21/10/2018 08:31
728 x 90

Azərbaycanın sabit inkişafının əsas təminatı – aparılan rəsmi siyasət kursu...

“Biz bu gün mürəkkəb dünya siyasətində bütün təhdidlərin öhdəsindən uğurla gələn, ölkəmizi sınaqlardan ləyaqətlə çıxaran Prezidentin fəaliyyətinin nəticələrini görürük”

img

Nəzakət Məmmədova: “Azərbaycanın geosiyasi mövqeyi və hazırda dünyada gedən proseslər…”

 

“2018-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlindən qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla və vaxtında icra edilir. Azərbaycan 2018-ci ildə də öz dinamik inkişafını təmin etmişdir və ölkəmiz əminamanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşamışdır”. Bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

Prezident daha sonra  deyib: “Bugünkü dünyada vəziyyəti nəzərə alsaq, deməliyik ki, bu gün sabitlik, təhlükəsizlik hər bir ölkə üçün əsas amillərdən biridir. Azərbaycanda isə təhlükəsizlik, əminamanlıq, sabitlik qorunur, möhkəmlənir. Sabitliyin, uğurlu inkişafımızın təməlində bizim düşünülmüş siyasətimiz dayanır, eyni zamanda, xalq tərəfindən bizim siyasətimizə göstərilən dəstək dayanır. Dünyada və xüsusilə yaşadığımız bölgədə vəziyyət gərgin olaraq qalır, yeni qarşıdurma, münaqişə ocaqları yaranır. Əvvəlki illərdə yaranmış gərgin vəziyyət əfsuslar olsun ki, aradan qaldırılmır. Belə olan vəziyyətdə biz əlbəttə ki, özümüzü mümkün olan xarici risqlərdən daha da ciddi qorumalıyıq və qoruyuruq. Bir daha qeyd etmək istəyirəm, Azərbaycanda daxili risqlər mənbəyi yoxdur və biz öz siyasətimizlə, görülən işlərlə özümüzü mümkün olan təhlükələrdən qoruyuruq və qoruyacağıq. Azərbaycan xalqının rahat həyatını təmin edirik və edəcəyik”.

Göründüyü kimi, Prezident qeyd edir ki, biz doğru siyasətimiz sayəsində özümüzü bütün təhlükələrdən qoruyuruq və gələcəkdə də qorumalıyıq. Ölkəmiz bu cür uğura hansı siyasətin nəticəsində nail ola bilir?

Politoloq Nəzakət Məmədova qəzetimizə bildirdi ki, Azərbaycan bu uğura, Prezident İlham Əliyevin dediyi kimi, ilk növbədə düşünülmüş, eyni zamanda xalq tərəfindən göstərilən, xalq-iqtidar birliyini təcəssüm etdirən dəstək nəticəsində nail olur: “İstənilən ölkənin siyasəti, hətta xarici siyasəti əhalinin, xalqın dəstəyindən asılıdır. Ümummilli lider Heydər Əliyevin də dediyi kimi, Azərbaycanda hakimiyyətin tək mənbəyi Azərbaycan xalqıdır.

Azərbaycanın geosiyasi mövqeyi və hazırda dünyada gedən proseslər ölkəmizə müəyyən təhdidlər yaradır, onu qlobal çağırışların hədəfinə çevirir. Belə bir şəraitdə ölkənin milli maraqlarını əsas götürməklə regional dövlətlərlə, qlobal proseslərə yön verən, yeni dünya nizamının formalaşmasında iştirak edən güc mərkəzləri ilə əməkdaşlıq, ardıcıl və düşünülmüş siyasət, praqmatizm və mənəvi dəyərlərin uğurlu çulğalaşması əsasında yeridilən siyasət, beynəlxalq hüquqa riayət olunması, habelə zərurət yarandıqda geopolitik prinsiplərin istisna olunmaması ölkəmizin uğurunu şərtləndirən amillərdir. Dünya şöhrətli siyasətçi Heydər Əliyevin məktəbini keçmək isə Prezidentin təbii istedadı ilə uğurla birləşərək, onun istənilən vəziyyətdə doğru qərar qəbul etmək qabiliyyətini möhkəmləndirib. Nəticədə biz bu gün mürəkkəb dünya siyasətində bütün təhdidlərin öhdəsindən uğurla gələn, ölkəmizi sınaqlardan ləyaqətlə çıxaran Prezidentin fəaliyyətinin nəticələrini görürük”.

Politoloqun sözlərinə görə, beynəlxalq siyasəti bəziləri futbol meydanına, bəziləri cəngəllik qanunları ilə idarə olunan anarxik mühitlə müqayisə edir, bəzi araşdırmaçılar isə, əksinə, sivilizasiyalı mühitin, beynəlxalq hüquq qaydalarının hakim olduğu böyük bir məkan kimi görürlər: “Lakin şərtlər və şərait nə olursa-olsun, dəyişməyən, istənilən mühitdə doğru qərar verməyə kömək edən bir neçə xüsusiyyət var: ağıl, müdriklik, cəsarət və təmkinliliyin məqamına görə doğru seçilməsi, məqsədyönlülük, öz gücünə inanma, zamana və məkana nəzərən doğru, çevik, adekvat qərarvermə və s. Azərbaycanın xarici siyasət uğurlarını şərtləndirən dövlət başçısının bu unikal xüsusiyyətləridir”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər