəmiz dünyanın ən sabit və dinamik inkişaf yolunu tutan dövlətləri sırasında yer alır. Əldə edilən bu uğurun təməlində Prezident İlham Əliyevin siyasi strategiyası dayanmaqdadır.

Bunu Trend-ə "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev oktyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, hər bir regionun inkişaf və tərəqqisi üçün ilk növbədə sabitliyin təmin olunması vacibdir. Belə ki, sabitlik və təhlükəsizlik mühiti olmazsa, hər hansı davamlı inkişafdan söhbət gedə bilməz:

“Əbəs deyil ki, cənab Prezident bu barədə fikirlərini irəli sürərkən məhz həmin amillərə toxunaraq bildirib ki, Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq, sabitlik qorunur, möhkəmlənir. Bu baxımdan, belə nəticəyə gəlmək olar ki, bütün bunların təmin olunmasında, təməlində bilavasitə düşünülmüş, məqsədyönlü və uğurlu siyasətin yürüdülməsi reallığı dayanmaqdadır. Azərbaycanın da yerləşdiyi bölgədə münaqişələrin mövcud olmasına və həmin münaqişələrin, xüsusilə, Ermənistanın işğalçılıq siyasətinin bir sıra tərəqqi meyarlarına mənfi təsir göstərməsinə baxmayaraq, ölkəmiz istər Cənubi Qafqaz regionunda, istərsə də beynəlxalq aləmdə öz qərarlı, mütərəqqi addımlarını atır, mövqeyini daha da möhkəmləndirir. Bütün bunlar isə, bayaq da qeyd etdiyim kimi, Prezident İlham Əliyev cənablarının məqsədyönlü siyasətinin bariz göstəricilərindən biridir”.

“Dövlətimizin başçısı iclasda onu da bildirdi ki, qeyd edilənlərlə yanaşı, inkişafın ardıcıl təminatı üçün xarici risklər də nəzərə alınmalı, onların qarşısının alınması üçün mütəmadi işlər aparılmalıdır”, - deyə xatırladan siyasi ekspert Prezident İlham Əliyevin qətiyyəti nəticəsində həmin risklərin aradan qaldırıldığını vurğulayıb: “Söz yox ki, Azərbaycan Prezidentinin prioritet istiqamətlərindən biri də sosial siyasətin təmin olunmasıdır. Bu sosial siyasətin əsas məqsədi Azərbaycan xalqının rahat həyatını təmin etməkdən ibarətdir. Çünki xarici risklər məhz ölkə rəhbərimizin müdrik siyasəti sayəsində aradan qaldırılıb, qarşıda dayanan vəzifələr üçün isə daha geniş yollar açılıb".

Ekspert qeyd edib ki, bu gün Azərbaycanın daxili siyasəti ilə yanaşı, xarici siyasəti də olduqca geniş spektri əhatə edir və burada olan mühüm gerçəklik odur ki, dünya İlham Əliyev faktoruna böyük rəğbətlə baxır, bu faktoru yüksək dəyərləndirir.

Baş redaktor Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsini də bununla əsaslandırılmalı olduğunu bildirib: “Bu gün Azərbaycan bir çox nəhəng layihələrə öz imzasını atır, dünya miqyaslı, önəmli beynəlxalq tədbirləri təşkil edir, eləcə də ölkəmiz xarici dövlətlərdə keçirilən tədbirlərdə ön sıralarda yer alır. Məhz bu faktın özü Prezident İlham Əliyevin nüfuzunun ali təcəssümü olaraq dəyərləndirilməlidir. O da əbəs deyil ki, dövlət başçımızın da xatırlatdığı kimi, təkcə cari ildə o, 12 xarici səfər edib, 15 dövlət və hökumət başçısı isə Azərbaycana səfərə gəlib. Bəli, Azərbaycana verilən önəm və diqqət bu ölkənin həm də etibarlı tərəfdaş, mehriban qonşu və güvəniləcək dost olmasına danılmaz sübutdur. Çünki cənab Prezident İlham Əliyevin dediyi kimi, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Əlbəttə ki, bütün bu kimi uğurlu nəticələr inkişaf yolumuzu daha da açıq edir, xalqımızın, dövlətimizin tərəqqisinin dinamik inkişafına stimul verir. Məhz bu nailiyyətlər İlham Əliyev siyasəti və strategiyasının real göstəricisi, uğurlu nəticəsidir”.

Son xəbərlər