11/12/2018 02:50
728 x 90

Qarabağ məsələsində həmsədr ölkələr arasında beynəlxalq münasibətlər daha sürətlə Azərbaycanın lehinə dəyişir

img

Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra bu ölkənin xarici siyasətində kifayət qədər ciddi problemlərin meydana çıxması özünü qabarıq şəkildə büruzə verməkdədir. Burada diqqət çəkən məqamlardan biri həm də odur ki, İrəvan bu gün Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllində vasitəçilik edən həmsədr ölkələrin hər biri ilə də münasibətlərini pisləşdirməkdədir. Artıq məlum olduğu kimi, indi Rusiya-Ermənistan münasibətləri, faktiki olaraq, özünün ciddi böhran dövrünü yaşayır.

Erməni şərhçi Tevos Arşakyan qeyd edir ki, Rusiya ilə əlaqələri korlayan İrəvan Qərblə də münasibətlərində problem yaşayır. Onun sözlərinə görə, belə vəziyyət Ermənistan üçün ciddi çətinliklərə yol açır və bu hal Qarabağ konflikti kimi həyati vacib məsələlərdə Ermənistan üçün sarsıdıcı zərbələr deməkdir. Ekspert diqqəti buna yönəldir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşü istənilən nəticəni verməyib. O, Paşinyanı Putinin tələsinə düşməkdə və təcrübəsizlikdə ittiham edir. Tevos Arşakyan Paşinyanın xarici siyasət təcrübəsinin yoxluğuna diqqət çəkib: “Heç kimə sirr deyil ki, Paşinyanın xarici siyasət təcrübəsi yoxdur və bu, Ermənistana qəddar zarafata başa gəldi. Demək olar ki, Paşinyan hökuməti rusların məharətlə qurduğu tələyə düşdü və burada qazanan Moskva ilə Bakı oldu”. Erməni şərhçi qeyd edir ki, Paşinyan qaçaraq Putinin görüşünə getdi: “Daha sonra iki ölkə arasında münasibətlərin inkişafı haqqında bəlağətli bəyanatlar verdi. Halbuki, Paşinyanla görüşdən əvvəl Putin İlham Əliyevlə görüşmüşdü və həmin görüşdə 16 sənəd imzalanmışdı. Paşinyanla isə heç bir sənəd imzalanmadı. Əvəzində Putin Paşinyanı tələyə salaraq, onun Qərbə inteqrasiya siyasətinin qarşısını aldı”.

Bu arada o da bəlli olub ki, Qərbdə, konkret olaraq ABŞ-da Paşinyan iqtidarına qarşı qəzəbli mövqe formalaşır. Bunun nəticəsidir ki, Paşinyanı artıq ABŞ-da qəbul etmək istəmirlər. Məsələ ilə bağlı erməni mediası yazır ki, sentyabrın sonunda Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyasının açılışında iştirak etmək üçün ABŞ-a səfər edəcək. ABŞ prezidenti Donald Trampın həmin tədbirə qatılacağı gözlənilir. Amma  o da bildirilir ki, Tramp sessiya çərçivəsində Paşinyanla görüşdən imtina edib. Qeyd olunur ki, qərbpərəst Paşinyanın Rusiyaya mütəmadi səfərləri və bəzi addımları Qərbdə anlaşılmazlıq yaradıb. Belə ki, ABŞ ona əvvəlcədən xəbər edilmədən Rusiyanın təklifi ilə Ermənistanın Suriyaya “humanitar qoşun” göndərmək qərarının məğzini anlaya bilmir.  Həmçinin, Paşinyanın şəxsi göstərişi ilə rus mütəxəssislərin Ermənistandakı ABŞ laboratoriyalarına girişinə icazə verilməsi Vaşinqtonun xoşuna gəlməyib və Paşinyanın bu dərəcədə “sərbəstliyi” Qərbdə qıcıq doğurub. 

Xatırladaq ki, rəsmi İrəvan Ermənistanda fəaliyyət göstərən ABŞ laboratoriyalarına rus mütəxəssislərin girişi üçün icazə verib. Nikol Paşinyan Rusiyanın “Kommersant” qəzetinə müsahibəsində bu xüsusda bildirib:
“Təqribən 10-15 gün əvvəl mənim şəxsi göstərişimlə rusiyalı mütəxəssislər həmin laboratoriyalara buraxılıb. Biz əməkdaşlığa hazırıq və artıq rusiyalı mütəxəssislər əmin oldular ki, laboratoriyalarda qorxulu heç bir şey yoxdur. Həmin laboratoriyalar heç bir şəkildə Rusiyaya qarşı istifadə edilə bilməz”.
Onun sözlərinə görə, rus mütəxəssislərin ABŞ laboratoriyalarına girişi ilə bağlı heç vaxt problem olmayıb. 
Qeyd edək ki, Ermənistanda Amerikaya məxsus laboratoriyalar şəbəkəsinin bioloji materialların tədqiqatı ilə məşğul olduğu bildirilir. Lakin Moskvanın əlindəki etibarlı məlumatlara görə, Gürcüstan və Ukraynada da “uğurlu” fəaliyyət göstərən bu laboratoriyalar bioloji silah yaradılması üzərində işləyirlər. Rusiya laboratoriyaların ona qarşı təxribat məsədilə istifadə edilə biləcəyindən narahatdır. İndi rus mütəxəssislərin ABŞ laboratoriyalarına girişi Vaşinqtonda ciddi narazılıq yaradıb. Onu da bildirək ki, Ermənistanın hazırkı müdafiə naziri, əvvəllər NATO və ABŞ kəşfiyyatına işləmiş David Tonoyan ölkəsində Amerikaya məxsus biolaboratoriyalar şəbəkəsinin yaradılması üzrə layihənin koordinatorudur.  Yaranmış durumda Amerika tərəfi Paşinyana paritet tələbi irəli sürüb. Bildirilir ik, ruslara icazə verilirsə, Ermənistandakı Rusiya laboratoriyaları da ABŞ mütəxəssislərinə açıq olmalıdır. Etibarlı mənbələrdən əldə olunan məlumatlara əsasən, bütün bu ziddiyyətləri nəzərə alan Vaşinqton Trampın Paşinyanla sentyabra təyin olunan görüşünün baş tutmayacağını bildirib. 

Ermənistanın Minsk Qrupunun digər həmsədr ölkəsi olan Fransa ilə də əlaqələrində ciddi problem qeydə alınır.

Qeyd edək ki, tezliklə Nikol Paşinyan Fransaya səfər edəcək. Səfər barədə ilk xəbəri Fransa Erməni Təşkilatları Koordinasiya Şurasının (CCAF) həmsədri Murad Papazyan verib. O bildirir ki, Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronla sentyabrın 14-də görüşəcək. Amma maraqlısı odur ki, Nikol Paşinyanın Fransa səfəri əvvəldən nəzərdə tutulmayıb.  Digər tərəfdən xatırladaq ki, Paşinyan bu yaxınlarda Brüsseldə Makronla görüşmüşdü. Məsələ ilə bağlı “168 Jam” qəzeti yazır ki, Nikol Paşinyanın Parisə dəvət olunması doğrudan da gözlənilməz olub. Lakin belə bir məlumat sızıb ki, bu cür təcili və gözlənilməz səfər bu günlərdə Fransanın “Veolia Djur” şirkətinə qarşı başlanmış cinayət işi ilə əlaqədardır: “Fransa hakimiyyəti anlamağa çalışır ki, bizim hakimiyyətin bu cür iri fransız şirkətinə qarşı belə addımlar atmaqda məqsədi nədir və bu hal Makronun Ermənistana səfəri öncəsi baş verir. Xatırladaq ki, Polisin korrupsiya ilə mübarizə üzrə idarəsinin məlumatına görə, “Veolia Djur” İctimai xidmətlərin tənzimlənməsi üzrə komissiyanın sədri Robert Nazaryanı və daha yeddi məmuru ələ almaq üçün onlara İrəvan-Paris-İrəvan reysinə biletlər təqdim edib və bundan sonra suyun tarifi 11 dram – 180-dən 191 drama yüksəlmişdi. Paşinyan həqiqətən də buna görə Parisə yollanırsa, bu acı haldır. Bu cür məsələlər ən yüksək səviyyədə həll edilmir. Uzağı telefonla həll edilir. Ya Nikol Paşinyan hələ də öz səlahiyyətlərinin icrasına sözün əsl mənasında başlamayıb, ya da bu xalis yalandır. Cinayət işinin başlanmasını deyil, yalan deyəndə bu səbəbə görə Paşinyanın dəvət olunmasını nəzərdə tuturlar”. Nikol Paşinyanın son bir neçə ay ərzində yol verdiyi düşüncəsiz addımları nəzərə alsaq, erməni baş nazirin “xalça üstünə” çağırılması versiyası doğrudur.

Eyni zamanda, Ermənistan hökuməti ilə “Veolia Djur” arasında müqavilə var və həmin müqavilənin keçmiş hökumətlə imzalanması onu pozmaq hüququnun olması demək deyil. Bir neçə gün öncə “Veolia Djur”un baş direktoru Kristian Lefe bildirib ki, Ermənistan hakimiyyəti su tariflərini olduğu səviyyədə saxlamaq və bütün məsuliyyəti operatorun üzərinə qoymaq istəyir. Bundan az öncə isə Su Təsərrüfatı Dövlət Komitəsinin başçısı İnessa Qabayan deyib ki, tarif artmamalı, konsessiya haqqında müqaviləyə isə yenidən baxılmalıdır. Görünür, Fransa hiddətlənib ki, fransız biznesi Ermənistanda boğulmağa başlayıb. Onu da qeyd edək ki, bir neçə gün əvvəl Su Təsərrüfatı Dövlət Komitəsinin rəhbərliyi ilə görüşdə “Veolia Djur” bildirib ki, su tarifi qaldırılmalıdır və bu 2016-cı ildə təsdiqlənmiş konsessiya haqqında müqavilədə əksini tapıb. “Veolia” su şəbəkəsini 2017-ci ildə 15 il müddətinə qəbul edib. İndi Qərbpərəst Paşinyan hökuməti tərəfindən  Fransa biznesinin boğulması Parisi hiddətləndirir. “168 Jam” qəzeti yazır ki, bu halda Fransa Ermənistanla bütün istiqamətlər üzrə münasibətlərə yenidən baxa, onu meydanda tək qoya bilər. Bütün bunlar isə Paşinyan iqtidarının həm Rusiya, həm də Qərblə münasibətlərində ciddi problemlər yaşandığını göstərir. Bu o vaxtda baş verir ki, Azərbaycanın hər iki tərəflə əlaqələri yüksələn xətt üzrə inkiaşf edir. Təbii ki, belə vəziyyət, digər məqamlarla yanaşı, Qarabağ konfliktinin həlli istiqamətində də ölkəmizin mövqelərinin daha gücül hala gəlməsinə rəvac verir. Bunu rusiyalı politoloq Andrey Yepifantsev də təsdiq edir. O qeyd edir ki, Nikol Paşinyanın Qarabağ məsələsində mövqe və açıqlamaları da Minsk Qrupuna həmsədrlik edən dövlətlərdə narazılıq yaradır. Çünki bu açıqlamalar münaqişənin dinc müstəvidə həllinə ciddi zərbə vurur. O, belə durumun nə beynəlxalq hüquqa, nə də ATƏT-in Minsk Qrupu çərçivəsindəki danışıqların ruhuna uyğun gəldiyini deyib: “ATƏT-in Minsk Qrupunun üzvü olan ölkələr Paşinyanın Qarabağ məsələsində yeni tələbi ilə, çətin ki, razılaşsınlar. Onlar Paşinyanı yumşaq və diplomatik şəkildə yerinə oturmağa məcbur edəndə, İrəvanın mövqeyində bəzi korreksiyalar olacaq. Lakin hələlik bunun Ermənistanın daxilində necə qəbul ediləcəyi bəlli deyil. Xatırlatmaq istəyirəm ki, Paşinyanı inqilabi dalğa Qarabağla bağlı mövqeyi hər zaman sərt olduğuna görə yüksəyə qaldırdı. Bu, hər zaman ictimai fikrin xoşuna gəlib. İndi yaranan əsas sual Paşinyanı bu mövqeyini yumşaltmağa məcbur edəndən sonra ölkə vətəndaşlarının buna necə yanaşacaqlarıdır. Mənim fikrimcə, bu heç kim üçün yaxşı olmayacaq”.

Politoloq Paşinyanın danışıqlara separatçıların üçüncü tərəf kimi cəlb edilməsi barədə tələbinin də yaxşı qəbul edilmədiyini deyib: “Bu dəyişikliklər danışıqlar formulunun, ona yanaşmanın dəyişməsi deməkdir. Buna reaksiya isə mənfi olacaq. Hazırda Ermənistanda situasiya çox çətindir. Onun Moskva ilə münasibətləri problemlidir, Qərblə sürətli yaxınlaşmaq ideyası isə alınmayıb. Paşinyan çalışır ki, çox incə oyun oynayaraq, həm Qərblə yaxınlaşsın, həm də Moskvadan uzaqlaşmasın. Bu isə mümkün deyil. Digər tərəfdən Azərbaycan beynəlxalq münasibətlərdə, Avropa bazarına enerji daşıyıcılarının tədarükündə vacib halqa olaraq qalır. Belə şəraitdə İrəvan necə öz mövqeyini danışıqlarda yaxşılaşdıra bilər? Paşinyanın nə isə bacaracağına inanmıram”. Bütün bunlar, öz növbəsində, Qarabağ məsələsində beynəlxalq vəziyyətin daha sürətlə Azərbaycanın lehinə dəyişdiyini göstərir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Son xəbərlər