23/09/2018 03:24
728 x 90

Prezident Əliyev Qarabağ danışıqlarının bərpası üçün ATƏT baş katibinə təsirli mesaj verdi…

“Ümid etmək olar ki, həmsədrlər Azərbaycan Prezidentinin haqlı mövqeyindən nəticə çıxaracaqlar”

img

Nəzakət Məmmədova: “ATƏT doğrudan da sülhə nail olmaq istəyirsə…”

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in baş katibi Tomas Qremingeri qəbul edərkən onun nəzərinə çatdırıb ki, bizim üçün əsas məsələlərdən biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıdır.

Bu baxımdan, Prezident İlham Əliyev qeyd edib ki, Ermənistanın yeni baş nazirinin fəaliyyətə başladığı ilk günlərdən münaqişənin həlli ilə əlaqədar verdiyi ziddiyyətli bəyanatlar ən azı təəccüb doğurur. Xüsusilə “Azərbaycan qondarma “Dağlıq Qarabağ Respublikası” ilə danışıqlar aparmalıdır” tezisi qəbuledilməzdir. Bu onu göstərir ki, Ermənistan rəhbərliyi danışıqları pozmaq istəyir. Azərbaycanın işğal edilmiş rayonlarının guya qondarma “Dağlıq Qarabağ Respublikası”nın tərkib hissəsi olması kimi bəyanatları da Azərbaycan qətiyyətlə rədd edir və Azərbaycan ATƏT-i bu təhlükəli bəyanatlara reaksiya verməyə çağırır. Ümumiyyətlə, Azərbaycan tərəfində belə bir qənaət yaranıb ki, Paşinyan hər vasitə ilə danışıqlar prosesini pozmağa çalışır. Belə olan təqdirdə bunun bütün məsuliyyəti Ermənistan tərəfinin və şəxsən Paşinyanın üzərinə düşəcək.

Göründüyü kimi, Prezident ATƏT baş katibinin diqqətinə Paşinyanın danışıqlar prosesi ilə bağlı pozucu fəaliyyətini və bəyanatlarını çatdırıb. Prezidentin ATƏT sədrinə verdiyi bu mesajlar danışıqlar prosesinin bərpasın üçün necə rol oynaya biləcək?

Politoloq Nəzakət Məmmədova qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycan Prezidentinin bu mövqeyi çox doğru, düzgün, vaxtında verilmiş qərarın əyani təzahürüdür: “Paşinyanın məsuliyyətsiz bəyanatına verilmiş çox yaxşı cavabdır. Əslində, İlham Əliyevdən əvvəl ATƏT-in Minsk Qrupu həmsədrliyində təmsil olunan üçlüyün özü Paşinyana qarşı cavab bəyanatı verməli və bununla da heç olmasa sözdə ədalətli olduqlarını nümayiş etdirməli idilər. Lakin onların məqsədi ilk növbədə Qarabağ münaqişəsinin ədalətli həlli yox, özlərinin Cənubi Qafqazda geosiyasi maraqlarının təmin olunmasıdır. Bu məsələdə hazırda onlar arasında kəskin rəqabət hökm sürür. Buna görə də Minsk Qrupunun həmsədr ölkələrində bəzi qərarvermə mərkəzləri Ermənistanda möhkəmlənmək üçün onun qanunsuz siyasətinə, rəhbərliyinin verdiyi bəyanatlara göz yumur, susmağa üstünlük verirlər. Qərb ölkələri, o cümlədən Minsk Qrupuna daxil olan iki ölkə Ermənistanda öz mövqelərini möhkəmləndirmək istəyir, Rusiya isə artıq mövcud olan mövqelərini itirmək istəmir. Həmsədrlərin hər biri hazırkı şəraitdən öz geosiyasi, geostrateji maraq və mənafeləri naminə istifadə etmək istəyir”.

Nəzakət Məmmədovanın sözlərinə görə, bu səbəbdən də belə hallar təzahür edir, Paşinyan bu vəziyyətdən istifadə etməyə çalışaraq destruktiv bəyanatlar səsləndirir, onsuz da kövrək olan atəşkəsi müharibəyə çevirmək istəyir: “Bu, açıq-aşkar, neofaşist yanaşmasıdır. Onun dediyi "mən bu torpaqları xəyalımda Ermənistanın bir parçası hesab edirəm" fikirləri eynilə faşistlərin irəli sürdüyü "hər bir almanın yaşadığı torpaq bizim mənəvi sərhədlərimizdir" konsepsiyasının davamıdır. Böyük dövlətlər arasında yaşadığımız bu region uğrunda geosiyasi nüfuz savaşı davam etdikcə və ikili standartlar ədalət prinsipi ilə əvəz olunmadıqca, Minsk Qrupu həmsədrlərinin öz maraqları ATƏT qarşısında münaqişənin həlli ilə bağlı götürdükləri öhdəliklərdən daha üstün tutulduqca, Paşinyan bu cür cəfəng bəyanatlar verməyə davam edəcək. Minsk Qrupunun həmsədr dövlətləri arasında digər beynəlxalq məsələlərdə olduğu kimi, münaqişənin həllinə yanaşmada da ziddiyyətlərin olduğunu bilən və bu vəziyyətdən sui-istifadə edən Ermənistan bu cür bəyanatlar verir. Buna isə, hər zaman olduğu kimi, adekvat cavab yenə də yalnız Azərbaycan Prezidentindən gəlir, Minsk Qrupu susur. Həmsədr ölkələrdə bəzi siyasi dairələr Ermənistanın indiki iqtidarını hakimiyyətə elə özləri gətirib və onu himayə edirlər. Odur ki, onların Paşinyana cavab verməsini gözləmək də reallıqdan uzaq olardı. Lakin ümid etmək olar ki, həmsədrlər Azərbaycan Prezidentinin haqlı mövqeyindən nəticə çıxaracaqlar. Hər bir halda, Paşinyanın əsassız fikirlərinin danışıqlar prosesinə xələl gətirməsinin qarşısı alınmalıdır.  ATƏT doğrudan da sülhə nail olmaq istəyirsə, Ermənistan baş nazirinin deyil, konstruktiv mövqe tutan Azərbaycan Prezidentinin mövqeyinə üstünlük verməlidir”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər