17/12/2018 10:01
728 x 90

Azərbaycan XİN Paşinyanın arvadına qoşularaq Qarabağa qanunsuz getmiş rus qadınlar barədə düzgün qərar verib

“Məgər onlar bilmirlər ki, bu addımları atmadan sülhdən, barışıqdan danışmaq yersizdir?”

img

Tənzilə Rüstəmxanlı: “İnanıram ki, bundan sonra həmin ölkənin xanım nümayəndələri analoji dəvətlərə bir qədər ölçülü-biçili yanaşacaqlar”

 

Məlum olduğu kimi, Ermənistan baş nazirinin xanımı Anna Hakopyan Rusiyadan olan bir qrup qadın ilə ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edib.Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti hadisəyə münasibət bildirib.

Həmin münasibətdə qeyd edilir ki, “Qadınlar sülh naminə” təşəbbüsü barədə artıq səsləndirilmiş mövqeyimizə əlavə olaraq təkrar edirik ki, sülh istəyənlər müharibəni davam etdirməməli, insan itkisinin qarşısını almaq istəyənlər digər dövlətin ərazilərini hərbi işğal altında saxlamamalı və nəhayət, qadınları və anaları sülhə dəvət edənlər şəxsən öz övladlarını Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə hərbi xidmətə göndərməməlidirlər: “Azərbaycan Respublikasının qanunlarını ciddi pozaraq ölkəmizin işğal edilmiş ərazilərinə qanunsuz səfər edən əcnəbi vətəndaşlara gəldikdə isə, hazırda onlarla bağlı məlumat araşdırılır və bu şəxslər müəyyənləşdirildikdən sonra onların adlarının ölkəmizə girişi arzu olunmayan şəxslər siyahısına əlavə edilməsi ilə bağlı müvafiq qərar qəbul ediləcək”.

Xatırladaq ki, Ermənistan baş nazirinin həyat yoldaşının təşkil etdiyi bu səfər onsuz da uğursuz alınmışdı. Çünki həmin səfərdə nə Rusiyanın rəsmi şəxslərinə, nə də nüfuzu olan ictimai-siyasi xadimlərə rast gəlindi. Çox güman ki, Hakopyanın təşəbbüsünə qoşulan rusiyalı xanımlar  Azərbaycanın belə sərt reaksiyası ilə üzləşəcəklərini təxmin etməyiblər. Əminliklə söyləmək olar ki, onlara belə səfərlərlə bağlı adlarının Azərbaycanın tərtib etdiyi “qara siyahı”ya  salına biləcəkləri və hətta barələrində cinayət təqibinə başlana biləcəyinə dair xəbərdarlıq edilməyib. Azərbaycan XİN-in atdığı bu addım Paşinyanın həyat yoldaşının gələcəkdə də belə tədbirlər keçirmək və şəxsləri işğal altında olan ərazilərə qanunsuz aparmaq istəyinə necə təsir edəcək?

Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, işğal altında olan torpaqlara qanunsuz səfərlər ilk hal deyil: “Əvvəllər də belə hallar olub və ölkəmizin əlaqədar qurumları bu istiqamətdə lazımi addımlarını atıblar. İndi isə Paşinyanın həyat yoldaşı bir dəstə rusiyalı qadını yığıb aparıb ora. Mən bu təşəbbüsün özünü səmimi dəyərləndirmirəm. Çünki sülhdən danışan bir ölkənin başçısının həyat yoldaşı əvvəlcə işğal etdikləri torpaqların boşaldılmasını tələb etməlidir. Məgər onlar bilmirlər ki, bu addımları atmadan sülhdən, barışıqdan danışmaq yersizdir? Təbii ki, hazırkı şəraitdə onlar üçün sülhdən danışmaq çox asandır. Çünki indiki status-kvo onların xeyrinədir. Bu baxımdan da hesab edirəm ki, belə tədbirlərin təşkili real nəticəyə deyil, görüntü yaratmağa və beynəlxalq aləm qarşısında özlərinin sülhsevər obrazında təqdimatına hesablanıb. Əvvəlcə onu qeyd edim ki, səfərdə iştirak edən rusiyalı xanımlar arasında çox tanınmış adlara rast gəlmədim. İstənilən halda, onlar qanunsuzluq ediblər. Bəlkə də onlara belə səfərin doğura biləcəyi nəticə və götürüləcək hüquqi ölçülər barədə hansısa məlumat verməyiblər. Bəlkə də elələri olub ki, bu barədə məlumatı olub, sadəcə doğura biləcəyi fəsadları ciddiyə almayıblar”.

Tənzilə Rüstəmxanlının sözlərinə görə, təbii ki, XİN-in məlum reaksiyası gələcəkdə analoji tədbirlərin keçirilməsinə təsir edəcək: “Ən azından, rusiyalı xanımlar arasında bu xəbər sürətlə yayılacaq və inanıram ki, bundan sonra həmin ölkənin xanım nümayəndələri analoji dəvətlərə bir qədər ölçülü-biçili yanaşacaqlar. Ermənilərin sülh istəkləri ilə bağlı səsləndirdikləri fikirlərin və  atdıqları addımların səmimiliyinə inanmıram. Mən erməni qadınlarla Avropada keçirilən bir çox tədbirlərdə rastlaşmışam. Maraqlıdır ki, onlar işğal etdikləri torpaqların boşaldılmasını heç müzakirəyə belə çıxarmaq istəmirlər. Torpaqlar geri qaytarılmadan sülhdən danışmaq yalnız ermənilərə sərf edən variant kimi nəzərdən keçiriləcək”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər