18/11/2018 10:40
728 x 90

Paşinyan Moskvadakı erməni biznesmenləri necə qıcıqlandırdı...

“Erməni əsilli iş adamları Paşinyanın səriştəsiz və perspektivsiz siyasətçi olduğunu bildikləri üçün onu qəbul etmirlər”

img

Vüqar Rəhimzadə: “Bütün bunlar həm də onun yaramaz bir insan olduğunu ortaya qoyur”

 

Ermənistanın baş naziri Nikol Paşinyanın uğursuz Moskva səfəri bütün aspektlərdən özünü göstərir. Görünən odur ki, Rusiyada fəaliyyət göstərən hətta erməni əsilli iş adamları belə onu qəbul etmirlər. Belə ki, Ermənistanın “Joxovurd” qəzetinin verdiyi məlumata görə, Nikol Paşinyanın Moskvada erməni əsilli iş adamları ilə görüşü, mətbuatda yazıldığı kimi, mülayim və xoş ab-havada keçməyib.

Görüşdə bir sıra erməni əsilli biznesmenlər iştirak ediblər. Müşahidəçilərin dediyinə görə, həmin iş adamlarının bir çoxu görüşün ortasındaca tədbiri tərk etməli olublar. Bununla yanaşı, onlardan bir neçəsi baş nazirlə söhbət zamanı Ermənistana bir daha sərmayə qoymayacaqları ilə təhdid ediblər. Həmin iş adamları yeni iqtidarın özləri üçün başağrısı gətirdiyini və bu səbəbdən, həmçinin, dəmir barmaqlıqlar arxasına düşmək qorxusu ilə investisiya qoymaq həvəslərindən vaz keçdiklərini bildiriblər.

Xüsusilə “Troyka dialoq” investisiya şirkətinin rəhbəri, məşhur erməni bizsnesmeni və xeyriyyəçisi Ruben Vardanyan Paşinyanla olduqca aqressiv dildə danışıb. Vardanyan “yeni hakimiyyətin onun ayağını tapdaladığını” söyləyib. Məlum olur ki, Paşinyan iqtidarının Ruben Vardanyanın rəhbərlik etdiyi “Strateji təşəbbüslər mərkəzi”ni bağlamasını erməni biznesmen bağışlaya bilmir.

Bütün bunlar həm də onu göstərir ki, Ermənistandan kənarda yaşayan erməni əsilli iş adamları belə Paşinyanı ciddi qəbul etmir və onunla hesablaşmaq istəmirlər.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sözlərinə görə, Paşinyanın Moskva səfəri zamanı baş verənlər bir daha onun qeyri-ciddi siyasətçi olduğunu ortaya qoydu: “Bunun nəticəsidir ki, hətta Rusiyada fəaliyyət göstərən erməni əsilli iş adamları belə Paşinyanı ciddi siyasətçi kimi qəbul etmir və onun çağrışlarına ciddi yanaşmırlar. Bir növ ona ikrahla yanaşırlar. Çünki bütün mənalarda Paşinyan populist fəaliyyətlə məşğuldur. Bütün bunlar bir daha onun siyasətdən uzaq olduğunu göstərir. Ümumiyyətlə, Paşinyan müvəqqəti dövr üçün müəyyən vəzifə tuta bilər. Onun nə ağlı, nə savadı o səviyyədə deyil ki, ölkəni idarə edə bilsin və uzun müddət hakimiyyətdə qalsın. Ona görə də onun istər dövlət başçıları ilə, istərsə də iş adamları ilə görüşlərdə səsləndirdiyi fikirlər Paşinyanın səriştəsizliyini və naşılığını ortaya qoyur. Bütün bunların sayəsində onun hansı “qabiliyyətə” malik olması üzə çıxır. Erməni əsilli iş adamları Paşinyanın səriştəsiz və perspektivsiz siyasətçi olduğunu bildikləri üçün onu qəbul etmirlər. Bütün bunlar həm də onun yaramaz bir insan olduğunu ortaya qoyur. Ona görə ki, bu şəxs siyasətçi kimi qəbul olunmur və bütövlükdə proseslərə real yanaşma tərzi ortaya qoya bilmir. Ümumən partizan, cılız düşüncəyə malik olan bu şəxsdən artıq Ermənistan cəmiyyəti də bezib. Baxmayaraq ki, Paşinyan 4 aydır Ermənistana rəhbərlik edir. Ermənistan cəmiyyətində, xaricdə yaşayan ermənilər arasında ona qarşı münasibət birmənalı deyil. Hesab edirəm ki, bütün bunlar Paşinyan üçün yaxşı heç nə vəd etmir”.

Vidadi ORDAHALLI

Son xəbərlər