25/09/2018 05:59
728 x 90

Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun artımı yeni vüsət alır...

img

Azərbaycanın Avropanın enerji təhlükəsizlyinin təminatında oynadığı rol bu gün Qərb dünyasında da kifayət qədər yüksək qiymətləndirilir. Elə bunun nəticəsidir ki, Qərb ölkələri Azərbaycanla əməkdaşlığın genişlənməsinə getdikcə daha çox diqqət yetirməkdədir. Real vəziyyətin təhlili bu qənaətə gəlməyə əsas verir ki, əslində, qarşıdakı illər ərzində Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu yalnız artan xətt üzrə inkişaf edəcək.

Bunu Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol da təsdiq edir. O, burada diqqəti ilk növbədə Azərbaycanda qaz hasilatının artmasına yönəldir. Bildirir ki, qarşıdakı onilliklərdə Azərbaycan qlobal təbii qaz bazarında mühüm aktorlardan olacaq: "Hazırda Azərbaycanın təbii qaz hasilatı illik 18 milyard kubmetr civarındadır. Qarşıdakı 20 ildə Azərbaycanın təbii qaz istehsalının 3 dəfə artacağını proqnozlaşdırırıq. Ümumiyyətlə, Azərbaycan təbii qaz və neft sahəsində önəmli iştirakçılardan biridir. Azərbaycanın hazırkı təbii qaz hasilatının, qeyd etdiyim kimi, 3 dəfə artaraq illik 55 milyard kubmetrə çatacağını düşünürük. Bu, həm Azərbaycan iqtisadiyyatı, həm də onun təbii qaz ixrac edəcəyi ölkə üçün çöx önəmlidir. Çünki Azərbaycan illər boyu enerji ilə siyasəti bir-birinə qarışdırmayaraq etibarlı tərəfdaş olduğunu göstərib".

Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru onu da xüsusi olaraq vurğulayır ki, hasilatın artımı fonunda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunması, mənbələrin və marşrutların şaxələndirilməsi baxımından mühüm rol oynayır. O bildirib ki, Avropa İttifaqı ötən illərdə qitənin enerji təhlükəsizliyi üçün vacib qərarlar qəbul edib. Burada əsas məsələ təbii qaz tədarükü üzrə mənbələrin və marşrutların şaxələndirilməsidir: "Düşünürəm ki, Azərbaycanın həyata keçirdiyi TANAP və TAP layihələri mühüm əhəmiyyət kəsb edir. TANAP boru kəməri artıq istifadəyə verilib, TAP-la bağlı işlərin də vaxtında icra olunacağına inanıram". "Cənub Qaz Dəhlizi" layihəsi barədə danışan Birol onun gələcəkdə daha da genişlənə biləcəyini qeyd edib. Onun sözlərinə görə, bu həm Azərbaycan, həm Türkiyə, həm də Avropa üçün önəmli inkişaf olacaq. Qeyd edək ki, avqustun 12-də Aktauda Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanmasından sonra türkmən qazının "Transxəzər" vasitəsilə "Cənub Qaz Dəhlizi"nə ötürülməsi aktuallaşıb. Konvensiyada göstərilir ki, sahilyanı ölkələr dənizin dibindən neft-qaz kəmərləri çəkə bilər və bunun üçün həmin kəmərlər hansı ölkələrin milli sektorlarından keçirsə onların razılığı lazımdır. Lakin bütün hallarda layihə digər sahilyanı ölkələrin ekoloji təftişindən keçməlidir və ətraf mühitə təsiri öyrəniləndən sonra onun həyata keçirilməsi mümkündür. Başqa sözlə, Konvensiyaya əsasən "Transxəzər"  qaz kəmərinin çəkilməsi üçün ilk növbədə Türkmənistan və Azərbaycanın razılığı lazımdır. Digər sahilyanı ölkələrin də ekoloji aspektdən öz razılıqlarını verməsi əvvəlki illərə nisbətən indi çətinlik doğurmur. Bu mənada, türkmən qazının  "Transxəzər"  vasitəsilə  "Cənub Qaz Dəhlizi"nə ötürülməsi yaxın tezlikdə tamamilə gözlənilən sayılır.  Amma bu olmasa belə, Azərbaycanın təbii qaz istehsalını artırması "Cənub Qaz Dəhlizi" ilə daha çox mavi yanacağın Avropaya ötürülməsini təmin edəcək. Bununla Azərbaycanın Avropanın enerji təhlükəsizylində rolunudaha da artıracaq. Eyni zamanda bu hal təbii qaz satışından ölkəmizin daha çox gəlir əldə etməsi deməkdir. Məlumat üçün bildirək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandan 4 milyard 631 milyon 59 min kubmetr təbii qaz ixrac olunub.Təbii qazın dəyəri isə 877 milyon 666 min dollar təşkil edib.

Təbii qazla yanaşı, Azərbaycanın neft satışından gəlirləri də artır. Artıq dünya bazarlarında neftimizin satış qiyməti 80 dolları keçib.  Fatih Birol isə qiymətlərin daha da artmasını proqnozlaşdırır. O hesab edir ki, bu ilin sonuna kimi qlobal neft bazarının kiçiləcəyinə dair narahatlıqlar var: “Artan tələbat və Venesuela kimi bəzi neft istehsalçısı ölkələrdə hasilatın səviyyəsindəki dəyişkənliklə əlaqədar ilin sonuna doğru qlobal neft bazarı kiçiləcək. Artıq bununla bağlı qəti fikir söyləmək olar. Son 6-7 ayda neft bazarında əhəmiyyətli 2 dəyişiklik baş verdi. Bunlardan birincisi neft tələbatının çox sürətlə artmağa davam etməsidir. İkincisi isə Vyana sazişi çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatına (OPEK) üzv ölkələr və Rusiyanın neft hasilatını müəyyən səviyyədə azaltmasıdır. Buna görə də neftin qiyməti ilə bağlı onsuz da bazarda müəyyən kiçilmə var idi. Həmçinin də geosiyasi proseslərin təsiri oldu. Burada 2 məsələyə diqqəti yönəltmək lazımdır. Birincisi ABŞ-ın İranla bağlı qərarları, ikincisi isə Venesueladakı proseslər. Bu 2 məqam neftin qiymətinin artmasına səbəb olur. Hazırda İran dünyanın beşinci böyük neft ixracatçısıdır və çox mühüm ölkədir. İranla əlaqədar sanksiyaların bazara necə təsiri olacaq bunu yaxşı analiz etməliyik. Venesuela da çox vacib ölkədir. Venesuelanın neft istehsalı çox tez azaldı. Məsələn, Huqo Çavez iqtidara gəldiyi zaman Venesuelanın neft hasilatı gündəlik 3,9 milyon barrel ətrafında idi. Hazırda bu göstərici sutkalıq 1,4 milyon barrelə düşüb və daha da azala bilər. Geosiyasi proseslərin enerji və neft bazarına təsiri “qara qızıl”ın qiymətinin təxminən 80 dollaradək bahalaşmasına səbəb oldu”.

Nahid SALAYEV

Son xəbərlər