17/12/2018 09:59
728 x 90

Prezident İlham Əliyevin məcburi köçkün siyahılarını saxtalaşdıranlara son xəbərdarlığı…

“Köçkün olmayan ailələr müəyyən vasitələrlə ehtiyacı olan məcburi köçkün ailələrinin haqqına giriblər”

img

İlqar Hüseynli: “Köçkün olmayan şəxslərin məcburi köçkünlər üçün nəzərdə tutulan mənzillərdə yaşayışı müəyyən olunmalı və həmin mənzil geri alınaraq ehtiyacı olan məcburi köçkünə təhvil verilməlidir”

 

Oktyabrın 9-da Nazirlər Kabinetinin ilin 9 ayının yekunlarına həsr edilmiş iclasında Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlər üçün tikilən mənzillərin bölüşdürülməsində korrupsiya və fırıldaq halları barədə danışıb. İlham Əliyev köçkünlərin vəziyyətindən istifadə edib gəlir əldə edənlərin “vicdanının, imanının olmadığını” bildirib.

Prezident nitqində qeyd edib ki, qaçqın və köçkünlərə, şəhid ailələrinə yeni evlərin tikintisinin davam etdirilməsi ilə yanaşı, bu sahədə şəffaflığı təmin etmək, ciddi islahatlar da aparmaq lazımdır: “Çünki əfsuslar olsun ki, bu gün belə deyil. Bəzi hallarda köçkün olmayan vətəndaş gedib yalandan öz adını yazdırır, sonra dövlətdən mənzil alır. Belə hallar var və köçkünlər xoşagəlməz hallarla üzləşirlər. Növbə ilə bağlı məsələlər var. Yəni ədalətsizliklər aradan qaldırılmalıdır və pozuntulara yol açan boşluqlar da bağlanmalıdır. Növbədə dayanan, ən ağır vəziyyətdə yaşayan vətəndaş ilk növbədə mənzil almalıdır, belə göstəriş verilib. Mənzil ancaq köçkünə verilməlidir. Bəzi hallarda məlumat gəlir ki, köçkünlər üçün tikilmiş evlərdə başqa vətəndaşlar yaşayır. Bəzi hallarda biləndə ki, misal üçün, ev söküləcək, yeni evə köçürüləcəklər, yerli icra orqanları, digər qurumlar gedib oraya pul müqabilində köçkün olmayan adamların adlarını yazdırırlar. Bu, ən böyük vicdansızlıqdır. Köçkünlərin vəziyyətindən istifadə edib əsassız imtiyaz, gəlir əldə etmək ən böyük günahdır, vicdansızlıqdır. Bunu edənlərin vicdanı, imanı yoxdur. Ona görə bunlara qarşı çox ciddi mübarizə aparılır və aparılacaq, onlar eşitsinlər. Burada çox ciddi şəffaflıq və uçot təmin edilməlidir və ediləcək”.  

Qaçqın və məcburi köçkünlər üçün tikilən mənzillərdə xoşagəlməz halların qarşısının alınması barədə fikir bildirən sosial sahə üzrə ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bunları qeyd etdi: “Qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülür. Bakıda, ətraf qəsəbələrdə və rayonlarda məcburi köçkünlərin yaşayışı üçün mənzillər onların ixtiyarına verilib. Ancaq əfsuslar olsun ki, bu sahədə düzgün seleksiya prosesi aparılmadan bəzi xoşagəlməz hallar yaşanır. Köçkün olmayan aiələlər bu gün qaçqın və məcburi köçkünlər üçün müəyyən edilən qəsəbələrdə və ya binalarda yaşayırlar. Bu hal daha çox rayonlarda qeydə alınır. Köçkün olmayan şəxslərin məcburi köçkünlər üçün nəzərdə tutulan mənzillərdə yaşayışı müəyyən olunmalıdır. Komissiya təşkil olunmalı və həmin mənzillər köçkün həyatı yaşamayan ailələrdən geri alınmalıdır. Çünki onlar müəyyən vasitələrlə ehtiyacı olan məcburi köçkün ailələrinin haqqına giriblər”.

Həmsöhbətimiz onu da vurğuladı ki,  elə məcburi köçkünlər var ki, onların paytaxt ərazisində bir neçə mənzili var, ancaq müəyyən vasitələrlə ehtiyacı olan insanların haqqına girərək yeni tikilən qəsəbələrdən də mənzil əldə etmiş olurlar: “Əslində, onlar üçün tikilən qəsəbələr dövləti mülkiyyəti hesabında saxlanır. Məcburi köçkünlər üçün verilən evlərə mülkiyyət hüquqi verilməyib. Mülkiyyət hüququnun verilməməsi imkan yaradır ki, təkrar baxış keçirilsin və bir neçə mənzilə sahib olan ailələr müəyyən olunsun. Araşdırma zamanı bir neçə ev alan məcburi köçkünlərdən mənzilin biri geri alınaraq ehtiyacı olan ailələrə geri qaytarılsın”. 

Günel CƏLİLOVA

Son xəbərlər