18/11/2018 10:39
728 x 90

Qeyri-müəyyən diplomatiya və daxili sabitsizliyə malik Ermənistan KTMT sədrliyində... nə vaxtadək?...

“... Rusiyanın əlinə tam əsas verir ki, həmin ölkəni nəinki sədrlikdən, hətta üzvlükdən belə uzaqlaşdırsın”

img

Qabil Hüseynli: “Rusiya KTMT-nin nüfuzunu fikirləşirsə, mütləq bunu etməlidir”

 

Məlum olduğu kimi, hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) rotasiya prinsipinə uyğun olaraq Ermənistan sədrlik edir. Ancaq Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra məhz KTMT ilə bağlı biabırçı hadisələr yaşanır.

Paşinyan hakimiyyəti KTMT sədri funksiyasını həyata keçirən Yuri Xaçaturov barəsində həbs-qətimkan tədbiri seçdi. Sonra Rusiya buna etiraz etdi və qərar dəyişdirildi. Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, KTMT-nin baş katib Y.Xaçaturov barəsində həbs-qətimkan tədbirini təşkilata üzv dövlətlərin başçılarının xahişi ilə dəyişdiriblər. Paşinyanın sözlərinə görə, KTMT ölkələrinin liderləri ondan qurumun baş katibinin yazılı öhdəlik altında həbsdən azad edilməsi üçün lazımi tədbirlər görməsini rəsmən xahiş ediblər.

Ermənistanın hazırda xarici siyasət kursu qeyri-müəyyəndir. Ölkənin daxilində isə stabillik yoxdur. Belə reputasiyaya malik olan bir ölkənin KTMT kimi bir təşkilata rəhbərlik etməsi nə dərəcədə məqsədəuyğundur?

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, KTMT-də kollektiv rəhbərlik var: “Hansısa ölkə başqasını sədr təyin etmək və ya çıxarmaq hüququna malik deyil. Yadınızdadırsa, ermənilər KTMT-yə sədrliyi öz qələbələri kimi yozurdular, hətta bunun Dağlıq Qarabağ münaqişəsinə də təsirinin olacağını bəyan edirdilər. Ancaq sonrakı proseslər göstərdi ki, KTMT-nin Təhlükəsizlik Şurasına hər hansı bir erməni generalın sədr təyin olunmasının Dağlıq Qarabağ münaqişəsinə bu və ya digər dərəcədə təsiri ola bilməz. Yəni hər hansı erməni generalın bu vəzifəyə gəlməsi heç nəyi dəyişmədi. Biz anlayırıq ki, Ermənistan həmin təşkilatın bərabərtərəfli üzvüdür və rotasiyaya uyğun olaraq sədrlik ona keçməlidir. İndi siz vəziyyətə baxın, həmin təşkilata faktiki olaraq sədrlik edən Xaçaturovu Paşinyan tutur salır həbsə. Sonra isə minnət qoya-qoya onu azad edib. Yadınızdadırsa, Ermənistanın sədrliyi gündəmə gələndə həmin təşkilatın üzvləri olan Qazaxıstan və Belarus açıq formada Ermənistandan işğala son qoymağı tələb etmişdilər. Hətta ilk dəfə Ermənistan Avrasiya iqtisadi məkanına daxil olarkən problemlər yaşadı. Belarus və Qazaxıstan erməniləri məcbur etdilər ki, parlamentlərində Qarabağın Azərbaycan torpağı olması ilə bağlı qərar qəbul etsinlər. Bu qərarın qəbulundan sonra Ermənistan KTMT-yə üzv qəbul olundu. Biz bilirik ki, KTMT birbaşa Rusiyanın nəzarətindədir. Yəni Ermənistanın xarici siyasət kursunun qeyri-müəyyənliyi, xüsusilə də Rusiyaya arxa çevirmək istəməsi, daxilində stabilliyin olmaması və ən əsası Xaçaturovun həbsi Rusiyanın əlinə tam əsas verir ki, həmin ölkəni nəinki sədrlikdən, hətta üzvlükdən belə uzaqlaşdırsın. Rusiya KTMT-nin nüfuzunu fikirləşirsə, mütləq bunu etməlidir”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər