19/11/2018 07:53
728 x 90

Prezident Əliyev Ermənistandakı antidemokratik proseslərin beynəlxalq müzakirələrə daşınmasına yeni təkan verdi...

“Cənab Prezidentin fikirləri Ermənistanda insan haqları ilə bağlı real vəziyyətin daha geniş tribunalarda müzakirəsi üçün tam əsas verir”

img

Samir Adıgözəlli: “Çox təəssüflər olsun ki, biz bəzi beynəlxalq insan haqları təşkilatlarının bu istiqamətdə passiv mövqeyilə üz-üzə gəlirik”

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in baş katibi Tomas Qremingerlə keçirdiyi görüşdə Ermənistanda demokratiya adı altında insan haqlarının kütləvi şəkildə pozulması hallarına, Ermənistanın baş naziri tərəfindən siyasi rəqiblərinin həbsi haqqında verdiyi göstərişlərə, Ermənistanda yeni diktatura rejiminin yaranmasına ATƏT-in biganə qalmaması ilə bağlı müraciət edib.

Maraqlıdır ki, məhz bu arada AŞPA-nın Monitorinq komissiyasında Ermənistanın məsələsinin müzakirə olunacağı ilə bağlı qərar qəbul olunub. Bu barədə Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin başçısı Arpine Hovannisyan öz "Facebook" səhifəsində yazıb. A.Hovannisyan bildirib ki, AŞPA siyasi məsələlər və demokratiya komissiyasının iclasında Ermənistandakı daxili siyasi vəziyyət və son zamanlar baş vermiş hadisələr müzakirə olunub: “Mən faktları, videomaterialları, məqalələri təqdim etdim. Həm də Milli Təhlükəsizlik Xidmətinin direktoru ilə Milli İstintaq Xidmətinin başçısı arasındakı telefon söhbəti də dinlənildi”, - deyə Hovannisyan qeyd edib. Söhbət Ermənistanda iki xüsusi xidmət orqanının - Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanla Xüsusi İstintaq Komitəsinin rəhbəri Sasun Xaçaturyan arasında telefon danışığından gedir. İnternetdə yayılmış bu danışıqların gerçəkliyi Ermənistan baş nazirinin komandası tərəfindən də inkar edilmir. Həmin danışıqdan güc strukturları rəhbərlərinin baş nazir Paşinyanın əmri ilə məhkəmədən keçmiş prezident Robert Köçəryan və Ermənistan ordusunun keçmiş baş qərargah rəisi, KTMT Silahlı Qüvvələrinin başçısı Yuri Xaçaturovun həbsi barədə qərar verməsini tələb etdiyi ortaya çıxır. Bu, keçmiş iqtidarın - Respublika Partiyasının Paşinyanı diktatorluqda günahlandırmasına imkan verib. Keçmiş prezident R.Köçəryan isə kinayə ilə Nikol Paşinyanı monarx elan etməyə çağırıb.

Göründüyü kimi, Prezident İlham Əliyevin Ermənistandakı daxili vəziyyətlə bağlı bildirdiyi fikirlər AŞPA-nın da mövqeyilə üst-üstə düşür. İlham Əliyevin ATƏT sədrinə verdiyi mesajlar Ermənistanda insan haqlarının ağır vəziyyətinin beynəlxalq tribunalarda daha da geniş müzakirəyə çıxarılmasının perspektivinə necə təsir göstərəcək? 

Dünya Azərbaycanlıları Konqresi icra aparatının rəhbəri Samir Adıgözəlli qəzetimizə açıqlamasında bildirdi ki, Ermənistandakı yeni rəhbərliyə beynəlxalq arenada böyük ümidlər bəslənirdi: “Xüsusilə də Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı onların əvvəlki hakimiyyətlərdən fərqli mövqe sərgiləyəcəyi gözlənilirdi. Ancaq təəssüflər olsun ki, bu gözləntilər özünü doğrultmur. Paşinyan Dağlıq Qarabağla bağlı həddindən artıq avantürist bəyanatlar verir. Ermənistanın daxilindəki davranışları da yeni hakimiyyətin təhlükəli idarəetmə metodu seçdiyini büruzə verir. Ermənistanda insan haqlarının pozulmasından beynəlxalq qurumlar da narahatlıq ifadə edirlər. Hətta bir sıra qurumlar həmin ölkədə monitorinqlərin bərpası ilə bağlı qərar veriblər. Bizimlə münaqişəsi olan ölkənin daxilində növbəti və daha sərt diktaturanın qurulması bizi ona görə narahat edir ki, Dağlıq Qarabağ probleminin həlli uzun müddətə konservləşdirilə bilər. Bu narahatlığı ölkə başçısı da ifadə etdi. Hesab edirəm ki, cənab Prezidentin fikirləri Ermənistanda insan haqları ilə bağlı real vəziyyətin daha geniş tribunalarda müzakirəsi üçün tam əsas verir. Çox təəssüflər olsun ki, biz bəzi beynəlxalq insan haqları təşkilatlarının bu istiqamətdə passiv mövqeyilə üz-üzə gəlirik. Amma onlar Azərbaycanla bağlı tam fərqli davranırlar. Hətta olmayan hadisəni belə şişirdərək, böyük “narahatlıq” ifadə edirlər. Mən anlamıram, Ermənistanda bundan başqa nə baş verməlidir ki, həmin təşkilatlar hərəkətə gəlsin? Biz praktikamızdan bilirik ki, insan haqlarının qorunması adı ilə fəaliyyət göstərən təşkilatların çoxu erməni diasporunun nəzarətindədir. Bu amil də məsələyə təsir edir. Buna baxmayaraq, biz də müxtəlif kanallarla Ermənistandakı vəziyyəti dünyanın insan haqları  təşkilatları və digər nüfuzlu qurumlarının diqqətinə çatdırmalıyıq. Çünki orada normal hakimiyyət qurulmayacağı təqdirdə, Dağlıq Qarabağ probleminin həlli üçün də heç bir perspektiv yoxdur. Bunun da yolu Paşinyan hakimiyyətinə təzyiq və pressinqlərdən keçir”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər