21/10/2018 08:30
728 x 90

Dekabrda Paşinyanın iki problemi - parlament seçkisi və Putinlə “qaz danışıqları”…

“Ermənistanın Rusiya ilə qaz mövzusunda bir qədər arxayın danışa bilməsinin kökündə duran digər məsələ...”

img

Qabil Hüseynli: “İkinci İran-Ermənistan qaz kəməri xətti ilə İran Ermənistana hətta Rusiyadan da ucuz qaz sata biləcək”

 

Ermənistan baş naziri Nikol Paşinyan yeni energetika naziri Qaregin Baqramyana tapşırıq verib ki, qısa zaman ərzində Rusiyadan alınan qazın qiymətləndirilməsinin analizini başa çatdırsın və yeni qiymətin müəyyənləşdirilməsilə bağlı təkliflər paketi təqdim etsin.

Qeyd edək ki,  Paşinyanla Baqramyanın görüşü baş nazirin “Facebook” səhifəsində canlı yayımlanıb. Baş nazir Baqramyandan qazla bağlı danışıqların hansı mərhələdə olduğu ilə maraqlanıb. O, Rusiya Prezidenti Vladimir Putinlə noyabrın 8-də görüşəcəyini və daha bir görüşün isə dekabrın ortalarında olacağını bildirib. Paşinyan Baqramyandan buna görə təkliflər paketinin daha tez hazır olmasını istəyib.

Baqramyan isə Paşinyana cavabında qazın qiymətinin 150 dollar olmasının əsaslandırılmadığını bildirib. O, optimal qiymətin 140 dollar olması gərəkliyini vurğulayıb. Energetika naziri, həmçinin, istehlakçılar üçün də tariflərə yenidən baxılmasına ehtiyac olduğunu söyləyib.

Paşinyan görüşün sonunda hazırlanan təkliflərin ciddi dəlillərlə əsaslandırılması gərəkliyini bildirib.

Ermənistan Rusiyadan qazı 150 dollara alır. Ölkənin daxilində isə istehlakçılara qaz 290 dollara satılır. Qeyd edək ki, Paşinyan dekabr ayında həm də parlament seçkiləri keçirməyi düşünür.

Göründüyü kimi, Ermənistan Rusiyadan aldığı qazın qiymətindən, faktiki olaraq, narazılıq ifadə edir. Hətta Paşinyan bu məsələni Putinlə müzakirə edəcəyini də xatırladır. Bu danışıqlar hansı nəticəni verə bilər, Rusiya Ermənistana 150 dollardan da ucuz qaz satmağa razı olarmı?

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Ermənistanın bu çabaları əbəs yerə deyil: “Bilirsiniz ki, Ermənistan bir ölkə olaraq enerji ehtiyatlarından məhrumdur. Üstəlik də uzun illərdən bəri  yürütdüyü işğalçılıq siyasəti səbəbindən özünü təcrid və faktiki olaraq, blokada şəraitinə salıb. Biz Ermənistan energetika naziri ilə baş nazir Paşinyanın Rusiyadan alınan qazın qiymətilə bağlı apardıqları müzakirənin şahidi olduq. Həmin görüş hətta məqsədli şəkildə sosial şəbəkələr vasitəsilə canlı yayımlandı. Edilən söhbətin məğzindən aydın olur ki, Ermənistan Rusiyadan aldığı qazın qiymətindən narazıdır və bunu yenidən nəzərdən keçirməyi düşünür. Ancaq maraqlıdır ki, Rusiya dünyada ən ucuz qazı Ermənistana satdığını bəyan edib. Doğrudan da bu gün Rusiyanın Ermənistana satdığı qaz onun digər ölkələrə satdığı qazdan az qala iki dəfə ucuzdur. Ancaq bunun fonunda Ermənistan açıq narazılığını dilə gətirir”.

Politoloqun qənaətincə, Ermənistana belə ciddi manevr imkanlarını verən səbəb var: “Bununla Ermənistan, eyni zamanda, Rusiyanın bir müddət əvvəl satılan qazın qiymətini nəzərdən keçirə biləcəyi ilə bağlı verdiyi açıqlamanı qabaqlayaraq, qazın qiymətini stabil saxlamağa çalışır.  Ermənistanın Rusiya ilə qaz mövzusunda bir qədər arxayın danışa bilməsinin kökündə duran digər məsələ isə İran amili ilə bağlıdır. Məlumdur ki, bu günlərdə İrandan Ermənistana çəkilən yeni qaz kəmərinin quraşdırılması işi yekunlaşıb. Artıq bu, ikinci İran-Ermənistan qaz kəməri xəttidir. Bununla da İran Ermənistana hətta Rusiyadan da ucuz qaz sata biləcək. Bu isə Ermənistanın manevr imkanlarını müəyyən qədər artırır.

İranın Ermənistana qaz satması Rusiyanın işini çətinləşdirib. Rusiya qazın qiymətlərini qaldırmaq haqqında çox güman düşünməyəcək. Yəni yenə də Rusiya qazın qiymətlərində Ermənistana güzəştə getmək məcburiyyətində qalacaq. Beləliklə, Ermənistan həm İrandan, həm də Rusiyadan ucuz qiymətə qaz almağa başlayacaq”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər