21/10/2018 08:29
728 x 90

Prezident xaricdən hərbi texnika alışında Azərbaycanın qürurverici prinsipini açıqladı...

“Bizim başqa yerlərdən silah almağımız təbiidir”

img

Daşdəmir Əliyev: “Belə bir manevr imkanının olması Azərbaycanın düzgün siyasət yürütdüyünün göstəricisidir”

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Ordusunun maddi-texniki təminatının yenilənməsindən və müasir silahlarla təchiz olunmasından  da danışıb.

Ölkə başçısı bildirib ki, biz öz hərbi qüdrətimizi artırırıq və artıracağıq: “Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır və beynəlxalq reytinqlər də, həyat da bunu göstərir, bizim hərbi uğurlarımız da buna dəlalət edir. Bu il Bakıda iki dəfə möhtəşəm hərbi parad keçirilmişdir və bu paradlarda bizim hərbi qüdrətimiz həm xalqımıza, həm dünyaya nümayiş etdirilmişdir. Bu gün Azərbaycan Ordusu ən müasir silahlarla, texnika ilə təchiz edilib, bu proses davam etdirilir. Biz bundan sonra da ən müasir hərbi texnikanı alacağıq, yeni kontraktlar imzalanır. Əvvəlki illərdə imzalanmış kontraktlar əsasında ən müasir silahlar ölkəmizə gətirilir, onların bir hissəsi hərbi paradlarda göstərilib, bir hissəsi göstərilməyib. Demək olar ki, biz bu gün öz hərbi potensialımızı maddi-texniki təchizat baxımından tam təmin etmişik. Biz bundan sonra yalnız ən müasir texnikanı, silahları almaq fikrindəyik və bu texnikanı bizə satmaq istəyən ölkələrin sayı artır. Onsuz da bu məsələ ilə bağlı heç bir çətinlik yoxdur. Əvvəlki illərlə müqayisədə bu gün biz seçim edirik, nəinki hansısa bir təchizatçıya bağlıyıq. Ona görə biz bu gün bir çox ölkələrdən hərbi təyinatlı məhsullar alırıq”.

Göründüyü kimi, ölkə başçısı Azərbaycanın istənilən ölkədən silah almaq imkanının olduğunu nəzərə çatdırıb. Hətta bildirib ki, biz hansı ölkədən silah almaqla bağlı seçim də edə bilirik. Yəni heç bir ölkə qarşısında bununla bağlı öhdəliyimiz yoxdur. Silah alışı sahəsində əvvəlki illərlə müqayisədə Azərbaycanın əldə etdiyi müstəqil seçim uğurunu necə dəyərləndirə bilərik?

Ekspert Daşdəmir Əliyevin sözlərinə görə, silah satışı ilə dünyada elə də çox ölkə məşğul olmur: “Təbii ki, belə ölkələr yüksək elmi irəliləyişə və sənayeyə malik olmalıdırlar. Dünyada silah satışı həm də ən gəlirli sahə sayılır. Hər bir silah istehsal edən ölkə silahını satmaqda maraqlıdır və bu təbiidir. Silahı isə ehtiyacı olan ölkələr daha çox alır. Azərbaycanın silahlanmaya ciddi fikir verməsi bizim yaşadığımız şəraitlə bağlıdır. Biz, faktiki olaraq, müharibə şəraitində yaşayırıq. Torpaqlarımızın 20 faizi işğal edilib. Belə olan təqdirdə bizim ən müasir silahları əldə etməyimiz təbiidir. Buna, eyni zamanda, bizim maddi imkanımız da çatır. Elə ölkələr var ki, onların silaha ehtiyacı olsa da, maddi vəziyyətləri həmin silahları tədarük etməyə imkan vermir. Azərbaycan silah aldığı ölkələrin adını gizlətmir.

Azərbaycan son illər Rusiyadan milyardlarla dollar həcmində silah və hərbi texnika alıb. Azərbaycan Rusiya ilə yanaşı, İsraildən də silah alır. Son illər Azərbaycanla Ukrayna arasında da hərbi əməkdaşlıq inkişaf edir. Azərbaycan Ukraynanın istehsal etdiyi hərbi texnikaya maraq göstərir. Eynilə Ukraynanın da Azərbaycanda istehsal olunan hərbi texnikaya marağı var. Ukrayna ilə Azərbaycanı daha bir mövzu birləşdirir - separatizmlə mübarizə.

Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Son illər Türkiyədə hərbi texnikanın istehsalı artıb. Türkiyədə istənilən silah növü və hərbi texnika istehsal olunur. Ona görə də Türkiyə Azərbaycana daha çox silah sata bilər. Bu, Azərbaycan üçün də vacibdir. Çünki Türkiyə NATO ölkəsidir və istehsal etdiyi silahlar yüksək standartlara cavab verir. Silah biznesi elədir ki, burada heç nəyi gizlətmək mümkün deyil.Bizim rəsmilər Pakistandan da silah almaq niyyətimizin olduğunu bəyan ediblər. Hələ ki, bu sahədə bizim ən əsas tərəfdaşımız Rusiyadır. Rusiya ilə bu sahədə edilən əməkdaşlığın həcmi milyardlarla ölçülür.Lakin bizim başqa yerlərdən silah almağımız təbiidir və belə bir manevr imkanının olması Azərbaycanın düzgün siyasət yürütdüyünün göstəricisidir”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər