21/10/2018 08:32
728 x 90

Monoetnik Ermənistanda Frankofoniya?

“İnanmıram ki, keçirilən tədbirdən sonra iştirakçı ölkələrdə Ermənistan barədə müsbət rəy formalaşsın”

img

Fikrət Sadıqov: “Hazırkı şəraitdə Ermənistanın, yaxşı mənada, təqdim edəcəyi nəyisə yoxdur”

 

Ermənistan çox mübahisəli bir beynəlxalq tədbirə evsahibliyi edir. Həmin ölkədə Frankofoniya (Fransızdilli Ölkələrin Beynəlxalq Əməkdaşlıq Təşkilatı) adlı sammit keçirilir.

Bildirilir ki, 17- ci dəfədir təşkil olunan bu beynəlxalq tədbir, bir növ, fransız dili və mədəniyyətini sevənlərin və dünyanın hər yerində bu dildə danışanların bayramı hesab edilir. Ancaq Ermənistanın monoetnik bir dövlət olduğunu nəzərə alsaq, onun belə bir tədbirə evsahibliyi etməsi təəccüblü görünməyə bilməz. Ümumiyyətlə, başqa xalqların, demək olar ki, yaşamadığı bir ölkədə analoji məzmunlu tədbirin keçirilməsi nə dərəcədə doğrudur?

Politoloq Fikrət Sadıqov qəzetimizə açıqlamasında bildirdi ki, Ermənistanda 40-dan çox ölkənin nümayəndəsinin iştirakı ilə Frankofoniya sammitinin keçirilməsi doğrudan da gülməlidir:  “Həmin sammitin çağırışı regionda birgəyaşayış, humanist dəyərlər və müxtəlifliyin qorunması kimi müəyyənləşdirilib. Təbii ki, bu dəyərlərin heç birindən Ermənistana pay düşmür. Əksinə, Ermənistan həmin dəyərlərin hamısını kobud şəkildə pozan bir ölkədir. Öz ərazisində başqa etnosları saxlamayan bir ölkə belə dəyərlərdən necə danışa bilər? Və ya qonşu ölkənin torpaqlarını işğal edən dövlət necə humanizmi təbliğ edə bilər? Belə bir tədbirin keçirilməsi daha çox Ermənistana lazımdır. Ermənistan özünü Fransa ilə yaxın göstərmək məqsədilə əlindən gələni edir. Görünür, Fransanı özünə tərəf çəkməyə can atır. Amma bu reallıqdan uzaq bir məsələdir. Həmin tədbirdə təmsil olunan dövlətlərin böyük əksəriyyətinin Azərbaycanla gözəl münasibətləri var. Onlar heç vaxt Azərbaycana qarşı olan hansısa işə qol qoymazlar. Belə tədbirə evsahibliyi etməklə, özünün yeni təqdimatını etməyə çalışır. Göstərmək istəyir ki, guya onlar sivil ölkədir, hətta dünyanı narahat edən problemləri belə çözməyə çalışırlar. Eyni zamanda, Ermənistandakı bəzi reallıqları diqqət mərkəzinə gətirmək istəyirlər. Ancaq inanmıram ki, keçirilən tədbirdən sonra iştirakçı ölkələrdə Ermənistan barədə müsbət rəy formalaşsın. Əksinə, həmin nümayəndələr Ermənistandakı reallıqları daha yaxından görmək imkanına malik olacaqlar ki, bu da həqiqətlərin üzə çıxmasına səbəb olacaq. Çünki hazırkı şəraitdə Ermənistanın bir ölkə olaraq, yaxşı mənada, təqdim edəcəyi nəyisə yoxdur”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər