16/11/2018 22:50
728 x 90

Azərbaycan Qarabağ naminə silahlanma rəqabətində Qərbdə Ermənistanı tam məğlub etdi

img

Məlum həqiqətdir ki, bu gün Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın Qərb dünyası üçün xüsusi önəmi var. Bunu şərtləndirən səbəblər ölkəmizin təşəbbüsü ilə həyata keçirilən çoxsaylı transmilli layihələr, o cümlədən Avrasiyanın yeni nəqliyyat və enerji xəritəsini Azərbaycanın yenidən formalaşdırmasıdır. Bu mənada tamamilə təbiidir ki, Azərbaycanın müsbət beynəlxalq imici mütəmadi olaraq möhkəmlənir, ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artır.

Qeyd edilənlərdən irəli gəlir ki, bu gün Azərbaycanın ikitərəfli və çoxtərəfli əlaqələri uğurla inkişaf edir. Bu sırada Avropa ölkələrinin fəallığı da son dövrlərdə əsas diqqət mərkəzində yer alır.  

Xorvatiyanın timsalında bir daha aydın şəkildə göründü ki, Qərb dünyası Azərbaycanla əməkdaşlığı genişləndirməkdə xüsusi maraqlı tərəf kimi çıxış edir. Xatırladaq ki, Prezident İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri fonunda Azərbaycana böyük maraq olması özünü qabarıq şəkildə büruzə verdi. Tərəflər arasında ən müxtəlif sahələri əhatə edən çoxsaylı sənədlər imzalandı. Səfər çərçivəsində keçirilən görüşlər, səsləndirilən fikirlər deməyə əsas verir ki, strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Xorvatiya münasibətləri uğurla inkişaf edir və tərəflər arasında çox fəal əlaqələr mövcuddur. Amma Qərb dünyasında Azərbaycanla fəal əməkdaşlığı real praktikada inkiaşf etdirənlərin sayı Xorvatiya ilə məhdudlaşmayaraq kifayət qədər çoxdur.

Bütün bunlar isə Azərbaycanın Qərb dünyasında daha güclü mövqe sahibi olmasını şərtləndirir. Belə vəziyyətin əsas müsbət məqamlarından biri isə Dağlıq Qarabağ məsələsində də Qərbdə Azərbaycana dəstəyin artmasıdır. Bunun real təzahürü artıq Qərbin Azərbaycana silah satışında qadağa siyasətini tədricən ləğv etməsində özünü göstərir. Konkret nümunə qismində  Çexiyanın adını çəkmək olar. Qeyd edək ki, Xorvatiya kimi Çexiya da Azərbaycanla ticari-iqtisadi münasibətləri inkişaf etdirməkdə olduqca maraqlıdır. Bakıda baş tutan Azərbaycan-Çexiya biznes forumu bunun real təsdiqi sayıla bilər. Bundan əlavə, xatırladaq ki, ölkələrimiz arasında 2015-ci ildə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə, müxtəlif sahələrdə, o cümlədən ticarət, iqtisadi, ikiqat vergitutma, sərmayələrin təşviqi və qorunması sahələrində 25 sənəd imzalanıb.

Yaxın tezlikdə Çexiyada Azərbaycan Ticarət Evinin yaradılması nəzərdə tutulur. Həmçinin, Azərbaycan Çexiya ilə birgə vaqon istehsalına dair danışıqlar aparır.  Çexiyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 85 faizi isə məhz Azərbaycanın payına düşür. Bütün bunlar iqtisadi müstəvidə Azərbaycan-Çexiya münasibətlərinin inkişafda olduğunu göstərir. Çex Respublikasının sənaye və ticarət naziri Marta Novakova da əməkdaşlıqdan razılığını bildirir və bu fonda ölkəsinin Azərbaycana hərbi məhsullar sata biləcəyini də istisna etmir. Qeyd edir ki, Çexiyada istehsal olunan yüksək keyfiyyətli təyyarə və radarların Azərbaycana satışı ilə bağlı əməkdaşlıq qurula bilər. Nazir bildirib ki, ölkəsi Azərbaycanla iqtisadi münasibətlərin qurulmasına böyük əhəmiyyət verir: “Bir çox Çexiya şirkətləri Azərbaycanın reallaşdırdığı layihələrdə, xüsusilə də Bakı-Tiflis-Qars dəmir yolunun tikintisində iştirak edib. Həmçinin Bakıda fəaliyyət göstərən “BakuBus” MMC şirkətinə məxsus avtobuslar Çexiyada fəaliyyət göstərən Fransa şirkətində çex mühəndisləri tərəfindən istehsal olunub”. Nazir iki ölkə arasında müdafiə sənayesində əməkdaşlıq imkanlarına toxunaraq qeyd edib ki, Çex Respublikasında yüksək keyfiyyətli təyyarə və radarlar istehsal olunur ki, onların Azərbaycana satışı ilə də bağlı əməkdaşlıq qurula bilər. Bu açıqlamadan aydın olur ki, Çexiya Azərbaycanla hərbi müstəvidə də əməkdaşlığa xüsusi meyl edir. Əslində, iki ölkə arasında belə əməkdaşlığın əsası da qoyulub. Belə ki,  Azərbaycan ordusunun ixtiyarında Çexiya istehsalı olan “Dana” özüyeriyən artilleriya sistemləri mövcuddur. Bu hal artıq işğalçı Ermənistanda şok effekti doğurub. Ermənistanda bu rezonans bir tərəfdən həmin silahların böyük dağıdıcı gücü, son texnologiyalar əsasında modernləşdirilərək yüksək dəqiqliyə malik olması sayəsində Azərbaycanın artilleriya-raket qüvvələrinin düşmən üzərində əzici üstünlüyünü daha da artırması ilə bağlıdır. Digər tərəfdən, Azərbaycan ilk dəfədir ki, Avropa İttifaqının silah embarqosunu dəf etməyə nail olub və ittifaq üzvü ölkənin istehsalı olan silah sistemləri əldə edib. Azərbaycanın Çexiya istehsalı olan silahları alması  Ermənistanda, qeyd olunduğu kimi, şok effekti yaradıb. “Dana” “təkərlər üstündə cəhənnəm” adı ilə də məhşurdur və qurğunun silahlanmasındakı 152 millimetrlik top-haubitsa iki zirehli yarımqüllədən ibarət olan fırlanan qüllədə quraşdırılıb. Bu yarımqüllələr bir-birindən hermetik təcrid olunub. İntensiv atış “Dana”lardan avtomatik rejimdə həyata keçirilir və bu, həmin artilleriya sistemlərinin ən mühüm özəlliklərindən biridir. Avtomatik rejimdə “Dana” 7 dəqiqə ərzində 30 mərmi ata bilər, bir saat ərzində isə 90 atış həyata keçirir. Qurğunun döyüş komplekti 60 mərmidir. Qurğu cəmi 2 dəqiqə ərzində atəş mövqeyi tuta, atəşi başa vurandan sonra bir dəqiqə ərzində mövqeyini tərk edə bilər. “Dana” özüyeriyən haubitsalarının güclü “Tatra” mühərriki ilə təchiz edilmiş olduqca yüksək manevr qabiliyyətinə malik olan mobil platformada yerləşdirilməsi ona düzənlik ərazilərdə daha yüksək hərəkətlilik imkanı yaradır. “Dana” özüyeriyənlərinin Qarabağda mümkün hərbi əməliyyatlar zamanı məhz nisbətən düzənlik istiqamətlərdə tətbiq olunmaq üçün alındığı şübhə doğurmur. “Dana” sistemlərilə təchiz olunmuş artilleriya diviziyon düşmən mövqelərinə cəmi 15 dəqiqə ərzində intensiv atışla 720-yə qədər 152 millimetrlik mərmi yağdıra bilər ki, bu da olduqca böyük dağıdıcı güc deməkdir.

“Dana” ilə yanaşı, Azərbaycan Çexiyadan RM-70 “Vampir” sistemləri də alıb. RM-70 “Vampir” sistemləri  sovet istehsalı olan əfsanəvi “Qrad” reaktiv-yaylım atəşi sistemlərinin çex versiyasıdır, ancaq imkanlar baxımından daha üstündür. Çexiyanın “Excalibur Army” şirkətinin istehsal etdiyi bu sistemlərin modernləşdirilmiş versiyası olan RM-70 “Vampir” ilk dəfə Paris ətrafında keçirilən “Eurosatory 2016” silah sərgisində nümayiş olunub. RM-70 “Vampir” səkkizoxlu, zirehli “Tatra” şassisi üzərində yerləşdirilib. Bu şassi yüksək sürət qabiliyyətinə və dolu yanacaq çənləri ilə dayanmadan 1000 kilometrə qədər məsafə qət etmək imkanlarına malikdir. Sovet “Qrad”ları bir dəfəyə 122 millimetrlik 40 raket buraxa bilirsə, “Vampir”lər yerləşdiyi şassinin üzərində quraşdırılmış unikal hidravlik sistem sayəsində 80 belə raket buraxa bilir. Belə ki,əsas buraxılış konteynerində raketlərin atışı başa çatdıqdan sonra həmin hidravlik sistem daha 40 raketi paket halında buraxılış konteynerinə yükləyir və bu proses uzağı 1 dəqiqə vaxt aparır. Nəticədə “Vampir” sürətlə atəş mövqeyinə çıxaraq düşmən mövqelərinə təxminən 3-4 dəqiqə ərzində 80 raket yağdıra və çevik şəkildə mövqeyini tərk edib cavab zərbəsindən yayına bilər.Hədəfi yüksək dəqiqliklə vuran belə artilleriya sistemləri ilə ordumuzun təchiz olunmasının Ermənistanda belə narahatlıq yaratması isə təbii sayıla bilər. İndi Çexiyada istehsal olunan yüksəkkeyfiyyətli təyyarə və radarların da Azərbaycana satışının həyata keçrilməsi Ermənistanın narahatlığını daha da artıracaq. Bu arada xatırladaq ki, elə bir müddət əvvəl Çexiyanın müdafiə sənayesi Assosiasiyasının prezidenti Yirji Hinek Avropa İttifaqını Azərbaycana silah embarqosunu ləğv etməyə çağırıb. O bildirib ki, Azərbaycan dünyada ən iri silah alıcılarından biridir. Lakin bu bazarı Rusiya tutub. Onun fikrincə, Avropa İttifaqı təşəbbüsü ələ almalı və Azərbaycana silah təchizatı məsələsinə baxmalıdır. “Mən bunu zəruri hesab edirəm ki, Brüssel Avropa İttifaqı üzvlərinə Azərbaycana silah satmağa icazə versin. İstərdim ki, Çexiya və Avropa İttifaqının digər üzvləri rusları bu bazardan sıxışdırsınlar”.

Əslində, Avropanın digər bir sıra ölkələri də Azərbaycanla hərbi əməkdaşlıqda xüsusi maraqlı tərəf kimi çıxış edirlər. Məsələn, bundan əvvəl Almaniyanın  “Rheinmetall” hərbi sənaye korporasiyası Azərbaycanla əməkdaşlıq barədə danışıqlar apardığını elan edib. Xatırladaq ki, “Reynmetall” korporasiyası müxtəlif tipli ağır və yüngül zirehli döyüş texnikası, iriçaplı artilleriya sistemləri, minaatanlar və müxtəlif digər silahlar istehsal edir. Əfsanəvi “Leopard” tankları da bu şirkət tərəfindən istehsal olunur. Bundan başqa, Azərbaycan İtaliyanın hərbi-sənaye korporasiyası, geniş çeşiddə müasir silah sistemləri istehsal edən “Leonardo” şirkəti ilə yüksək səviyyədə əməkdaşlıq qurub və danışıqlar aparır. Bu günlərdə isə Azərbaycanın Hərbi Hava Qüvvələrinin silahlanmasına Amerika istehsalı olan “Bell-412” hərbi-nəqliyyat vertolyotlarının daxil olması ermənilər üçün daha bir pis sürpriz olub. Fransanın da müdafiə sənayesi şirkətləri Azərbaycan silahlı qüvvələri ilə əlaqələr yaratmağa çalışır. Məlumatlara görə, uzun müddət Ermənistanla hərbi münaqişəni əsas gətirərək Azərbaycana müdafiə təyinatlı məhsulların satışını yasaqlayan Fransa hərbi şirkətlərinə Azərbaycana satış icazəsi verib. Artıq bu ölkənin şirkətləri Azərbaycanla bağlı marketinq işlərinə başlayıb.

Qeyd edək ki, bu ay Bakıda keçiriləcək ADEX-2018 beynəlxalq müdafiə sərgisinə Fransanın müdafiə sənayesindən çox sayda şirkətin qatılması gözlənir. Sərgiyə “MBDA Systems”, CİFAL Group, “Naval Group”, “Airbus Defense”, “Etienne Lacroix”, “Nexter Systems”, “Proengin”, “Thales” və digər aparıcı Fransa şirkətlər qatılacaq. Bütün bunlar Fransa ilə də hərbi müstəvidə əlaqələrin genişlənməsinə rəvac verəcək. Beləliklə, Azərbaycan uğurlu diplomatiya sayəsində Qərb ölkələri ilə əməkdaşlığını daha da dərinləşdirir və bunun nəticəsidir ki, Avropanın silah embarqosunu aradan qaldırır. Təbii ki, bu vəziyyət Azərbaycanın daha da güclənməsi, Ermənistan üçün isə yeni diplomatik, hərbi məğlubiyyət deməkdir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Son xəbərlər