18/11/2018 06:27
728 x 90

Paşinyanın ABŞ-la münasibətlərinin perspektivini məhv edən iki parlaq hadisə...

“Paşinyanın Rusiya ilə münasibətləri korlamaqla yanaşı, Qərblə də soyuq münasibətlərə rəvac verməsi ölkə üçün əlavə sıxıntılar yaradacaq”

img

Arzuxan Əlizadə: “Onun bir sıra gözləntiləri özünü doğrultmadı”

 

Küçə müxalifətinin etirazları dalğasında Ermənistanda hakimiyyətə gələn Nikol Paşinyan təcrübəsizliyi üzündən xarici siyasətdə səhvlər buraxmaqda davam edir. Bu da, öz növbəsində, ölkənin gələcəyini qeyri-müəyyənliyə doğru sürükləməkdədir.

Məsələ ondadır ki, Paşinyanın uğursuz Moskva səfəri onun Rusiya hakimiyyəti ilə problemlərini bir az da artırır. Reallıq ondan ibarətdir ki, rəsmi Moskva Paşinyanın ikili oyun oynadığını bildiyi üçün ona inanmır. Bu onun Moskvaya son səfəri zamanı bir daha bəlli oldu. Nəzərə almaq lazımdır ki, Paşinyan təcrübəli və peşəkar siyasətçi olmadığı üçün, böyük ustalıqla manevr etmək bacarığına malik deyil. Bəlkə də bu keyfiyyətlərə malik olsaydı, nəsə edə bilərdi. Ancaq, göründüyü kimi, bu heç də belə deyil.

Digər tərəfdən, qərbpərəst adıyla hakimiyyətə gələn Paşinyan Qərblə də münasibətlərində artıq problemlər yaşayır. Əvvəla qərbpərəst Paşinyanın Rusiyaya mütəmadi səfərləri və bəzi addımları Qərbdə anlaşılmazlıq yaradıb. Bununla belə, Paşinyanın Ermənistan hərbi birliklərinin “humanitar qoşun” adıyla Suriyada iştirakına qərar verməsi ABŞ-ın xoşuna gəlmir. Bu azmış kimi, Paşinyanın şəxsi göstərişi ilə rus mütəxəssislərinin Ermənistandakı ABŞ laboratoriyalarına girişinə icazə verilməsi Vaşinqtonun xoşuna gəlməyib.

Məlumat üçün qeyd edək ki, rəsmi İrəvan Ermənistanda fəaliyyət göstərən ABŞ laboratoriyalarına rus mütəxəssislərinin girişi üçün icazə verib. Nikol Paşinyan Rusiyanın “Kommersant” qəzetinə müsahibəsində bu xüsusda bildirib: “Təqribən 10-15 gün əvvəl mənim şəxsi göstərişimlə rusiyalı mütəxəssislər həmin laboratoriyalara buraxılıb. Biz əməkdaşlığa hazırıq və artıq rusiyalı mütəxəssislər əmin oldular ki, laboratoriyalarda qorxulu heç bir şey yoxdur. Həmin laboratoriyalar heç bir şəkildə Rusiyaya qarşı istifadə edilə bilməz”.

Göründüyü kimi, Paşinyanın ikili oyun oynaması Ermənistanın nəinki Rusiya ilə, o cümlədən  Qərblə də münasibətlərinin pisləşməsinə səbəb olub.

Paşinyanın səbatsız xarici siyasəti üzündən yaranan belə əlverişsiz vəziyyətdə Ermənistanı nə gözləyir?

Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, belə əlverişsiz vəziyyət Ermənistan üçün yaxşı perspektiv vəd etmir: “Xüsusən də Nikol Paşinyan hakimiyyəti üçün. Sanki Paşinyan nə etdiyini bilmir. Bir tərəfdən Qərbə yönəlik reveranslar edir, o biri tərəfdən Rusiyanı narazı salmamaqdan ötrü oyun oynayır. Başqa bir tərəfdən əvvəlki hakimiyyətlə müqayisədə Dağlıq Qarabağ məsələsində daha aqressiv siyasət sərgiləyir. Halbuki, bəziləri ilk vaxtlar ümid edirdilər ki, Paşinyan Sarkisyan rejimi ilə müqayisədə nisbətən mötədil siyasət yeridəcək. Ancaq biz tam fərqli mənzərənin şahidi olduq. Düzdür, Paşinyanın Dağlıq Qarabağ danışıqları ilə bağlı səsləndirdiyi ritorikanın kökündə həm də seçki amili dayanır. İş ondadır ki, o, parlamentdə böyük səs toplamaq üçün bu amildən istifadə edir. Ancaq bir məqamı da unutmaq olmaz ki, indiyə qədər Paşinyanın açıqlamalarında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı heç bir pozitiv element özünü göstərməyib. Paşinyanın Rusiya ilə münasibətləri korlamaqla yanaşı, Qərblə də soyuq münasibətlərə rəvac verməsi ölkə üçün əlavə sıxıntılar yaradacaq. Nəzərə almaq lazımdır ki, ilk vaxtlar onun Qərbdən gözləntiləri böyük idi. Çünki ölkənin xarici borcu 7,5 milyard dollara çatıb. İqtisadi aktivlik aşağı düşüb. Paşinyan ümid edirdi ki, Qərbdən müəyyən maliyyə vəsaiti alacaq və bunun müqabilində nəyəsə nail olacaq. Ancaq onun bununla bağlı gözləntiləri özünü doğrultmadı. Çünki Qərb Paşinyanın ikili oyun oynamasından razı deyil. Bir sözlə, belə vəziyyət həm Ermənistanın gələcəyi, həm də Paşinyan hakimiyyəti üçün yaxşı sonluq vəd etmir”.

Vidadi ORDAHALLI

Son xəbərlər