21/10/2018 08:45
728 x 90

Qərbin aparıcı ölkələri Azərbaycana hərbi texnika satışında yeni mərhələyə başlayır...

Qarabağ probleminin sülh yolu ilə həlli imkanları azaldıqca...

img

Azərbaycanla iqtisadi, siyasi müstəvidə əməkdaşlıqda xüsusilə maraqlı olan Qərb ölkələrinin sayının artması bu gün kifayət qədər aydın müşahidə olunur və bu hal rəsmi Bakının uğurlu xarici siyasətinin mühüm nəticəsi kimi qəbul edilir. Digər tərəfdən özünü göstərən vacib bir məqam da Qərb ölkələri ilə indiyə qədər qurulan əməkdaşlığın daha da dərinləşməsi istiqamətində atılan addımlardır. Açıq görünür ki, Qərb indi ölkəmizi özünün etibarlı və vacib tərəfdaşı hesab edir. Elə bu fonda son dövrlərdə Qərb dünyası Azərbaycanla hərbi müstəvidə də əməkdaşlıq əlaqələrinin qurulmasına xüsusi önəm verir.

Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsini əsas gətirən Qərb dövlətləri hərbi sferada Azərbaycanla, eləcə də işğalçı Ermənistanla əməkdaşlıq etmirdi. Elə indinin özündə də Qərb ölkələri, digər sahələrlə yanaşı, hərbi müstəvidə İrəvanla hər hansı münasibətlərin qurulmasına meyl etmir. Amma Azərbaycana münasibətdə tamam fərqli mənzərə müşahidə edilir. Qərb dövlətləri bir-birinin ardınca hərb sahəsində də ölkəmizlə əlaqələr yaradılmasına böyük önəm verməkdədirlər. Məsələn, Fransa prezidenti Emmanuel Makronun bu həftə Azərbaycana baş tutacaq səfəri fonunda, bir çox məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsi, hərbi sahədə əlaqələrin dərinləşdirilməsi ilə bağlı müzakirələrin aparılması  nəzərdə tutulub. Artıq o da dəqiqdir ki, səfər zamanı Azərbaycan Fransa tərəfi ilə dənizdə patrul gəmisinin tikintisi ilə bağlı müqavilə imzalayacaq. Söhbət OPV-90 mühafizə gəmisindən gedir.

Xatırladaq ki, Fransanın “Naval Group” şirkəti ötən ay Bakıda keçirilən “ADEX-2018”  sərgisində özünün OPV-90 mühafizə gəmisinin layihəsini təqdim edib. Fransa tərəfi bəyan edir ki, 87 metr uzunluğunda OPV-90 dənizdə hərəkətə nəzarət, dəniz ehtiyatlarının mühafizəsi, axtarış-xilasetmə əməliyyatları, həmçinin humanitar yardımın göstərilməsi kimi mülki və hərbi vəzifələrin yerinə yetirilməsinə qadirdir. 1500 ton su basımı olan gəmi 5-10 tonluq helikopterləri daşımaq imkanına malikdir. “Naval Group” şirkətinin Marketinq Departamentinin rəhbəri Filip Darcın verdiyi açıqlamaya görə, Fransa Hərbi Dəniz Qüvvələrinin 10 ildən artıq müddətdə istismarında olan OPV-90 gəmisinin üzərində, Azərbaycan Silahlı Qüvvələrinin təklifinə uyğun olaraq, təkmilləşdirmə işləri aparılır. Bu isə o deməkdir ki, yaxın tezlikdə Azərbaycan Silahlı Qüvvələrinin ixtiyarında OPV-90 gəmisi olacaq.  Yeni nəsil döyüş gəmisi hesab olunan OPV-90 dənizdə sınaqdan keçirilib. Departament rəhbərinin sözlərinə görə, yeni OPV-90 gəmisi Fransa və Azərbaycan mühəndisləri tərəfindən birgə inşa olunacaq. Azərbaycan tərəfinin tələbinə uyğun olaraq, yeni gəminin top və gəmi əleyhinə raket kompleksləri, o cümlədən hava hücumundan müdafiə sistemləri və sair Fransa müdafiə sənayesi tərəfindən yenilənəcək. Ekspertlər isə bütün bunları yüksək qiymətləndirir və bildirirlər ki, artıq yaxın tezlikdə Fransanın digər hərbi texnikasının da Azərbaycana gəlişini gözləmək olar. Məlumat üçün bildirək k, Fransanın müdafiə sənayesində tanınmış şirkətlərdən olan  “MBDA Systems“,“CİFAL Group“, “Airbus Defense”, “Etienne Lacroix”, “Nexter Systems”, “Proengin”, “Thales” və digər şirkətlər də ölkəmizdə əməkdaşılqda maraqlı olduqlarını açıq bəyan edir.  Beləliklə, Azərbaycan Fransa ilə hərbi-texniki sahədə əməkdaşlığı genişləndirməyə hazırlaşır. Fransadan sonra Avropanın digər aparıcı hərbi şirkətləri ilə Azərbaycanın əlaqələrinin genişlənməsi proqnozlaşdırılır. Bu xüsusda Rusiyanın “ridus.ru“ portalı diqqəti Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlığa yönəldir. Portal bildirir ki, Azərbaycan artıq İtaliyadan 10 ədəd M-346 təlim-döyüş təyyarəsi alıb. Tam adı “Alenia Aermacchi M-346 Master“ olan bu təyyarələr əvvəlcə pilotların döyüş hazırlığının yüksəldilməsi üçün nəzərdə tutulurdu və İtaliyanın “Leonardo Aircraft” şirkəti tərəfindən istehsal olunur. Təyyarə ilk uçuşunu 2004-cü ildə keçirib. O vaxtdan bəri İtaliyanın və bəzi digər ölkələrin Hərbi Hava Qüvvələri bu təyyarələrdən alıb. Hazırda İtaliya Hərbi Hava Qüvvələrinin silahlanmasında 18 belə təyyarə var. Sinqapur 12, İsrail 30, Polşa isə 8 M-346 təyyarəsi alıb. Azərbaycan da “Leonardo Aircraft” şirkətinin müştəriləri arasındadır və Müdafiə Nazirliyi ilk dəfə 2017-ci ilin mayında Hərbi Hava Qüvvələrinin silahlanmasına daxil olan yeni nəsil M-346 təyyarəsini nümayiş etdirib. Lakin o vaxt Azərbaycanın İtaliyadan neçə təyyarə aldığı göstərilməmişdi.

İndi Rusiya mənbələrində göstərilir ki, Azərbaycan “Leonardo” şirkətindən 10 təyyarə alıb və daha 15 təyyarə sifariş verib. Təyyarədə iki turboreaktiv mühərrik quraşdırılıb və bu mühərriklərin sayəsində M-346 saatda 1050 kilometrə qədər sürət yığa bilir. Şirkət təyyarəni daha da təkmilləşdirərək onu təlim-döyüş təyyarəsinə çevirib. M-346 təyyarələrinin təlim-döyüş versiyası qanadaltı asmalarda 3 tona qədər ağırlığında 5 bomba daşıya bilir.

“Leonardo” şirkətinin Azərbaycana satdığı və satmağa hazırlaşdığı təyyarələrin neçəsinin təlim-məşq, neçəsinin təlim-döyüş təyinatlı olduğu məlum deyil. Lakin ehtimal edilir ki, bu təyyarələrin əsas qismi məhz təlim-döyüş təyinatlı olacaq. Çünki pilotların döyüş hazırlığı üçün o qədər də çoxsaylı təyyarələrə ehtiyac yoxdur. Azərbaycan isə son illər öz Hərbi Hava Qüvvələrini müasir döyüş təyyarələri ilə təchiz etməyin müxtəlif variantlarını, o cümlədən Pakistan-Çin istehsalı olan JF-17 qırıcılarının alınmasını nəzərdən keçirib. Belə situasiyada İtaliya istehsalı olan yüngül təlim-məşq təyyarələrinin təlim-döyüş versiyası Azərbaycan üçün tamamilə sərfəli variant kimi görünür. Həmin təyyarələri İsrailin köməyi ilə daha da təkmilləşdirmək və döyüş imkanlarını genişləndirmək olar. Xatırladaq ki, İsrail Müdafiə Nazirliyi  özünün hərbi avasiya parkında yer alan İtaliyanın “Alenia Aermacchi” şirkətinin istehsalı olan M-346 “Master” təlim-döyüş təyyarələrini təkmilləşdirir. 2012-ci il iyunun 2-də İsrail Müdafiə Nazirliyi ilə “Alenia Aermacchi” şirkəti arasında dəyəri 1 milyard dollar olan müqavilə imzalanıb. Müqavilə əsasında “Alenia Aermacchi” şirkətinin İsrail Hərbi Hava Qüvvələrini  “Lavi” adı verilən 30 ədəd M-346 təlim-döyüş təyyarələri ilə təchiz etməsi nəzərdə tutulub. Son “Lavi” təyyarəsinin İsrail Hərbi Hava Qüvvələrinin inventarına daxil olmasından az vaxt keçməsinə baxmayaraq, təyyarənin imkanlarını genişləndirmək məqsədi ilə onun müasirləşdirməsinə qərar verilib. İsrail istehsalçı şirkətlə birlikdə təyyarənin təlim bombaları və asma yanacaq çəni ilə təchiz edilməsi üzərində işləyir. Gələcəkdə təyyarələrin istehsalçısı analoji müasirləşdirməni başqa müştərilərə də təklif edə biləcək. Yenilənmiş M-346 təyyarəsi, demək olar ki, 3 il istismar müddətində İsrail Hərbi Hava Qüvvələrinin təcrübəsinə əsaslanan xüsusi proqram təminatı alıb. Azərbaycan və İsrail arasında yüksək münasibətlərin olması fonunda ölkəmizin İtaliyadan aldığı və alacağı yeni təyyarələrin də təkmilləşdirilməsi prosesində İsraildən olan hərbçilərin iştirakında hansısa problem olmayacaq.

Avropanın ən böyük iqtisadyyatına malik Almaniya da Azərbaycanla hərbi əməkdaşlıq istiqamətində mühüm addımlar atır. Artıq məlumdur ki, Azərbaycanın hərbi sənaye sahəsində Almaniya ilə əməkdaşlıq etməsi üçün zəruri zəmin hazırlanıb. Belə ki, hələ cari ilin iyununda Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə Almaniyanın “Rheinmetall Defence“ şirkəti arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb. Qeyd edək ki, Avropanın ən qabaqcıl şirkətlərindən olan “Rheinmetall Defence” xüsusilə müdafiə məqsədli mobil sursatların və texnologiyaların istehsalı ilə məşğul olur. Şirkət müxtəlif tipli ağır və yüngül zirehli döyüş texnikası, iriçaplı artilleriya sistemləri, minaatanlar və müxtəlif digər silahlar istehsal edir. 

Bütün bunlar isə həm də onu göstərir ki,  Azərbaycanın silahlanmada şaxələndirmə siyasəti yürütməsi də öz müsbət nəticəsini verir və  sərt silah embarqosuna baxmayaraq, son illər Bakı Avropa ölkələri ilə əməkdaşlıq yarada bilib. Fransa, İtaliya, Almaniya ilə olan hərbi sövdələşmələr bunun sübutudur və belə hallar İrəvanda çox böyük narahatlıqla qarşılanır.  Bundan başqa, xatırladaq ki, Azərbaycanın Çexiya istehsalı olan və İsraildə modernləşdirilmiş “Dana” özüyeriyən qaubitsalarını və “Vampir” reaktiv yaylım atəşi komplekslərini alması Ermənistanda şok yaratmışdı. Eləcə də Azərbaycanın Hərbi Hava Qüvvələrinin silahlanmasına Amerika istehsalı olan “Bell-412” hərbi-nəqliyyat vertolyotlarının daxil olması ermənilər üçün daha bir pis sürpriz olmuşdu. İndi görünən odur ki, Bakı İrəvan üçün daha çox belə sürprizlər hazırlayacaq. Çünki Qərb dövlətləri, digər sahələrlə yanaşı, hərbi sferada da ölkəmizlə əməkdaşıla getdikcə daha çox maraq göstərir. Digər tərəfdən o da sirr deyil ki, Qərb şirkətləri hərbi-iqtisadi sahədə Azərbaycanın imkanlarının nəyə çatdığını da yaxşı bilirlər. Elə bu səbəbdən də ölkəmizlə hərbi əməkdaşlığa böyük diqqət yetirirlər. Bununla yanaşı, rəsmi Bakı ordunu ən müasir silah-sursatla təmin etmək üçün Rusiya, Ukrayna, Türkiyə, Belarus, Pakistan, İsrail və digər ölkələrlə də hərbi-texniki sahədə əməkdaşlıq edir. Bundan əlavə, Azərbaycanın özünün hərbi-sənaye kompleksi də mövcuddur. 2005-ci ildə yaradılan Müdafiə Sənayesi Nazirliyi qısa zamanda müasir hərbi texnika, silah və döyüş sursatları istehsal etməklə yanaşı, silah idxalı asılılığını da azaldıb. Azərbaycanda 30-a yaxın hərbi zavod fəaliyyət göstərir ki, burada 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir. Bu da ölkəmizin hərbi istiqamətdə dünya miqyasında layiqli yer tutmasına imkan verir.  Bütün bunlar o deməkdir ki, hər an başlaya biləcək ikinci Qarabağ savaşında Azərbaycan düşmən ordusunu darmadağın etmək üçün hərbi sahədə də bütün lazımi imkanlara malikdir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Son xəbərlər