21/10/2018 08:31
728 x 90

”Qarabağ klanı” bu dəfə də qan tökməklə baş nazirin axırına çıxmaq niyyətindədir, Paşinyan isə…

img

Ermənistanda son hadisələrin təhlili burada “Qarabağ klanı” ilə Nikol Paşinyan iqtidarı arasında daha kəskin ziddiyyətlərin başlandığını göstərir. Prosesləri dəyərləndirən ekspertlərin əksəriyyəti bu fikirdədir ki, növbədənkənar parlament seçkiləri ətrafında tərəflər arasında ziddiyyət bu gedişlə ciddi qarşıdurmaya çevrilə bilər. Çünki tərəflərdən heç biri mövqeyindən geri çəkilmək niyyətində deyil.

Nikol Paşinyan qeyd olunan xüsusda bildirir ki, kimsə xalqa problem yaratmaq rolunu üzərinə götürmək qərarını veribsə, o zaman xalq özü bu problemin ləğvi yolunu tapacaq. Onun sözlərinə görə, hazırda Ermənistan parlamenti de-fakto buraxılıb, indi sadəcə onun de-yure buraxılması həll edilməlidir. Amma parlamentdə çoxluğa nəzarət edən Respublika Partiyası əks mövqedədir. Partiyanın təmsilçisi, Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov qeyd edir ki, seçkilər gələn ilin mayından tez keçrilə bilməz: “Paşinyan zorakılıqla seçkilərin vaxtını qabağa çəkməyə çalışır. Amma reallıqda Ermənistanın indiki hökuməti gözəl şüarlar, demaqogiya, selfidən başqa heç bir iş görmür. Paşinyanın dedikləri ilə etdikləri fərqli şeylərdir. Bununla da o, parlamenti mühasirəyə aldırır”.

Paşinyan isə öz növbəsində bəyan edir ki, Respublika Partiyası mövcud siyasi vəziyyəti dərk etməməkdə israrlıdır və ölkədə gərginliyin artmasına şərait yaradır. Onu qorxudan daha bir məqam budur ki, respublikaçılar baş nazir postuna öz namizədini irəli sürməyə hazırlaşır. Paşinyan isə buna imkan verməyəcəyini bildirib: “Sanitek” zibilxanasından çıxmaq olar, amma tarixin zibilliyindən yox. Gəlin, fantastika janrında fərziyyə qurmayaq. Çünki xalq və biz heç kimə bu imkanı verməyəcəyik. Kimsə xalqa problem yaratmaq rolunu öz üzərinə götürmək və xalqa mane olmaq qərarına gəlibsə, xalq özü həmin problemin ləğvi yolunu tapacaq. Mən özümü bu prosesin qarantı hesab edirəm”.

Amma Respublika Partiyasının parlamentə nəzarəti, hələ də böyük maliyyə dayaqlarına malik olması da Paşinyanı narahat edir və o artıq bu məsələdə təkcə xalqın dəstəyinə arxalanmır. Son məlumatlara əsasən, Paşinyan Robert Köçəryan və Serj Sarkisyanın komandalarına qarşı müqaviməti gücləndirmək üçün “vor zakon”larla da  ittifaq yaratmağa başlayıb. Ermənistanın “İravnuk” qəzeti hökumətdəki etibarlı mənbələrinə istinadən yazır ki, Nikol Paşinyanın parlament və parlamentdən kənar siyasi qüvvələrin mövqeyini nəzərə almadan ölkəni növbədənkənar seçkilərə aparmağa çalışdığı bir vaxtda baş nazirin birinci müavini və Paşinyanın “sağ əli” Ararat Mirzoyana heç də asan olmayan missiya tapşırılıb. Belə ki, Mirzoyan erməni “vor zakon”larla danışıqlar aparıb, onları Paşinyanla ittifaqa cəlb etməlidir. “İravnuk” yazır:
“Əldə etdiyimiz məlumatlara görə, Mirzoyan Ermənistan daxilində yaranmış siyasi böhran vəziyyətilə əlaqədar kriminal avtoritetlərlə görüşüb danışıqlar aparmalıdır. Çünki Nikol Paşinyana birmənalı dəstəyini ifadə etməsinə baxmayaraq, əməkdaşlıq üçün kriminal aləmin də öz şərtləri var. Tələblər isə əsasən silahdaşlarının amnistiyası ilə bağlıdır”. O da bildirilir ki, Sarkisyan-Köçəryan cütlüyünün yenidən birləşərək ona qarşı vahid güc mərkəzi yaratmasından ehtiyatlanan, həmçinin, Qarabağdakı generalların hələ də "Qarabağ klanı"nın təsiri altında olduğunu dərk edən Paşinyan mümkün hərbi çevrilişdə onun yanında yer alacaq “silahlılara” ehtiyac duyur. 

Digər tərəfdən Paşinyan “Çiçəklənən Ermənistan” və “Daşnaksütyun” partiyalarını Sarkisyan-Köçəryan cütlüyünün yanından aralamağı düşünür. Erməni mediası yazır ki, “Çiçəklənən Ermənistan” partiyasının lideri, erməni oliqarx və milyonçu Qaqik Tsarukyan varidatına toxunulmaması şərtilə Sarkisyan-Köçəryan cütlüyündən aralaşa biləcəyini bildirib. Elə Nikol Paşinyan da bildirir ki, parlamentdə böyüklüyünə görə ikinci fraksiya olan "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyanla dekabrda erkən parlament seçkilərinin keçirilməsi haqqında memorandum imzalayıb: "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Tsarukyanla 2018-ci ilin dekabrında növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə memorandum imzaladım". Memoranduma görə, Qaqik Tsarukyanın partiyası üzərinə Paşinyanın istefasından sonra baş nazir vəzifəsinə namizəd irəli sürməmək,  eləcə də başqa namizədi dəstəkləməmək öhdəliyini götürür. Mətndə həmçinin qeyd edilir ki, "Tsarukyan" fraksiyası parlamentdə başqa partiyadan namizədin irəli sürülməsi üzrə təşəbbüslərə qatılmayacaq. Bundan başqa, Nikol Paşinyan "Daşnaksütyun" Partiyası Ali Şurasının üzvü Arsen Ambartsumyanla da görüşüb. Amma daşnaklar hələ ki, Paşinyanla eyni mövqeni bölüşmür. Bu şəraitdə “Qarabağ klanı” da Paşinyana qarşı güclərini səfərbər edir. Rusiyalı ekspert Dmitri Verxoturov bildirir ki, bu durumda Ermənistanda indiki qeyri-sabit vəziyyət kəskin siyasi rəqabət fonundan yenidən ciddi iğtişaşlara səbəb ola bilər.  Ermənistanın hazırkı rəhbərliyi ilə “Qarabağ klanı” arasındakı münaqişədən danışan D.Verxoturov bildirib ki,”Qarabağ klanı” hələ ki, ən mütəşəkkil qüvvədir, çünki onların hakim sistemdə möhkəm mövqeləri və böyük dəstəyi var: “Onların ermənilərə nə isə vəd edən ideyaları var. Ona görə də onlar ölkə daxilində reytinqi sürətlə düşən Paşinyandan hakimiyyəti geri ala bilərlər”. Amma o da aydındır ki, bu, Ermənistanda qan tökülmədən mümkün olmayacaq.  ”Qarabağ klanı” isə hakimiyyət uğrunda qan tökməyə hazır olduğunu indiyə qədər dəfələrlə sübuta yetirib.

Nahid SALAYEV

Son xəbərlər