17/12/2018 09:58
728 x 90

Azərbaycan Prezidentinin ən yeni Qarabağ mesajlarında yeni nüanslar…

“Bir daha dünya birliyinin nəzərinə çatdırdı ki, Azərbaycanın mövqeyi əvvəlki kimi qalır”

img

Vüqar Qədirov: “Ölkə başçısı, həmçinin, Ermənistanın yeni rəhbərliyini bir daha konstruktiv olmağa çağırdı”

 

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı giriş nitqində  Dağlıq Qarabağ problemi və onun həlli perspektivindən danışarkən Azərbaycanın prinsipial mövqeyini bir daha ortaya qoyub: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar Ermənistan və Azərbaycan arasında aparılıb, aparılır və aparılmalıdır.

Biz bu il Avropa İttifaqı ilə əlaqələrimizin inkişafı istiqamətində növbəti ciddi addım atdıq. Bu ilin yayında Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq prioritetləri sənədi imzalanmışdır və hesab edirəm ki, bu, çox önəmli addımdır, önəmli sənəddir. Bu sənəddə bir çox önəmli məsələlər öz əksini tapır. O cümlədən bu sənəddə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olan müddəalar həm ədalətlidir, həm də bizim mövqeyimizi və maraqlarımızı tam şəkildə ifadə edir. Bu sənəddə göstərilir ki, Azərbaycanın suverenliyi, sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü Avropa İttifaqı tərəfindən dəstəklənir. Eyni zamanda, NATO-nun Zirvə görüşünün yekununda qəbul edilmiş bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək bir daha ifadə edilmişdir. Bütün bu sənədlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində bizim mövqeyimizi daha da möhkəmləndirir. Onsuz da münaqişənin həlli üçün kifayət qədər geniş hüquqi baza var, eyni zamanda, yeni addımlar, xüsusilə ölkəmizin suverenliyi, sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü ilə bağlı mötəbər beynəlxalq təşkilatların qərar və qətnamələri, sazişlərdə əks olunan müddəalar bizim mövqeyimizi daha da möhkəmləndirir".

İlham Əliyev vurğulayıb ki, münaqişə ilə bağlı indiki danışıqlar mərhələsi ictimaiyyət üçün bəllidir: "Ermənistan tərəfinin cəhdləri nəticə vermədi, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqların formatı dəyişməz olaraq qalır. Bu danışıqlar Ermənistan və Azərbaycan arasında aparılıb, aparılır və aparılmalıdır. İki ölkənin xarici işlər nazirlərinin iki görüşü bunu bir daha sübut edir. Son vaxtlar baş vermiş digər hadisələr onu göstərir ki, danışıqlar formatı dəyişməz olaraq qalır və bu münaqişə tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır".

Prezident qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların predmeti olmayıb, bu gün də deyil və heç vaxt olmayacaq: "Ona görə biz bundan sonra da öz prinsipial mövqeyimizdə qalacağıq. Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi öz siyasətində konstruktivlik nümayiş etdirəcək və torpaqlarımız tezliklə işğalçılardan azad olunacaqdır".

Prezidentin Dağlıq Qarabağ problemi ilə bağlı dedikləri Azərbaycanın prinsipial mövqeyinin dünyaya bir daha çatdırılmasında nə kimi rola malikdir?

Politoloq Vüqar Qədirov qəzetimizə bildirdi ki, Prezident çıxışında Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycanın prinsipial mövqeyini bir daha bəyan etdi: “Ölkə başçısı doğru olaraq vurğuladı ki, son zamanlar Azərbaycan problemin həlli ilə bağlı ciddi irəliləyişlər əldə edib. Bu məsələdə beynəlxalq hüquq onsuz da bizim tərəfimizdədir. Lakin nüfuzlu qurumların qəbul etdiyi qərarlar bizim bu istiqamətdə olan mövqeyimizi daha da gücləndirir. Diqqətçəkən məqam odur ki, Azərbaycan üçün prioritet sayılan bu məsələdə bizim mövqeyimiz  konkretdir və heç bir dəyişikliyə məruz qalmır. Təəssüf ki, Ermənistanla bağlı bunu deyə bilmərik. Onların yeni rəhbərliyi hətta bu istiqamətdə uzun illərdən bəri aparılan danışıqların formatını belə dəyişməyə cəhd etdi. Təbii ki, belə işlərin heç bir perspektivi ola bilməzdi. Azərbaycanın prinsipial mövqeyini anlayan Ermənistan yenidən əvvəlki formatda danışıqları bərpa etmək məcburiyyətində qaldı. Son çıxışı ilə Prezident dünyaya bir daha vacib mesaj verdi. Bir daha dünya birliyinin nəzərinə çatdırdı ki, Azərbaycanın mövqeyi əvvəlki kimi qalır. Yəni bizim ərazi bütövlüyümüz heç bir müzakirə predmeti ola bilməz. Ölkə başçısı, həmçinin, Ermənistanın yeni rəhbərliyini konstruktiv olmağa çağırdı. Təbii ki, onlar bu mövqeyi sərgiləməyəcəyi təqdirdə münaqişənin ömrü də uzanacaq və Azərbaycan digər üsullara əl atmaq məcburiyyətində qalacaq. Düşünürəm ki, dünya birliyi də Prezidentin son fikirlərini təhlil edərək daha doğru nəticə çıxarmalıdır. Aydın şəkildə bəyan olunub ki, münaqişənin həlli Ermənistanın işğal etdiyi torpaqları boşaltmasından keçir”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər