21/10/2018 08:31
728 x 90

Azərbaycanın beynəlxalq təşkilatlarla işbirliyi sistemli əməkdaşlıq platforması səviyyəsinə çatıb

“Təbii ki, bütün bu siyasət cənab Prezidentin rəhbərliyi altında həyata keçirilir”

img

Yeganə Hacıyeva: “Hesab edirəm ki, Azərbaycanın bu istiqamətdə uğurları davamlı olacaq və biz bunun bəhrəsini hələ uzun illər bundan sonra da görəcəyik”

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib ki, biz bu il Avropa İttifaqı ilə əlaqələrimizin inkişafı istiqamətində növbəti ciddi addım atdıq.

Dövlət başçısı deyib ki, bu il Azərbaycanda Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin böyük konfransı keçirilib: "Azərbaycan bu təşkilatda uğurla fəaliyyət göstərir və gələn ildən başlayaraq bu təşkilata, dünyanın ən böyük təşkilatlarından biri olan Qoşulmama Hərəkatına sədrlik edəcək. Bakıda Qoşulmama Hərəkatının Zirvə görüşü keçiriləcək. Biz bu il Avropa İttifaqı ilə əlaqələrimizin inkişafı istiqamətində növbəti ciddi addım atdıq. Bu ilin yayında Avropa İttifaqı ilə Azərbaycan arasında “Tərəfdaşlıq prioritetləri” sənədi imzalanmışdır və hesab edirəm ki, bu, çox önəmli addımdır, önəmli sənəddir. Bu sənəddə bir çox önəmli məsələlər öz əksini tapır. O cümlədən bu sənəddə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olan müddəalar həm ədalətlidir, həm də bizim mövqeyimizi və maraqlarımızı tam şəkildə ifadə edir. Bu sənəddə göstərilir ki, Azərbaycanın suverenliyi, sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü Avropa İttifaqı tərəfindən dəstəklənir. Eyni zamanda, NATO-nun Zirvə görüşünün yekununda qəbul edilmiş bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək bir daha ifadə edilmişdir. Bütün bu sənədlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində bizim mövqeyimizi daha da möhkəmləndirir. Onsuz da münaqişənin həlli üçün kifayət qədər geniş hüquqi baza vardır, eyni zamanda, yeni addımlar, xüsusilə ölkəmizin suverenliyi, sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü ilə bağlı mötəbər beynəlxalq təşkilatların qərar və qətnamələri, sazişlərdə əks olunan müddəalar bizim mövqeyimizi daha da möhkəmləndirir".

Göründüyü kimi, ölkə başçısı Azərbaycanın beynəlxalq qurumlarla qurduğu əlaqələri və bu istiqamətdə əldə olunan uğurları təhlil edib. Azərbaycanın beynəlxalq qurumlarla apardığı işi, bu yöndə əldə etdiyi nəticəni necə dəyərləndirmək olar?

Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, cənab Prezident son çıxışında iqtisadi məsələlərlə yanaşı, həm də bəzi vacib siyasi mövzulara da toxundu: “Cənab Prezident Azərbaycanın beynəlxalq qurumlarla etdiyi uğurlu tərəfdaşlıq barədə danışarkən bildirdi ki, gələn ildən başlayaraq Azərbaycan vacib qurumlardan olan Qoşulmama Hərəkatına  sədrlik edəcək. Ölkə başçısı həm də Avropa Birliyi və NATO ilə Azərbaycanın münasibətlərinin yüksək səviyyədə olmasına rəy bildirdi. Biz sizinlə əvvəllər də Avropa Birliyi ilə Azərbaycan  arasında olan strateji tərəfdaşlıq münasibətlərinin qurulması və bunun şərtləri barədə çox danışmışıq. Təbii ki, bunun Azərbaycan və Avropa üçün olan prioritetləri geniş şəkildə incələnib. 2018-ci ildə AB Azərbaycanla strateji əməkdaşlığa dair sənədi parafladı. Həmin sənəddən də görünür ki, AB Azərbaycanla əməkdaşlığın bütün aspektlərinə böyük önəm verir. Bu sənədin ana hissəsi ölkəmiz üçün çox önəmlidir. Çünki orada Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Avropa Birliyinin konkret rəyi ortaya qoyuldu. Həmçinin, həmin məqam Avropa Birliyi ilə Ermənistan arasındakı “Çərçivə sazişində” də qeyd edilib. Bundan sonra AB təşkilatçısı olduğu bütün layihə və tədbirlərdə Dağlıq Qarabağı, birmənalı olaraq, Azərbaycanın tərkib hissəsi kimi qeyd etdi.

İkinci məqam NATO-Azərbaycan münasibətləri ilə bağlıdır. Bu münasibətlərin dövrü ölkəmizin müstəqillik əldə etməsindən sonraya təsadüf edir və indiyə kimi uğurla aparılır. Biz NATO-nun daimi dəstək proqramlarının hamısında yaxından iştirak edirik. Bu fəaliyyət istər NATO, istərsə də NATO-nun aparıcı ölkələri tərəfindən hər zaman təqdir edilir. Prezidentin çıxışında məhz bu məqamlara xüsusi önəm verməsi təbiidir. Bütün bunları əsas götürərək deyə bilərik ki, Azərbaycan bu sahədə uğurlara yürütdüyü mükəmməl xarici siyasət kursuna görə nail ola bilir.  Azərbaycan bu illər ərzində həyata keçirdiyi uğurlu islahatların və düzgün müəyyənləşmiş strategiya üzrə hərəkət etmənin bəhrəsini beynəlxalq qurumlarla münasibətdə görür. Təbii ki, bütün bu siyasət cənab Prezidentin rəhbərliyi altında həyata keçirilir. Hesab edirəm ki, Azərbaycanın bu istiqamətdə uğurları davamlı olacaq və biz bunun bəhrəsini hələ uzun illər bundan sonra da görəcəyik”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər